Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

'Allahın siması'. Kainatın relikt şüalanmasının kəşfi elm üçün nə deməkdir


Teleskop
Teleskop

Silikon Vadisində, NASA-nın tədqiqat mərkəzində «Breakthrough Prize» elm mükafatının laureatlara təqdimetmə mərasimi keçirilib. Bu mükafatı həm də elmin «Oskar»ı adlandırırlar. Mükafat 2012-ci ildə işadamı Yuri Milner tərəfindən təsis edilib. Sonradan daha bir neçə milyarder bu fonda qoşulmaq qərarına gəlib. Onların arasında Facebook-un yaradıcısı Mark Zuckerberg və Google-ın yaradıcısı Sergey Brin də var.

İlk vaxtlar mükafatı fundamental fizika sahəsində nailiyyətlərə görə vermək planlaşdırılırdı. Ancaq indi onu elmin digər sahələrində yeniliklərə görə də təqdim edirlər. Beləliklə, təbiət elmləri kateqoriyasında beş mükafat «ən ağır xəstəliklərlə mübarizə və insan ömrünün uzadılması yönündə tədqiqatlarda əhəmiyyətli nailiyyətlər» əldə edən alimlərə verilib. Mükafatların hərəsi 3 milyon dollardır.

Fizika sahəsində 3 milyon dollarlıq baş mükafat Kainatın relikt şüalanmasının (fon şüalanması) xəritəsini tərtib etmiş 27 alimə verilib. Təşkilat komitəsinin bəyanatında deyilir ki, bu iş «Kosmosun təkamülü haqda biliklərimizi əhəmiyyətli dərəcədə genişləndirir».

14 MİLYARD İLLİK YOL

Astrofizik və Sternberq adına Dövlət Astronomiya İnstitutunun aparıcı elmi işçisi Sergey Popov bu kəşfin elm üçün nə demək olduğu və dünyanın yaradılışının sirrini açmağa necə kömək edəcəyindən danışıb.

«Relikt şüalanma haqda danışarkən maraqlı bir müqayisə vardı: reliktin ilk xəritəsi əldə ediləndə onun Allahın siması olduğunu deyirdilər. Relikt şüalanma Kainatda müşahidə edə bildiyimiz ən qədim şüalanmadır. Bu, həqiqətən də kosmologiyada əsas informasiya mənbələrindən biri, başqa sözlə, ümumilikdə Kainat haqda əsas məlumat mənbəyidir. Bu şüalanma 14 milyard il bizə tərəf yol gəlib. Beləliklə də bu şüalanmanın yaratdığı duman müşahidə edə bildiyimiz ən uzaq obyektdir. Buna görə də reliktin tədqiqi dəfələrlə mükafatlandırılıb. Relikt şüalanmanın kəşfinə görə Nobel mükafatı verilib. Relikt şüalanmanın eynicinsli olmamasının kəşfinə və qara cisim spektrinin ölçülməsinə görə də COBE (Cosmic Background Explorer) peyk komandası Nobel mükafatına layiq görülüb», - S.Popov deyir.

Astrofizik hesab edir ki, «Breakthrough» (Sıçrayış) mükafatı da, 2005-ci ildə Norveçdə təsis edilmiş Kavli Mükafatı kimi, Nobel mükafatını tamamlamaq məqsədi daşıyır. Belə ki, Nobel mükafatının çox sərt qaydaları var. Buna görə də, çox zaman elm üçün mühüm işlər görmüş adamlar hətta formal olaraq Nobel mükafatına müraciət edə bilmirlər. Məsələn, «Breakthrough» və Kavli mükafatlarını bir neçə dəfə mühüm konsepsiyalar işləyib hazırlayan nəzəriyyəçi alimlər alıb. Bu konsepsiyalar sonadək təsdiqlənmədiyindən, onlar hələlik Nobel ala bilmirlər. Ancaq ola bilsin ki, heç yaxın onilliklərdə almasınlar da.

Həyat ola bilən 7 planet tapıldı
Gözlə

No media source currently available

0:00 0:01:04 0:00

KAİNATIN 300 MİN İL YAŞI OLAN VAXTLAR

Relikt şüalanmanın xəritəsini nəzərdən keçirərkən onun müxtəlif yerlərdə fərqli istiliklərə malik olduğunu müşahidə edirik. S.Popov-un sözlərinə görə, bu, ilk növbədə Kainatın gənc vaxtlarında temperatur fərqliliyinin (anizotropiya) necə bölündüyünü görməyə imkan verir.

«Söhbət onun tamamilə gənc vaxtlarından, 300 min il yaşı olan vaxtlardan gedir. Sonradan bu həyəcanlanmalar iri strukturların yaranmasına yol açıb. Hazırda biz onlardan birində yaşayırıq. Bu mənada relikt şüalanma ətrafda gördüyümüz hər şeyin formalaşmasının ilkin şərtidir», – alim deyir.

Qeyd edək ki, Kainatın relikt şüalanmasının (ona kosmik mikrodalğalı fon şüalanması da deyilir) mövcudluğu barədə ilk məlumatı 1948-ci ildə amerikalı kosmoloqlar Ralph AlpherRobert Herman verib. Ancaq həmin illərdə meynstrim astronomiya ictimaiyyəti kosmologiya ilə çox da maraqlanmırdı. 1960-cı ildə sovet alimi Yakov Zeldovich alimlərin bu proqnozunu təsdiqləyib.

1964-cü ildə Prinston Universitetinin alimləri mikrodalğalı kosmik fonu ölçmək üçün xüsusi radiometr hazırlamağa başlayıblar. Elə həmin il alimlər belə bir qurğunun köməyi ilə Kainatın relikt şüalanmasının mövcudluğunu sübut edə biliblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG