Bakının bəzi parkları kənardan göz oxşayır - par-par parıldayır. Amma elə ki, mərmərin üstünə ayaq basdın...
Qışda sürüşüb üzü üstə yerə dəyə bilərsən, yayda isə kölgəsində oturub dincəlməyə ağac tapmaya bilərsən.
Bakı sakini Nazim Qasımov paytaxtın mərkəzindəki Qış parkının qonşuluğunda yaşayır. Amma deyir bu parkda bir saat olsa belə oturub istirahət etdiyini xatırlamır. İstər qış olsun, istər yay - fərq etməz – hər fəsildə bu park istirahətə yaramır deyir.
Onun sözlərinə görə, burdakı kafedə də nadir halda müştəri görmək olar. Çünki günün istisində heç kəs qızmış mərmərin üstündəki masalarda əyləşmək istəmr.
Paytaxt Bakıda Nazim Qasımov kimi əksər sakinləri razı salmayan bu cürmərmər döşəməli parklar nə birdir, nə iki. Həmsöhbətlərimiz deyir ki, hər yeni park salındıqca ağacların, yaşıllıqların deyil də, mərmərlərin çoxalması yayda bir dərddir, qışda bir dərd. Gah istisinə dözə bilmirsən, gah da sürüşüb yıxılmayasan deyə yolunu bu parklardan yan salırsan.
Buna da bax: 100 yaşlı tut ağacına görə 550 manat cərimə
Parklarda yaşıllıq bol olsun, ya ki mərmər? Bu barədə qərarı kim qəbul edir? Sən demə bununla bağlı ölkənin normativ sənədi də var. Dövlət tikinti normalarına görə, hər şəhər sakininə 7-10 kvadrat metrlik park düşür, parklara qədər olan məsafə isə 15-20 dəqiqədən artıq olmamalıdır. Şəhər parklarının sahəsi 15 hektardan az olmamalıdır. Bu zaman park, bağ və bağçaların azı 70% ərazisi yaşıllıq olmalıdır.
Bəs Bakıda parklar salınarkən bu qaydalar nə dərəcədə nəzərə alınır? Bu suala Bakı Şəhər İcra hakimiyyətindən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən cavab almaq cəhdlərimiz alınmadı.
Ekoloq Telman Zeynalovsa düşünür ki, istər parklara döşənən mərmər olsun, istərsə də xaricdən gətirilən ağac və kollar – bütün bunlar “estetik zövq” adı altında bir məqsədə xidmət edir – dövlət büdcəsindən pulların mənimsənilməsinə. Ekoloqa görə, nəticədə isə zərbə təkcə büdcəyə dəymir.
Rəsmi qurumlardan parklarla bağlı korrupsiya iddialarına cavab ala bilmədik. Amma sözügedən qurumlar bir qayda olaraq bu cür iddiaları rədd edirlər.
Buna da bax: Xalq şairi prezidentin adının bu qədər əbədiləşdirilməsini yersiz sayır