Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:17

Litva naziri Rusiyanı Ukrayna tənzimləməsində ən böyük əngəl adlandırıb


Linas Linkevicius

Litvanın xarici işlər naziri Linas Linkevicius deyib ki, özünü bu uzun münaqişədə “neytral tərəf” kimi təqdim etməsinə baxmayaraq, Rusiya Ukraynadakı sülh prosesinin qarşısında ən böyük maneədir.

Noyabrın 5-də Praqada AzadlıqRadiosuna müsahibə verənnazir bildirib ki, Rusiya özünü neytral tərəf elan etsə də, bu münaqişənin iştirakçısıdır.

Linkevicius deyib ki, Moskva Ukraynadakı separatçılara “sizin razılaşma əldə etmənizə ehtiyac var və biz bu işdə sizə kömək edəcəyik” deyir, lakin münaqişə bölgəsində bunların tam əksi baş verir.

Ukrayna silahlı qüvvələri Rusiya tərəfindən dəstəklənən separatçılarla 2014-cü ilin aprelindən döyüşür. O vaxtdan bəri bu münaqişədə 13 min nəfər həlak olub.

Moskva separatçılara silah, təlim və canlı qüvvə ilə dəstək verdiyini dəfələrlə inkar edib. Lakin müstəqil müşahidəçilər, jurnalistlər və rəsmi monitorinqçilər bunun əksini göstərən çox sayda dəlil toplaya biliblər.

NATO və Avropa İttifaqının üzvü olan Litva Ukraynaya onun Rusiya ilə mübarizəsində dəstək verir. Litva bu məqsədlə Kiyevə hərbi avadanlıqla yardım göstərir.

Ukrayna, Rusiya, Fransa və Almaniyadan ibarət Normand dördlüyü Ukraynanın şərqindəki münaqişəyə son qoyulması məqsədilə yaradılıb.

Linkevicius müsahibəsində deyib ki, o münaqişəyə son qoyulmasını istədiyini deyən Ukrayna prezidenti Volodymyr Zelenskiy-nin səmimiyyətinə inanır.

Lakin Litva nazirinin fikrincə bu münaqişənin uğurla həll edilib-edilməyəcəyini demək çətindir.

Noyabrın 1-də Ukraynanın xarici işlər naziri Vadym Prystayko demişdi ki, Normand dördlüyü çərçivəsində danışıqların nə vaxt keçiriləcəyi Rusiyadan asılıdır.

Oktyabrın 29-da Ukrayna prezidenti Zelenskiy tezliklə danışıqlar üçün Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini demişdi.

Putinsə oktyabrın 30-da bildirmişdi ki, o Ukrayna, Fransa və Almaniya liderləri ilə görüşməyə hazırdır, amma belə bir görüş “əvvəlcədən yaxşı hazırlanmalı və münaqişənin çözülməsində konkret nəticələr verməlidir”.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG