Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:23

Maaşınızın azlığına görə robotları günahlandırmayın


Robot insanlar arasında
Robot insanlar arasında

Mütərəqqi fikirli insanlar texnoloji fatalizmə düçar olmamalıdırlar. İqtisadçı Paul Krugmanın “The New York Times” üçün yazdığı köşə yazısının əsas mesajı budur.

Robotları maaşların aşağı olmasının səbəbi kimi görən insanların sayı çoxdur. Onlar düşünürlər ki, maşınlar yaxşı işləri və hətta adi işləri də ələ keçirir. Çox zaman bu hamının bildiyi həqiqət kimi qəbul olunur. Bu yanaşmanın siyasi müzakirələrə real təsiri var. Məsələn, universal baza gəliri ilə bağlı təbliğatın çox hissəsi robot apokalipsisinin iqtisadiyyatı ələ keçirməsindən sonra iş yerlərinin daha da azalacağına inamdan qaynaqlanır.

Siyasət və gücə bağlı məsələ

Müəllif iddia edir ki, hər kəsin bildiyi bu “həqiqət” əslində, doğru deyil. Gələcəklə bağlı proqnozlar sərt olsa da, son 20 ildə amerikalı işçilərin üzləşdiyi problemlərin əsas səbəbkarı avtomatlaşma olmayıb.

“Bizim böyük problemimiz var, ancaq onun texnologiya ilə çox az, siyasət və güclə isə çox əlaqəsi var”, – Krugman yazır.

Robot nədir? İqtisadi nöqteyi-nəzərdən robot əvvəllər insanın gördüyü işi texnologiyanın köməyilə görən nəsnədir. Bu mənada robotlar əsrlərlə iqtisadiyyatımızı dəyişdiriblər. İqtisadiyyat elminin əsasını qoyan alimlərdən biri, David Ricardo hələ 1821-ci ildə maşınların pozucu təsirindən yazırdı!

Tətbiq olunan yeni texnologiyalar kömür mədənçiliyini kökündən dəyişib. 1950 – 2000-ci illər arasında hasilat iki dəfəyədək artıb. Ancaq həm də kömür mədənçilərinin sayı 470 mindən 80 minə qədər azalıb.

Gəmiçilikdə konteyner daşımalarına nəzər salsaq, əvvəllər liman şəhərlərində bu işlə məşğul olan adamların sayı çox idi. Ancaq 1970-ci illərdən bəri ümumdünya ticarəti artsa da, ABŞ-da karqo daşıma işləri görən işçilərin sayı 2/3-yə qədər azalıb.

Demək, texnoloji pozuculuq yeni fenomen deyil. Bəs görəsən, o böyüyürmü? Rəqəmlər bunu deməyə əsas vermir.

İşçi məhsuldarlığı və əməkhaqqı nisbəti

Texnoloji dəyişiklik köhnə söhbətdir. Yeni olansa işçilərin texnoloji dəyişikliyin məhsullarından bəhrələnə bilməməsidir.

Dəyişikliklə üzləşmək asan deyil. Kömür mədənçiliyində iş yerlərinin azalması ailələrə çox ciddi mənfi təsir göstərib. Liman şəhərlərində əl əməyi tələb edən iş yerlərinin itirilməsi isə 70-ci və 80-ci illərin şəhər böhranlarının dərinləşməsinə təsir edib.

Matilda Humanoid robotu (Çexiya)
Matilda Humanoid robotu (Çexiya)

Texnoloji inkişafın hər zaman qurbanları olsa da, 1970-ci illərədək yüksələn məhsuldarlıq əksər işçilərin məvaciblərinin artmasına yol açırdı. Sonralar bu əlaqə pozulub. Bunu edənsə robotlar deyil.

Bəs, bu niyə baş verib? Belə bir fikir mövcuddur ki, maaşların durğunluğuna təsir edən əsas amil işçilərin sövdələşmə gücünün azalmasıdır. Bununsa kökləri tamamilə siyasidir. İqtisadçılar bu fikir ətrafında tam olmasa da, get-gedə artmaqda olan konsensusa gəliblər.

ABŞ-da son yarım əsrdə işçi məhsuldarlığı 150% artsa da, bu müddətdə inflyasiyanı nəzərə alsaq, federal minimal əməkhaqqı 1/3- dək azalıb. Səbəbsə tamamilə siyasidir.

Amerikanı fərqli edən...

1973-cü ildə ABŞ-da həmkarlar ittifaqları özəl sektorda çalışan işçilərin ¼-ni əhatə edirdi. Bu günsə bu göstərici sadəcə 6%-dir. Bu, ilk baxışdan siyasi görünməyə bilər. Ancaq başqa ölkələrdə belə bir azalma qeydə alınmayıb.

Bu gün Kanadada həmkarlar ittifaqları ABŞ-da 1973-cü ildəki göstəricilər səviyyəsindədir. Skandinaviya ölkələrində həmkarlar ittifaqları işçi qüvvəsinin 2/3-ni əhatə edir. Amerikanı fərqli edən işçilərin təşkilatlanmasına son dərəcə mənfi, həmkarlar ittifaqlarını dağıdan işəgötürənlərə isə müsbət yanaşan siyasi mühitdir.

Müəllif hesab edir ki, həmkarlar ittifaqlarının zəifləməsi böyük fərq yaradıb. Əvvəllər yaxşı iş sayılan yük maşını sürücülərinin qazancı bu gün 1970-ci illərdəkinin 1/3-i qədərdir. Üstəlik iş şəraiti də dəhşət doğurur. Səbəb nədir? Həmkarlar ittifaqlarının dağılması əsas səbəblərdən biridir.

Bu amillər Amerika siyasətində işçilərə qarşı qərəzin sadə indikatorlarıdır.

Krugman hesab edir ki, robotlar haqda bu qədər çox danışılmasının səbəbi də diqqəti sistemin işçilərə qərəzindən yayındırmaq taktikasıdır.

İqtisadçının fikrincə, mütərəqqi fikirli insanlar bu sadəlövh fatalizmə uymamalıdırlar. Amerikalı işçilər indikindən daha çox qazana bilərlər və qazanmalıdırlar. Qazanmamaqlarının səbəbi isə robotlar yox, siyasi liderlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG