ABŞ Macarıstanda tikilən yeni atom elektrik stansiyası (AES) bloklarını sanksiyalardan azad edib. Tikinti ilə Rusiyanın "Rosatom" korporasiyası məşğuldur.
Dövlət katibi Marko Rubionun sözlərinə görə, bu qərar Macarıstanın enerji təhlükəsizliyini təmin etmək məqsədilə qəbul olunub: "Onlar stansiyanı tamamlamalıdır. Layihəni Rusiya şirkəti hazırlayıb və həyata keçirir, biz isə onun başa çatdırılmasını istəyirik".
Rubio Vaşinqtonun Rusiyadan Macarıstana enerjidaşıyıcıların tədarükünü sanksiyalardan azad etmək qərarına da toxunub. Deyib ki, bu tədarüklər Rusiyanın ixracatının əhəmiyyətsiz hissəsidir.
"Macarıstanın isə bütün idxalı, demək olar, bundan ibarətdir. Bu tədarüklər dayansa, onlar üçün ciddi destabilizasiya amilinə çevrilər", – Rubio əlavə edib.
Macarıstanın baş naziri Viktor Orban noyabrın əvvəlində Vaşinqtona səfər edib. Onun əsas məqsədlərindən biri Rusiyadan Macarıstana enerji ixracına və AES-in tikintisinə ABŞ sanksiyalarının ləğvinə nail olmaq idi.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2024-cü ildə Macarıstana idxal olunan neftin 86 faizi Rusiyanın payına düşür. Bu enerji mənbəyinin itirilməsi ölkə ÜDM-sinin 4 faiz azalmasına səbəb ola bilər.
7 noyabr
Orban deyir ki, Tramp Macarıstana Rusiya neftini almağa icazə verib
ABŞ Macarıstanı Rusiyaya qarşı sanksiyalar siyahısından çıxaracaq, - bunu Macarıstan baş naziri Viktor Orban ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra bildirib.
""Türk Axını" və "Drujba" boru kəmərləri məsələsində onlara sanksiyalardan immunitet verildi. Bu, ümumi və daimi istisnadır", - o, jurnalistlərə deyib.
Liderlər həmçinin "Pakş" Atom Elektrik Stansiyasına (AES) sanksiyaların ləğvi barədə razılığa gəliblər. Onun üçün möhlət dekabrda bitməli idi.
Macarıstan baş nazirinin sözlərinə görə, tərəflər nüvə enerjisi sahəsində də razılaşma imzalayıblar. Budapeşt Amerikanın "Westing House" şirkətindən nüvə yanacağı alacaq, Macarıstanda kiçik modul AES-lər tikiləcək.
+++
ABŞ Macarıstanı Rusiyadan neft aldığına görə mümkün sanksiyalardan azad etmək imkanını araşdırır. Bunu ABŞ prezidenti Donald Tramp Ağ evdə Macarıstan baş naziri Viktor Orban ilə danışıqlardan əvvəl deyib.
Trampın sözlərinə görə, Macarıstanın dənizə çıxışı olmadığı üçün "Rusiyadan başqa bir yerdən neft və qaz alması çox çətindir". "Lakin bir çox Avropa ölkəsinin bu problemi yoxdur və onlar Rusiyadan neft və qaz alırlar", - o vurğulayıb.
Orban isə Rusiyadan neft tədarükünün həyati məsələ olduğunu söyləyib: "Boru kəmərləri ideoloji və ya siyasi məsələ deyil. Bu, fiziki reallıqdır, çünki, prezidentin izah etdiyi kimi, bizim limanımız yoxdur".
Oktyabrın sonlarında ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft şirkəti - "Rosneft" və "Lukoil"a sanksiyalar tətbiq edib və bunu Moskvanın "sülh prosesinə ciddi maraq göstərməməsi" ilə əlaqələndirib. Rusiya hakimiyyəti Qərbin sanksiyalarını qanunsuz sayır.
Orban Trampın Avropadakı əsas müttəfiqlərindən biri hesab olunur.