Keçid linkləri

Təcili xəbərlər
2019, 08 Dekabr, bazar, Bakı vaxtı 01:20

Ukrayna və Belarus prezidentləri ‘Rusiyanın əleyhinə zarafat’ ediblər


Alyaksandr Lukashenka (sağda) və Volodymyr Zelenskiy Jitomirdə görüşüblər

Oktyabrın 4-də Jitomir şəhərində Ukrayna və Belarus prezidentləri arasında görüş olub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Volodymyr ZelenskiyAlyaksandr Lukashenka iki xalq və iki dövlət arasında münasibətləri yüksək qiymətləndiriblər. Lukashenka bu münasibətləri “qardaş münasibətlər” adlandırıb:

"Bizim heç vaxt Belarus ərazisi və Belarusla bağlı problemimiz olmayıb. Sizin də heç vaxt belə bir probleminiz olmayacaq. Biz həmişə ən yaxşı və ən etibarlı tərəfdaş olacağıq”.

Zelenskiy deyib ki, onun fikrincə bütün ukraynanlılar qonşu ölkə ilə yaxşı münasibətlərindən qürur duyurlar.

O yarızarafat, yarıciddi bildirib ki, belaruslar ruslardan daha çox ukraynalılara bənzəyirlər.

Ukrayna prezidentinin sözlərinə görə, bunu həm də “əziz qonaqların soyadları göstərir”.

Görünür, Zelenskiy Lukasenka-nın soyadındakı “ka” (Ukraynada “ko”) sonluğunu nəzərdə tuturdu.

Lukashenka bunu da bildirib ki, bəziləri onun Zelenskiy ilə dostluq etməsinin Rusiyaya qarşı olduğunu düşünə bilərlər.

Zelenskiy bunun cavabında “siz bundan utanmayın, Aleksandr Grigoryevich” deyib.

Hərçənd Ukrayna prezidenti dərhal da zarafat etdiyini bildirib.

Belarus lideri isə deyib ki, o heç kimlə nə mübahisə, nə də müharibə etmək istəmir.

Zelenskiy özünün Telegram kanalında yazıb ki, Ukraynanın ərazi bütövlüyü məsələsində tutduğu mövqeyə və Donbasda sülhün bərqərar edilməsi üçün yardım təklifinə görə Belarusa təşəkkür edir.

Minskdə hazırda Rusiya, Ukrayna və ATƏT-dən ibarət “üçtərəfli kontakt qrupunun” görüşü keçirilir.

Lukashenka bu yaxınlarda Rusiya-Ukrayna sərhədində Belarus sülhməramlılarının yerləşdirilməsini təklif etmişdi.

Bu məsələlərin Jitomir görüşündə müzakirə olunub-olunmadığı məlum deyil.

Zelenskiy görüşdən sonra deyib ki, Belarusun hakimiyyət orqanları bu ölkədə məhbus olan Ukrayna jurnalisti Pavel Sharoyko-nun bağışlanması barədə qərar qəbul edib.

Jurnalist casusluq ittihamı ilə 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.

Öz növbəsində Ukraynada Belarus vətəndaşı Yury Politika sərbəst buraxılıb. O da casusluqda ittiham olunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG