Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:46

Ədalət Tahirzadə: 'Meydanda olanlar Bəxtiyar Vahabzadədən narazılıq etdilər'


Ədalət Tahirzadə
Ədalət Tahirzadə

«Orda hamı eyni cür çıxış etmirdi ki. Məsələn, Meydanın əvvəlindəki Nemət Pənahovla sonrakı Nemət Pənahov və elə indiki Nemət Pənahov 360 dərəcə fərqliydi. Orda nə görmüşəm onu da yazmışam, nə artırmışam, nə də əskiltmişəm».

AzadlıqRadiosu 29 il öncə noyabrın 17-də başlanan «19 günün dastanı»nı- Meydan hərəkatını, az qala, saatbasaat yazan «Meydan: 4 il 4 ay» kitabının müəllifi Ədalət Tahirzadə ilə söhbətləşib.

Ədalət Tahirzadə: 'Meydanın əvvəlindəki Nemət Pənahovla sonrakı Nemət Pənahov 360 dərəcə fərqliydi'
Gözlə

No media source currently available

0:00 0:07:27 0:00
Direct-ə keçid

– Mən tək o günləri yazmamışam. İlk mitinqdən – fevral mitinqindən qeydlər götürməyə, yazmağa başlamışam. Bakıda ilk mitinqiydi fevral mitinqi, Azadlıq meydanında başladı, sonra camaat getdi Prezident Aparatının qabağına... Mən bilirdim ki, bunu heç kim yazmayacaq. Çünki sovet dönəmiydi, sovet mətbuatı idi. Orda da yazmışam, əgər bir mitinq, bir nümayiş güllələnmədisə, deməli, xalqın tarixində yeni bir era başlayır. Çünki sosialist dövlətlərinin hamısında, o cümlədən də bizdə də ona qədərki bütün nümayişləri gülləylə susdurmuşdular. O dövrdən başladım qeydlər aparmağa. Mən sevinirəm ki, o 19 günlə bağlı qeydlər ən geniş şəkildə məndədir. Bilmirəm KQB, yəni DTK bunu yazırdı, ya yazmırdı. Əminəm ki, yazılırdı. O vaxt 26-lar rayonunda bir hesabatla tanış oldum, müqayisə edəndə onlardan daha dəqiq, daha geniş yazdığımı gördüm.

– Siz kitabda ən adi detalları belə qeyd etmisiniz, kimlər gəldi, kimlər ərzaq gətirdi, kimlər meydanda qaldı, kimlərin mitinq iştirakçıları sözünü kəsdi, gecə nə qədər insan qaldı, hansı məsələyə görə mübahisə etdilər və s. Necə çatdırırdınız bu qeydləri aparmağı?

– Baş verənləri dəftərcələrə yazırdım, kitabdakılar hamısı dəftərcələrdəki qeydlər əsasında hazırlanıb. O dönəmdə də yazmaq çətiniydi. Şəkil çəkmək çətiniydi, diktofon işlətmək çətiniydi. Neçə dəfə məni yarımçıq aparıblar ki, sən nə yazırsan? Şübhələnirdilər ki, bu, erməni agenti ola bilər. Qabaqlar mən «Elm» qəzetinin redaktoru olmuşdum. Cibimdə onun vəsiqəsi var idi. O vəsiqəni göstərəndə həm hərbçilər məndən əl çəkirdi, meydana girib-çıxmaq sərbəstiydi, həm də növbətçilər mənə dəyib-dolaşmırdılar.

– Ədalət bəy, kitaba salmadığınız qeydlər, hadisələr varmı? Tutalım, düşünmüsünüz ki, bu, həmin Meydan hərəkatına, mübarizəyə kölgə sala bilər.

– Vallah, nə görmüşəm yazmışam. Necə deyərlər, seçim olmayıb. Kitabın əvvəlində də yazmışam, mən təhlilçi deyiləm, heç nəyi təhlil etməmişəm, yeganə məqsədim hadisələri təsvir etmək olub. Bunun mahiyyətini isə gələcəkdə təhlilçilər təhlil edərlər. Ən əsas odur ki, əldə təhlil üçün material olsun. Mən nə görmüşəm, nəyi eşitmişəm onu da yazmışam. «Bunun ziyanı, ya xeyri ola bilər» deyə seçim etməmişəm.

Şair Qabil, yazıçı İsmayıl Şıxlı, şair Xəlil Rza Ulutürk, professor Tağı Xalisbəyli (ayaq üstə) və şair Bəxtiyar Vahabzadə meydanda
Şair Qabil, yazıçı İsmayıl Şıxlı, şair Xəlil Rza Ulutürk, professor Tağı Xalisbəyli (ayaq üstə) və şair Bəxtiyar Vahabzadə meydanda

– Kitabda Bəxtiyar Vahabzadəylə bağlı bir hadisəni də yazmısınız. Səhv etmirəmsə, noyabrın 18 və ya 19-da Vahabzadənin mitinqdə ovaxtkı birinci katib Vəzirovla danışdığını, Topxanada ağacların deyil, «kol-kos»un qırıldığını söylədiyini yazmısınız.

– Bəli, doğrudur.

– Bir qədər sonra mitinq iştirakçılarının şairin çıxışından narazılıq etdiyini də qeyd edirsiniz...

– Doğrudur, orda olanlar Bəxtiyar Vahabzadədən narazılıq etdilər. İndi bilirsiniz hər şey olur, bir hərəkət xoşa gəlmir, biri də gəlir. Orda hamı eyni cür çıxış etmirdi ki. Məsələn, Meydanın əvvəlindəki Nemət Pənahovla sonrakı Nemət Pənahov və elə indiki Nemət Pənahov 360 dərəcə fərqliydi. Orda nə görmüşəm onu da yazmışam, nə artırmışam, nə də əskiltmişəm.

