Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 10:17

Kevin Speysiyə qarşı cinsi təcavüz iddiaları


Kevin Speysi
Kevin Speysi

Ötən həftə Britaniyada prokurorlar aktyor Kevin Speysiyə qarşı üç kişi ilə bağlı cinsi təcavüz ittihamının irəli sürülməsinə icazə veriblər. Prokurorların bu açıqlaması yayılarkən Kevin Speysi Nyu-Yorkda başqa bir iş üzrə məhkəmədə ifadə verirdi.

Britaniyanın Prokurorluq Xidməti dörd cinsi təcavüz və bir "şəxsin icazəsi olmadan cinsi əlaqə" ittihamı üzrə işin başlanması üçün tapşırıq verdiyini bəyan edib.

30-40 yaşlı qurbanlar

İddia olunan insidentlərin 2005-ci ilin martı ilə 2008-ci ilin avqustu arasında Londonda, bir hadisənin isə 2013-cü ilin aprelində İngiltərənin qərbində baş verdiyi bildirilir. Hadisələrin qurbanı olduğu iddia edilən şəxslər hazırda 30-40 yaşlarındadır. Hələlik, polis rəsmi ittiham irəli sürməyib.

Britaniyada "ittihama icazə verilməsi" Speysiyə qarşı cinayət işinin başlanması deməkdir. Polis hazırda Britaniyada olmayan Speysiyə qarşı başqa bir tarixdə rəsmi ittiham irəli sürüləcəyini bildirib. Speysi Britaniyaya qayıtmasa, prokurorluq onun ekstradisiyası proseduruna başlaya bilər.

Partidə təcavüz ittihamı

62-yaşlı ikiqat "Oskar" mükafatı laureatı Speysi 2019-cu ildə bir neçə kişinin cinsi təcavüz iddiası ilə bağlı Britaniya polisi tərəfindən dindirilib. "House of Cards" serialının keçmiş ulduzu 2004-2005-ci illərdə Londonun "Old Vic" Teatrına rəhbərlik edib.

Speysi 1995-ci ildə "The Usual Suspects" filmindəki roluna görə "ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında "Oskar"a layiq görülüb. 1999-cu ildə isə o, "American Beauty" filmindəki roluna görə "ən yaxşı baş rol ifaçısı" nominasiyasında "Oskar" alıb.

Ancaq 2017-ci ildə aktyor Entoni Reppin onu 1980-ci illərdə bir partidə təcavüz etməkdə suçlaması ilə ulduzun karyerası yarıyolda kəsilib. Hadisənin baş verdiyi iddia olunan dövrdə Repp hələ yeniyetmə olub. Speysi bu ittihamları rədd edir.

Speysi ötən həftə Nyu-Yorkda məhkəmədə Reppin şikayəti üzrə başlanmış işlə bağlı ifadə verib. Aktyor mobil telefonla danışaraq məhkəmə zalını tərk edərkən jurnalistlərin suallarına cavab verməyib.

Britaniyada irəli sürülən ittihamlar da məhkəmə dinləmələri zamanı Reppin vəkilləri tərəfindən qısaca xatırlanıb. Fasilə zamanı müxbirlər bununla bağlı Speysinin vəkillərinə suallar versələr də, heç bir cavab almayıblar.

Bir cinayət işinə xitam verilib

Speysiyə qarşı açılmış başqa bir cinayət işinə isə 2019-cu ildə Massaçusets prokurorluğu tərəfindən xitam verilib. Bu ittiham Nantaket kurortunda 18-yaşlı kişiyə nalayiq toxunuşla bağlı idi.

Ötən həftə Nyu-York şəhərində keçirilən məhkəmədə Speysi "House of Cards" serialının çəkilişi üçün Baltimora köçdüyünü və hazırda da, əsasən, orada yaşadığını deyib. O, "Old Vic" teatrının bədii rəhbəri qismində Londonda yaşaması haqda da ifadə verib.

"Ancaq mən Amerika vətəndaşıyam. İşim bitən kimi Amerikaya qayıtdım", - o deyib.

Speysi 2020-ci ilin fevralında bir filmin mümkün çəkilişləri ilə bağlı Londona səfər etdiyini, ancaq sonra pandemiyanın başladığını deyib. ABŞ-dakı həkimi ona Londonda qalmağı məsləhət gördüyündən aktyor həmin ilin sentyabrına qədər orada qalıb. Vizası bitəndən sonra isə Los-Ancelesə uçub və o zamandan bəri Britaniyaya getməyib.

XS
SM
MD
LG