Ölkədə baramaçılığın inkişafı, regionların kreditləşdirilmə vəziyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti başçısına silahlı basqın və başqa məsələlər medianın aparıcı mövzularındandır...
“İcra başçısı xalqın yanında olmalıdır”
"Modern.az“ saytında “İcra başçıları niyə mühafizəçi gəzdirməlidir, onlar xalqın yanında olmalıdır” sərlövhəli yazı oxumaq olar.
Müəllif iyulun 3-ü, axşam saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizəçisi Qasım Aşbazova silahlı hücum barədə deputat Fəazil Ağamalının düşüncələrinə yer verib.
Buna da bax: Rəsmi açıqlama: Gəncənin icra başçısı və mühafizəçisi, hər ikisi xəstəxanadadır
“Gəncədə baş vermiş hadisəyə təəssüf edirəm. Baş vermiş hadisəni hüquq-mühafizə orqanları mütləq araşdıracaq və məsələnin mahiyyəti ortaya qoyulacaq”. F.Ağamalı bildirib.
Amma deputata görə, məmur vətəndaş münasibətləri bu həddə çatdırılmamalı idi.
F.Ağamalı baş vermiş olay fonunda icra başçılarının cangüdənlə gəzməsinə də mövqe bildirib:
“İcra başçısı xalqın yanında olmalıdır. Onun yanında mühafizəçinin nə işi var? İcra başçısı xalqın içində olmalıdır. Əgər, icra başçısı mühafizəçi ilə gəzirsə, işdən evə xüsusi polis maşınları ilə müşayiət olunursa, bu, başadüşülən deyil. Düşünürəm ki, burada incə məsələlər var. Hadisənin üzərində xüsusi dayanmaq istəməzdim. Hər halda, hadisəninnəticələrini gözləyək”.
F.Ağamalı deyib ki, dövlət məmuru hətta cinayətkarın özü ilə də elə davranmalıdır ki, o,belə addım atmasın:
“ Dövlət məmurunun da bacarığı, qabiliyyəti elə ondadır ki, bu cür hallara yol verməsin. Düzü, buna xüsusi şərh vermək istəməzdim”.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısına və cangüdəninə sihalı hücumla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb.
Regionların kreditləşdirilməsində problem
“Novoye Vremya” qəzetində “Fermerlər kreditsiz “yaşaya” bilməyəcəklər” səlrövhəli yazı yer alır.
Yazıda bildirilir ki, qeyri-neft sektorunun inkişafına kredit qoyuluşunda problem var:
“Ölkə regionlarının kreditləşdirilməsi illik müqayisədə 106,1 milyon manat və ya 4,8 faiz azalıb. Ölkə üzrə bu il iyunun 1-nə 2,114 milyard manat təşkil edib. Ümumi kreditləşdirilmədə regionların payı 17,7 faizdir. Kredit ödənişinə görə, 22,8 olmaqla ən yüksək illik faiz Aran iqtisadi rayonundadır”.
Yazıda qeyd edilir ki, belə mənzərə təsadüfü deyil. Müəllifin fikrincə, neftin qiymətinin ən yüksək vaxtlarında belə regionların kreditləşdirilməsinin yaxşılaşdrılması arzu olaraq qalıb:
“İqtisadi və bank böhranı sadəcə kreditləşdirilmə ilə bağlı vəziyyəti bir qədər də çətinləşdirdi. Bu isə qeyri-neft sektorunda yüksək ntəicələrə nail olan fermerlərin maliyyə durumlarının yaxşılaşdırılrması vəziyyəti üzərindən xətt çəkir. Regionlar və fermerlər kreditsiz “yaşaya” bilməyəcəklər. Hətta kreditləşdirilmənin ən cüzi azalması belə onların vəziyyətini pisləşdirir”.
Yazıda qeyd olunur ki, belə vəziyyət yaranmasına səbəb bankların ilk növbədə qazanclarını düşünməsidir. Yazıda vurğulanır ki, banklar fermer təsərrüfatlarını yox, iri biznesi maliyyləşdirirlər.
Müəllif hesab edir ki, qeyri-neft sektorunda ixrac artımı dövlət büdcəsindən maliyyələşdirilmə hesabına olub, banklar regionların kreditləşdirilməsi kimi vəzifənin öhdəsindən gələ bilmirlər:
“Onlar üçün manatın dollara məzənnəsi məsələsində oynamaq və kredit üzrə yüksək faizlərlə möhtəkirlik etmək daha asandır”.
Müəllif habelə hesab edir ki, Mərkəzi Bankın müəyyən etdiyi faiz dərəcəsi də maliyyələşdirmənin və regionların kreditləşdirilməsinin aşağı səviyyədə olmasına doğuran amillərdəndir .
Baramaçılığın inkişafı
“Azərbaycan” qəzetində isə “Proqnozlar doğrulur” sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, son illə baramaçılığın inkişafı ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdən biridir.
Yazıda qeyd edilir ki, Qax rayon kümçüləri 2016-cı ildə 3,8, 2017-ci ildə isə 12,5 ton barama istehsal ediblər.
Müəllif məhsuldarlığın artırılmasından ötrü seleksiya-damazlıq işlərinin təşkili məqsədilə Qax Damazlıq İpəkçilik Stansiyasının bərpa edildiyini bildirir:
“Əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təhciz olunmasına ayrılan 4,5 milyon manat vəsait hesabına ildə 1,2 ton ipəkqurdu toxumu istehsal ediləcək. Bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsi demıkdir”.
Yazıda qeyd edilir ki, müqavilə əsasında Çindən 13 min qutu ipəkqurdu toxumları alınıb.
Müəllif habelə vurğulayır ki, baramaçılıq və ipəkçilik Şəki rayonunda isə tarixi ənənəyə malikdir. 2017-ci ildə barama istehsalı bu rayonda 18 min tona çatıb. Bu da 2015-ci il ilə müqayisədə istehsalın 90 dəfə artması deməkdir.
Yazıda qeyd edilir ki, Şəki İpək Kombinatı fəaliyyətin bərpa etməklə 600 nəfəri işlə təmin edib.
Yazının sonunda da oxuyuruq:
“Baramaçılıq üzrə xarici təcrübə ciddi öyrənilir, müasir texnologiyalar tətbiq edilir. Yeni emal səhələrinin yaradılması, maddi-texniki bazanın gücləndirilməsi və ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində araşdırmalar aparılır. Bu işə xarici ekspertlər cəlb edilir, ipək məhsullarının ixrac imkanlarının genişləndirilməsi öyrənilir. Bir sözlə, belə qənaətə gəlmək mümkündür ki, hazırda 700-dən çox kənddə baramaçılıqla məşğul olurlarsa, bu, onu göstərir ki, həmin sahəyə böyük maraq var”