– Sizcə, Bəxtiyar Vahabzadəni bu cür danışmağa, Vəzirovu dəstəkləməyə vadar edən nə oldu? O, həmin vaxt dediklərinin səmimiliyinə inanırdımı?

– Mən dünyasını dəyişmiş insanlar haqda danışmağı sevmirəm. Bəxtiyar müəllim bu xalqın çox böyük oğludur, həyatını xalqın azadlığına fəda etmiş insandır. Orda nə isə olub, mən də yazmışam. Onu müzakirə etməyi çox da uyğun saymıram.

– O zaman həyatda olanlar haqqında danışaq. Orda Hatəmi Tantəkinin dediklərinə də yer vermisiniz, ona istinadla yazırsız ki, Hökumət Evinin deputat otağında dövlət adamları Sabir Rüstəmxanlıya və Nemət Pənahlıya nə dedilərsə, artıq mitinqin dağılmasına çalışırdılar. Siz özünüz də bu dəyişiklikləri müşahidə edirdinizmi? Hatəmi bəyin iddia etdiyi kimi, adıçəkilən şəxslər dövlət tərəfindən ələ alınmışdımı?

– Mən nə yazmışam, üstündə də dururam. İndi... O zaman yazdıqlarımın heç biri yadımda deyil. Aradan təxminən 20-25 il keçib.

– Artıq 29 il olur.

– Olanlar artıq yadımdan çıxıb. Amma həmin dönəmdə həqiqəti yazdığıma əminəm.

– Yazdıqlarınıza görə sonra sizdən inciyən ya irad tutan oldumu?

– Mən heç bir irad, tənqid görməmişəm. Yazdıqlarıma heç kim etiraz edə bilməyib. Çünki saatıyla, dəqiqəsiylə yazılıb, gördüyümü yazmışam. Əksinə, Sabir Rüstəmxanlı da, başqaları da deyirlər ki, hər şey yadımızdan çıxmışdı, sənin kitabından öyrənirik ki, biz nələr etmişik, nələr söyləmişik, nələr danışmışıq.

Lenin meydanında mitinq. 1989
Lenin meydanında mitinq. 1989

– Həmin vaxt meydanda ən müxtəlif şüarlar, ən müxtəlif tələblər səslənirdi, hətta SSRİ-nin rəhbəri Mixail Qorbaçovun meydana gəlməsi tələbi də qoyulmuşdu. Nə baş verdi ki, meydandakılar ölkə rəhbərliyinə meydan oxumağa başladılar?

– Qorbaçovun «yenidənqurma»sının təsiriydi. Ona qədər xalq görmüşdü ki, şüar səsləndirəni ya türməyə salırlar, ya dəlixanaya, ya da qəzaya. Bunlardan heç biri olmadı və düşündülər ki, deməli, həqiqətləri demək olar. Azadlıq meydanını milyon insan doldururdu, bəzən bir təşkilatdan bir yerdə minlərlə insan gəlirdi. Hamı bir yerdə olanda cəsarətli olacaq və istənilən şüarı da səsləndirəcək. Mənim gözümün qabağında tanklar çəkilib gedib. Tanklar xalqdan qorxub. Tank xalqdan çəkinib dala durubsa, xalq nədən qorxmalıdır?

– Həmin günlərdə başlıca tələblərdən biri də Vəzirovun meydana gəlməsi idi. Sizcə, o meydana gəlsəydi, hadisələrin axarı dəyişə bilərdimi?

– O xalqın qarşısına çıxdı da. Birbaşa verilişdə danışdı. Oradan birbaşa yayım oldu. İş orasındadır xalqın istədiyini demədi.

– O, fərqli danışa bilərdimi, bəlli ssenaridən kənara çıxması mümkünsüzüydümü?

– Şəxsəm mən buna inanmıram, hadisələrin istiqamətini dəyişə biləcəyinə inanmıram. Onun bircə missiyası vardı: Ermənistandan gələnləri Qarabağa yerləşdirmək. Tarixi missiya idi. Amma bunu da etmədi. Bununla da tarixdəki müsbət rolunu heçə endirdi.

– Gələn il bu hadisələrin 30 ili tamam olacaq. 19 günü meydanda olan Ədalət Tahirzadə bütün ziddiyyətləriylə bir yerdə həmin dönəmi necə dəyərləndirir?

– Azərbaycan tarixində ən şərəfli dönəm kimi qiymətləndirirəm. O dönəmin iştirakçıları Azərbaycan xalqının qəhrəmanlarıdır. Allah Elçibəyə, Hatəmiyə rəhmət etsin. Sabir Rüstəmxanlı o dövrün qəhrəmanlarından olub, meydanı idarə edənlərdəniydi, eləcə də Sirus Təbrizli, Allah ona da rəhmət etsin. Meydan hərəkatı xalqın tarixinə qızıl hərflərlə yazılıb.

– Ənvər Əliyevin (Dirçəliş gününün qəhrəmanlarından biri, «Meydan sirləri» kitabının müəllifi) adını çəkmədiniz.

– Ənvər bəy iki gün meydanda qaldı. Hərəkatı başlayan odur, adını çəksək də, çəkməsək də adı tarixdədir. Ənvər bəyə böyük hörmətim, böyük xidməti var, bu hərəkat onun adıyla bağlıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG