Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:51

Milli Kitabxananın direktoru: 'Heydər Əliyev də Cümhuriyyətə xidmət edib'


K.Tahirov
K.Tahirov
AzadlıqRadiosunun arxivindən (4.5.2018)

Keçmiş Mədəniyyət və Turizm Nazirliyi Milli Kitabxana ilə birgə kitabxanalar üçün Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı metodik tövsiyələr hazırlayıb.

Burda «Azərbaycan Xalq Cümhuriyyəti haqqında görkəmli şəxsiyyətlərdən sitatlar» adlı bölmə də var. Həmin bölmədə mərhum prezident Heydər Əliyevdən 11, onun oğlu, indiki dövlət başçısı İlham Əliyevdən üç, ölkənin Birinci xanımı, Birinci vitse-prezidentdən bir və Məmməd Əmin Rəsulzadədən... cəmi bir sitat yer alıb.

Rəsulzadədən niyə bir sitat?

Milli Kitabxananın direktoru, professor, əməkdar mədəniyyət işçisi Kərim Tahirov AzadlıqRadiosuna deyir:

- Birincisi, Rəsulzadədən bir sitat verilməyib, orda bir neçə yerdə sitat verilib. İkincisi də, bunun davamı olacaq, bu, metodik vəsaitdir, tövsiyədir. İkincisi də, AXC ilə bağlı 600-səhifəlik biblioqrafiya hazırlayırıq. Bu gün - sabah çap olunacaq. Yubileyə kimi çıxacaq. Onun içində başdan-ayağa Rəsulzadənin, onun silahdaşlarının əsərləri yer alıb. Burda Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və başqalarının çox geniş biblioqrafiyası olacaq. Orda onlardan sitatlar da, əsərlərinin adları da, əsərlərinin əlifba göstəricisi, predmet göstəricisi, əsərlərinin başlıqları da yer alacaq. O olacaq əsl vəsait. Ondan bütün Azərbaycan yox, hamı istifadə edəcək. Siz dediyinizsə metodik vəsaitdir. Xahiş edirəm, siz çap olunacaq biblioqrafiyanı nəzərə alın. Bu çap olunacaq deyə, birincini qısa etmişik. Narahat olmayın. Bu, kiçik vəsait olduğundan sitat da az gedib, amma 600-səhifəlik biblioqrafiya onlara həsr olunacaq.

- Konkret «Azərbaycan Xalq Cümhuriyyəti haqqında görkəmli şəxsiyyətlərdən sitatlar» bölməsindəki 16 sitatdan biri AXC liderlərinə məxsusdur. Digərlərinin sitatlarına isə rastlamırıq. Səbəbi nədir?

- Bir şeyi nəzərə alaq ki, Rəsulzadə bu işi qurub yaradıb. Onun özü haqda sitat deməsi nə dərəcədə düzgündür? Məmməd Əmin Rəsulzadə haqda, Cümhuriyyət haqda sitatları bizlər deməliyik. Biz yox ey. Görkəmli şəxsiyyətlər Heydər Əliyev, İlham Əliyev, Yaqub Mahmudov, kimlərsə deməlidir ki, Cümhuriyyət budur. Adam özü haqda sitat deməz. Amma onun sözünü bəlkə beş yerdə vermişik: «Bir kərə yüksələn bayraq bir daha enməz», sonra şeiri vermişik... Yəni qurub yaratdığı haqda insan özü danışmamalıdır, başqaları danışmalıdır, xidmətləri qeyd olunmalıdır. Biz də bunu fikirləşib belə addım atmışıq. Bəlkə səhv edirəm? Amma məncə, onun haqqında prezidentin, Heydər Əliyevin fikirləri daha çox olmalıdır, nəinki Rəsulzadənin. İnsanın öz işi haqda danışması, nə bilim... Siz o vəsaitə baxmısınızsa, orda Rəsulzadənin adı azı 50 yerdə çəkilir. Ondan müxtəlif yerlərdə 10-12 sitat verilib.

