Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:35

Lukashenkanın zarafatı: ‘Qoy Rusiya Belarusun tərkibinə daxil olsun’


Vladimir Putin (solda) və Alyaksandr Lukashenka
Vladimir Putin (solda) və Alyaksandr Lukashenka

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, bu yaxınlarda enerji daşıyıcılarının qiymətlərinə dair danışıqlarda Rusiya tərəfi ona Belarusun Rusiyanın tərkibinə daxil olmalı olduğuna dair eyhamlar vurub.

Belarus prezidenti bu cür birləşmənin mümkünlüyünü dəfələrlə rədd edib.

O deyib ki, buna nə belaruslar, nə də ruslar razılaşar.

Son vaxtlar Rusiya mediası, habelə Bloomberg Rusiyanın və Belarusun birləşdirilməsinin - Vladimir Putinin hakimiyyətini uzatmağın yollarından biri olduğunu yazırdı.

Rəsmən nə Moskva, nə də Minsk belə bir birləşmənin müzakirə olunduğunu təsdiq edirlər.

“Orda kiminsə ürəyindən bir ölkə olmaq keçir...”

Rusiya prezidenti Vladimir Putin və başqa Rusiya rəsmiləri ilə bu yaxınlarda keçirdiyi danışıqlar barədə Lukashenka Gomel vilayətinə səfəri zamanı məlumat verib.

O bildirib ki, əsas məqsədi Belarus üçün Rusiya daxilindəki neft və qaz qiymətlərinə nail olmaq idi.

Lukashenka deyib ki, Rusiya və Belarus Avrasiya İttifaqına daxil olduqlarından bu tamamilə məntiqlidir:

"Amma bizə deyirlər: “Biz ayrı-ayrı ölkələrik”. Yəni işarə edirlər ki, bir ölkə olmaq lazımdır. Amma Rusiya ilə bir ölkə necə olmaq olar? Yəqin eşitmisiniz, deyirlər: “Gəlin Belarusu Rusiyanın tərkibinə daxil edək”. Orda kiminsə ürəyindən bir ölkə olmaq keçir. Deyirlər ki, onda qiymətlər də eyni olacaq”.

Bu söhbətlər zamanı Lukashenka konkret olaraq Putinin adını çəkməyib. Onun sözlərinə görə Rusiya prezidentinin Belarusun birləşdirilməsi ilə hakimiyyətdə qalmaq planları yoxdur:

“Lap olsaydı belə. Biz iki il əvvəl şərtləşmişik: Belarusun Rusiyanın tərkibinə daxil olması mümkün deyil. Amma mən zarafat eləmişəm: Vahid dövlət mümkündür. Əgər Rusiya Belarusun tərkibinə daxil olsa və Belarus prezidenti bu vahid dövlətin başçısı olsa...”

Belarus prezidenti deyib ki, bütün bunlara baxmayaraq iki ölkə arasında inteqrasiya barədə danışıq lar davam edir.

O deyib ki, burada söhbət yalnız iqtisadi inteqrasiyadan gedir. Tərəflər qərara gəliblər ki, hakimiyyətin vahid orqanlarının yaradılmasına dair məsələni müzakirə etməsinlər.

Lukashenka hansı müharibədən danışır?

Rusiya və Belarus arasında inteqrasiya son bir il ərzində çox müzakirə olunub.

Bəzi kütləvi informasiya vasitələri bildirirdilər ki, vahid ittifaq dövlətinin ümumi hakimiyyət orqanlarının yaradılması və Belarusun öz suverenliyini faktiki olaraq itirməsi müzakirə edilir.

Lukashenka ötən il ərzində dəfələrlə deyib ki, öz ölkəsinin müstəqillyindən əl çəkməyəcək, amma o eyni zamanda müharibənin mümkünlüyü barədə xəbərdarlıq edib. Belarus prezidenti bu mümkün müharibədə kimin təcavüzkar olacağını deməyib.

İnteqrasiya barədə sənədlər imzalanmayıb və üstəlik yeni ilin əvvəllərindən Moskva və Minsk arasında enerji daşıyıcılarının qiymətlərinə və rüsumlarına görə mübahisə yaranıb.

Belarus nefti və qazı Rusiyadan alır. İki ölkə arasında əldə olunmuş son razılaşmaya görə Moskva Minskə qazı 2019-cu ilin qiymətləri ilə satacaq.

Neftə gəlincə isə, Belarus onu Rusiyadan yalnız dünya bazarı qiymətləri ilə ala biləcək.

XS
SM
MD
LG