Keçid linkləri

2026, 24 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 02:25

Keçmiş müstəntiq internetdə yayılan fikirlərinə görə həbs edilib

Müşfiq Abbasov
Müşfiq Abbasov

Bakı şəhər Prokurorluğunun keçmiş böyük müstəntiqi Müşfiq Abbasov yenidən həbs olunub. O, səsləndirdiyi fikirlərə görə cəzalandırılıb.

M.Abbasov haqqında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (qanunla yayılması qadağan edilən informasiyanın internet-informasiya resursunda yerləşdirilməsi) maddəsi ilə iş başlanıb. Ardından fevralın 23-də o, Yasamal rayon Məhkəməsində hakim önünə çıxarılıb və haqqında 15 günlük inzibati həbs qərarı çıxarılıb.

M.Abbasov, keçmiş müstəntiq kimi, sosial mediada müxtəlif olaylarla bağlı düşüncə və müsahibələrini paylaşır. O, bugünlərdə müsahibəsindən bir parçanı virtual dostları ilə bölüşərkən belə fikirlər səsləndirib: "Guya bizim varlıların evində belə seksual cinayətlər yoxdur? Hansısa nazir iki-üç-beş qızı bağa aparıb başına oyun açırsa, onların ağzını pulla yumursa, bunlar şikayət etmirsə... Müstəntiq adı gələndə insanlar hesab edir ki, burada böyük bir ədalətsizlik var... Ədalət axtarışını son dövrlər kimlərdə axtarırıq? Oğrularda, avtoritetlərdə, cinayətkar aləmin nümayəndələrində...".

M.Abbasov daha öncə, 2021-ci ilin mayında da dələduzluq ittihamı ilə həbs olunmuş, icraatındakı iki iş üzrə toplam 73 min manatdan çox pul alaraq adamları aldatmaqda suçlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 7 il həbs cəzası kəsilsə də, Ali Məhkəmə qərarı ləğv edərək iş geri qaytarmışdı. Apellyasiya Məhkəməsi işə təkrar baxandan sonra zərərçəkmişlərin pulunun ödənildiyi, şikayətçi olmadığı nəzərə alınaraq dələduzluq ittihamına xitam verilmişdi. M.Abbasov özünü təqsirli bilmir, dəlil-sübutsuz qərəzli adamların ifadələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini söyləmişdi.

XS
SM
MD
LG