- Həmin bölməni çıxsaq, metodik vəsaitdə Rəsulzadədən cəmi üç sitat verilib. O sitatlardan biri də təkrardır: «Bir kərə yüksələn bayraq bir daha enməz». Heydər Əliyevdənsə daha iki-üç sitata və adına daha çox yerdə rastlamaq olur. AXC qurucuları kənarda qalır və meydan Əliyevə verilir. Niyə?

- Bilirsiniz, Heydər Əliyev bizim xalqın qəlbindədir. Xalqın qəlbindən onu çıxarmaq olmaz. Heydər Əliyev Cümhuriyyət abidəsinin ucaldılması ilə bağlı sərəncam verdi. Bunu ucaltdırdı. O da Cümhuriyyətə xidmət edib. Bu, onun tarixə ehtiramıdır. Biz onu da qeyd etməyə bilmərik, axı. Cənab prezident o boyda sərəncam verib, yüzilliyin qeyd olunması ilə bağlı. Bunlar hamısı qeyd olunmalıdır, bu tarixdir. Yüz il sonra qaldıranda deyilməlidir ki, AXC haqda ilk sərəncamı Heydər Əliyev verib, onun abidəsinin ucaldılması, yubileyinin keçirilməsi haqda sərəncam imzalayıb. Cənab İlham Əliyev özü yüzilliklə bağlı ayrıca sərəncam imzalayıb. Yüzilliyi UNESCO-dan belə, Frankfurtda, İstanbulda, Ankarada, Turində keçirəcəyik. Cümhuriyyət müstəqil Azərbaycanın özülüdür, hər şey oradan gəlib. Ordunun, güc qurumlarının qurulması, hətta Milli Kitabxana yaradılma fikri də Cümhuriyyət dövrünə təsadüf edir. Bunu etiraf edirik, bunu inkar edə bilmərik. Amma bir az səbirli olun, biblioqrafiyada görəcəksiniz ki, bunlar haqda nə qədər material gedir.

- Yeri gəlmişkən, Kərim bəy, Cümhuriyyətlə bağlı yetərincə araşdırma aparılıbmı?

- Yetərincə ədəbiyyat var. Bu yetərli olmasaydı, 600-səhifəlik biblioqrafiya hazırlamaq olmazdı.

- Amma araşdırmaçı Nəsiman Yaqublu deyir ki, həmin dövr daha çox araşdırılmalı, xüsusən də xaricdəki arxivlərdən daha çox material əldə edərək çap etmək lazımdır.

- Elə Nəsiman Yaqublu özü kifayət qədər xaricdən material gətirib, çap etdirib. İndi təzə kitabı da çıxmalıdır. Tarixçilər, alimlər işləyirlər, gedib gətirirlər. Bu iş yavaş-yavaş olur, zamana bağlıdır. Birdən-birə çətindir.

- Belə fikirlər var ki, AXC-nin yüzillik yubileyi ölkədə layiqincə qeyd olunmur, bu ab-hava duyulmur.

- Mən onunla qəti razı deyiləm. Bu gün AXC-nin yüzilliyi... Nə qədər vaxt var. İndidən tədbirlər keçirilir, xarici ölkələrdə səfirliklərimiz keçirir, ölkədə qeyd olunur, kitablar çap edilir. Necə hiss olunmur? Kim deyir? Bizim qəzetlərin elə nömrəsi yoxdur ki, Xalq Cümhuriyyəti ilə bağlı orda bir məqalə getməsin. Özü də fundamental məqalələrdir. Vilayət Quliyevin, Şəmistan müəllimin, sonra... Rəsulzadə haqda yazır, yaşlı kişidir...

- Şirməmməd Hüseynov?

- Bəli, Şirməmməd müəllim, Nəsiman Yaqublu nə qədər yazır. Biz Milli Kitabxanada ayrıca guşə düzəltmişik, tədbirlər keçiririk, vaxtaşırı kitabları dəyişirik. Bu işə böyük hazırlıq gedir. Cümhuriyyətin yüzilliyi hər saat olan yubiley deyil. İnşallah vaxt yaxınlaşdıqca, tədbirlər lap çoxalacaq. Deməzdim ki, yüzillik sönük keçir. Onu deyənlərin Azərbaycan reallığından xəbəri yoxdur, mətbuatı izləmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG