Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 19:14

Ekspert: 'Manat real məzənnəsini tapsa...'


İqtisadçı Rəşad Həsənov
İqtisadçı Rəşad Həsənov

İqtisadiyyat mütəxəssisi Rəşad Həsənovun fikrincə, xarici ticarətdə yaranmış müsbət saldo manatı qorumağa yetməz

Ötən il istər idxal, istərsə ixrac baxımından Azərbaycanın xarici ticarətində azalma baş verdi. Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, idxalda təxminən 700 milyon dollarlıq (7.6%) azalma yaşandı. İxracat daha çox azalıb - təxminən 2.3 milyard dollar (28%). İlin yekununa görə, xarici ticarət balansında 610 milyon dollarlıq artıq yaranıb. Ancaq tədiyə balansı metodologiyası ilə hesablansa, xarici ticarət balansında müsbət saldo daha çoxdur. Hər halda bu da manatı qurtara bilməyib. Manatın məzənnəsinin qorunmasında uzun illər məhz xarici ticarətdəki müsbət saldo mühüm rol oynayıb. İndi bu göstərici dəfələrlə azalıb. Bəs, belə vəziyyətdə manatı ona təzyiqlərdən qorumaq mümkün olacaqmı? İqtisadçı ekspert Rəşad Həsənov AzadlıqRadiosu-na müsahibəsində bu və bənzər sualları cavablamağa çalışıb.

Buna da bax:​ Elman Rüstəmov: 'Nağd pula olan tələb vaxtında ödənilməlidir'

– Rəşad bəy, ötən il xarici ticarətdə yaranan müsbət saldo manatı qorumaq baxımından nə dərəcədə yetərlidir?

– Bu suala cavabı valyuta bazarlarında axtarmaq lazımdır. 2016-cı ildə manat 12%-dən çox dəyərsizləşdi. Deməli, xarici ticarətdə yaranmış 4.2 milyardlıq müsbət saldo (tədiyyə balansı metodologiyası ilə - red.) yetməz. Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ilə tədiyə balansında 5 milyard dollarlıq kəsir proqnozlaşdırıb. Elə olacaqsa, ticarət balansı müsbət 9 milyard olardısa, ötən ili Azərbaycandan ötrü məqbul saymaq mümkün idi. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, xarici ticarət saldosu 2011-ci ildə 24.7 milyard, 2012-ci ildə 24.5 milyard dollar olduğu halda, 2016-cı ildə bundan 6 dəfə az olub.

– Hökumət idxalın əvəzlənməsi və qeyri-neft ixracının artırılması hədəflərinə niyə çata bilmir?

– İdxalın əvəzlənməsi və ixracın artımı üçün qısamüddətli revanşlar gözləmək sadəlövhlük olar. Çünki bu günədək qeyd edilən istiqamətlərdə ciddi addımlar atılmayıb, köklü baza yaradılmayıb. Ölkə iqtisadiyyatı bütövlükdə iri neft pullarının xərclənməsi mexanizmini xatırladıb. "Pul çoxdur, nə lazımdırsa, ala bilirik" fikri hər sahədə hakim olub. İndi durum dəyişib, pul azalıb. Amma faktik olaraq, real istehsal müəssisələri də yoxdur. Rəqabətqabilliyyətli məhsullar buraxılmır, mövcud istehsal böyük həcmdə idxaldan asılıdır. Bu da maya dəyərini bahalaşdırır və yerli alıcılığın azalması fonunda istehsal mühitini pisləşdirir. Hazırda müəyyən addımlar atılır, ixrac, istehsal subsidiyalaşdırılır, Azərbaycan brendinin təbliği və s. baş verir. Ancaq ölkə iqtisadiyyatını idxaldan xilas edib, ixracı artırmaq üçün kompleks islahatlarla yanaşı, uzun müddət lazımdır.

Buna da bax: Dolların satış qiyməti psixoloji həddə yaxınlaşır [video]

– Xarici ticarətdə müsbət saldo olsa da, tədiyə balansında böyük həcmdə kəsir var. Bu kəsir olduğu müddətcə valyuta bazarında necə sabitlik ola bilər?

– Tədiyə balansında kəsir olduğu müddətcə valyuta bazarlarında sabitlik mümkün deyil. Axı əslində, tələb və təklif bir-birinə adekvat olmur. AMB-nin proqnozu nəzərə alınmaqla, son iki ildə tədiyə balansının kəsiri 17 milyarda yaxındır. Bu isə, təbii ki, manat üzərində təzyiq formalaşdırıb və 58% ucuzlaşan mili valyuta dünyanın ən zəif performanslı valyutalarından birinə çevrilib. Qeyd edilən istiqamətdə defisit və bundan qaynaqlanan məzənnə riskləri 2017-ci ildə də gözlənilir.

Buna da bax:​ Əhalinin çörəyə tələbatı artıb

– Bugünkü hərracda dollar yenidən dəyər qazandı. Neft Fondundan AMB-yə vəsait ayrılması açıqlananda, bəzi ekspertlər deyirdi ki, bu, manatın məzənnəsini nisbətən sabitləşdirəcək. Ancaq son hərraclar da göstərir ki, bu, belə deyil...

– Neft Fondundan transfert valyuta bazarlarında AMB-nin manevr imkanlarının artması kimi qiymətləndirildi. Lakin faktik olaraq, valyuta bazarlarında təklif tələbə uyğun deyil, eyni zamanda üzən məzənnə rejiminə keçid zamanı sərt dalğalanma gözlənilirdi ki, məhz bu risklər məlum informasiya ilə zəiflədildi. Manat real məzənnəsini tapmadığı müddətcə dəyərsizləşmə davam edəcək. Hazırki ralli 1 ABŞ dolları = 2 manat səviyyəsinədək davam edəcək. Ancaq manat kütləsinin azlığı və eyni zamanda iqtisadi fəallığın zəifliyi psixoloji həddin keçilməsini mümkünsüz edəcək. İlin ikinci yarısında manat yenidən dəyərsizləşməyə başlayacaq. Bu müddət ərzində AMB valyuta bazarlarına maksimum az intervensiya edəcək və ehtiyatları qorumaq cəhdi daha çox gözə dəyəcək.

XS
SM
MD
LG