Keçid linkləri

2017, 18 Noyabr, şənbə, Bakı vaxtı 01:04

«Bir dəfə möhkəm külək əssə, ağaclar kökündən qopub evin üstünə düşəcək. Deyirlər, özbaşına kəssən, gəlib cərimələyərik».

Ağstafanın Yenigün kənd sakini, 1-ci qrup əlil Vüqar Məmmədov evinin qarşısındakı bir neçə çinar ağacının əlində qalıb. O, AzadlıqRadiosunun «Qaynar xətt»inə danışır ki, yerli ekologiya şöbəsi əlilə nə ağacı kəsməyə imkan verir, nə də özü tədbir görür.

Əlilin sözlərinə görə, dörd ağacdan biri bu yaxınlarda kökündən qoparaq evin qarşısındakı hasarın, həyətdəki hinin və tövlənin üstünə çöküb, hamısını dağıdıb. Üstəlik, yüksəkgərginlikli elektrik naqilləri də qırılaraq günlərlə yerdə qalıb. İndi də üç ağac qırılıb evin üzərinə çökməyə hazır vəziyyətdədir:

«Bu ağaclar həyatımıza hər an təhlükədir. İllərdir ki, yerli ekologiya şöbəsi ağacı kəsməyə imkan vermir. Deyir, kəssən, gəlib cərimələyəcəyik. Ağacların sağı da, solu da yüksəkgərginlikli elektrik naqilləridir. Ağaclar qırılsa, naqillər adamların başına düşəcək».

QAZANC YERİ?

Əlil ekologiya şöbəsi ilə bərabər yerli bələdiyyəyə və Fövqəladə Hallar Nazirliyinin regional şöbəsinə də müraciət edib. Ancaq hər iki qurumdan məsələni yerli ekologiya şöbəsi ilə çözməsini bildiriblər.

Eyni problemlə Qəbələ sakini Mədət Həsənov da qarşılaşıb. O, «Qaynar xətt»ə müraciət edib ki, yerli ekologiya şöbəsi evinin qarşısındakı kökündən qopmaqda olan ağacları kəsməsinə izn vermir:

Çinarlar
Çinarlar

«Qonşuda bir tut ağacı vardı, ağacın yaşı 100-ü ötmüşdü. Kəsdi qoydu yerə, qaça-qaça gəldilər, protokol yazıb 550 manat cərimələdilər. Bu da ekologiya şöbələri üçün bir qazanc yeri olub. Həyətimdəki ağacı kəsə bilmirəm ki, gəlib hər ağaca görə filan qədər cərimələyəcəklər. Ancaq belə, məsələn, ciblərinə bir az rüşvət basıb kəsə bilərəm. Deyirəm, «gəlin, baxış keçirin, protokollaşdırın, kəsim, getsin». Günü günə satırlar».

«EHTİYAC VARSA, MÜTLƏQ KƏSİLƏCƏK»

Bakıda – Keşlə qəsəbəsində Mirzə İbrahimov küçəsində həyətinə giriş-çıxışı əngəlləyən iydə ağacını kəsmək istəyən Zahid Xəlilov günlərlə yerli ekologiya şöbəsiylə danışıqlar apardıqdan sonra ağacı kəsə bilib. O, buna görə yerli ekologiya şöbəsinə rüşvət verdiyini bildirir.

«Qaynar xətt»in müxbiri həm Ağstafanın, həm də Qəbələnin ekologiya şöbələri ilə əlaqə yaradıb. Hər iki şöbədən vətəndaşların əlaqə nömrələri götürüldükdən sonra bildirilib ki, yaxın günlərdə ünvanlara gedərək ağaclara baxış keçiriləcək və protokollaşdırılacaq. Kəsilməyə ehtiyac olsa, kəsiləcək:

«Əgər ağaclar ətrafa əngəl, təhlükə yaradırsa, kəsilməsinə ehtiyac olarsa, mütləq kəsiləcək. Ancaq belə bir şey də var - gənc və həmişəyaşıl ağaclardırsa, kökündən çıxarılaraq başqa yerdə də əkilə bilər».

Ekologiya şöbələrindən şikayətçilərin rüşvətlə bağlı dedikləri də təkzib olunub.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG