Fevralın 27-də Macarıstan və Slovakiya Ukraynada "Drujba" neft kəmərinin zədələnməsini araşdırmaq üçün birgə komitə yaratmağa razılaşıblar. Onlar Kiyevi komitəyə çıxış imkanı verməyə, kəmərlə Rusiya neftinin nəqlini bərpa etməyə çağırıblar.
"Drujba" ilə Macarıstan və Slovakiyaya tədarük yanvarın 27-də dayandırılıb. Bu iki ölkə Avropa İttifaqında (Aİ) hələ də Rusiya neftini idxal edən ölkələrdir. Tədarükün kəsilməsi Budapeşt və Bratislavanı alternativ mənbələr axtarmağa, dövlət ehtiyatlarından istifadəyə vadar edib.
Ukrayna Avropanın Rusiyadan yanacaq alışını dayandırmasını istəyir. Kiyev bildirir ki, kəmər Rusiyanın dron zərbəsindən zədələnib, təmir işləri mümkün qədər sürətlə aparılır.
Amma Macarıstan və Slovakiya uzunmüddətli fasiləyə görə Kiyevi, prezident Volodimir Zelenskini günahlandırır. Rusiyanın dörd il öncə Ukraynanı tammiqyaslı işğal etməyə başlayandan qonşular arasında ən ciddi mübahisələrdən biri yaşanır.
Macarıstanın baş naziri Viktor Orban fevralın 27-də Facebook-da bildirib ki, Kiyev neft axınını siyasi səbəblərlə dayandırıb. Onun sözlərinə görə, Slovakiyadan həmkarı Robert Fitso ilə birlikdə kəmərin vəziyyətini müəyyən etmək üçün "araşdırma komitəsi" yaratmağa razılaşıblar.
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) məsələyə şərh verməyib.
Apreldə seçkiyə gedən Orban bir gün öncə Aİ Şurasından xahiş edib ki, ziyanı dəyərləndirmək üçün faktaraşdırıcı missiya ayırsın.
Zelenski isə Fitsonu bütün mövcud məsələlərin müzakirəsindən ötrü Ukraynaya dəvət edib. Xəbəri "Reuters" Zelenski administrasiyasına istinadla yayıb.