Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 07:02

Sürünmə- Kafkanın 'Çevrilmə'sində azadlıq hissi


"Die Verwandlung"
"Die Verwandlung"

"The New Yorker" jurnalı daha çox ədəbi və publisistik esselər və onların müəllifləri ilə tanınır. Jurnal 2014-cü ildə amerikalı ədəbi tərcüməçi Süzen Bernofskinin Kafkanın "Çevrilmə" əsərini tərcümə edərkən qarşılaşdığı maraqlı nüanslar haqda essesini dərc edib.

Frans Kafkanın ən məşhur novellalarından biri olan "Çevrilmə" (Die Verwandlung) 1912-ci ildə yazılıb. O dövrdə Kafka ilk romanını yazmağa çalışırdı, ancaq roman üzərində iş çətin irəliləyirdi.

"Həşərat", "cücü"

1912-ci il, noyabrın 17-də Kafka nişanlısı Felitsiya Bauerə "miskin vəziyyətdə yataqda uzanarkən" ağlına gələn hekayənin üzərində işlədiyini yazıb. O, hekayəni tez qələmə almağa ümid edirdi. Hələ bunun nə qədər uzun çəkəcəyini anlamırdı. Kafka inanırdı ki, bu hekayəni bir-iki uzun oturumda yazsa, o, daha yaxşı alınacaq. Ancaq o, bir neçə fasilə verməli olur və Felitsiyaya yazır ki, bu gecikmələr hekayəyə ziyan vurur. Üç həftə sonra, dekabrın 7-də hekayə tamamlanır. Ancaq o, yalnız daha üç ildən sonra işıq üzü görür.

Hekayənin baş qəhrəmanı Qreqor Zamza əsl Kafka antiqəhrəmanıdır. O, valideynlərinin borclarını ödəmək üçün özünü əldən salana qədər işləyib. Onun qrotesk metamorfozası (dəyişməsi) isə bu alçalmanın fiziki təcəssümüdür. Bəs onun çevrildiyi şey nədir? Kafka naşirinə məktublarında yazır ki, bu, həşəratdır. (alm. Insekt). O və dostları öz aralarında "cücü" (alm. Wanze) sözünü də işlədirdilər. Ancaq novellanın dili bu mövzuda hər hansı dəqiqləşdirmə etməmək üçün çox ehtiyatla seçilib.

"Sürünmə"

Hekayədə əsas personajlar adları ilə yox, sadəcə "ata", "ana" və "bacı" kimi sözlərlə təqdim edilir. Yalnız Qretanın öz adı var. Hərçənd ona da hekayə boyu "bacı" deyilir. Kafka bütün bu personajları Qreqorla münasibət prizmasından təqdim etməklə Qreqorun baxış bucağının əsərdə dominant olmasına şərait yaradır. Bunu hətta onun iştirak etmədiyi səhnələrdə belə hiss edirik.

Qreqorun həşərata çevrilməsindən sonra keçirdiyi azadlıq hissi "sürünmə" kimi təqdim edilib. O, otağın divarları və tavanına dırmaşmağı sevir.

Maraqlıdır ki, Kafkanın alman dilində işlətdiyi "kriechen" (sürünmək) sözü həm də "əyilmək" mənasını verir. Almanca kiminsə qarşısında "kriechen" etmək ona yaltaqlanmaq deməkdir. Əsərdəki kontekstdə də Qreqorun bu yeni fiziki halı onun uzun zamandan bəri alçalmasını təmsil edir.

Ailəyə sonuncu xidmət

Qreqor düşdüyü bu acınacaqlı vəziyyətə görə özündən başqa heç kimi günahlandıra bilməz. Çünki o, bu vəziyyəti könüllü qəbul edib. Kafkanın çarəsiz durumda olan başqa qəhrəmanları kimi, o da hərəkətə keçməyə çalışmır, əksinə, ona qarşı hərəkət edilməsinə imkan verir. Qreqor Zamza - bu nəhəng böcək özündən yuxarıda duranların tabeçiliyində işləyən işçi, tərsinə çevrilmiş insandır. O öz onurğasını ekzoskeletə dəyişib, ancaq hətta bu qalxanabənzər qın onu …atasının üstünə atdığı almalardan qoruya bilmir. Yeri gəlmişkən, almanın, İncildə adı çəkilən meyvənin seçilməsi də maraqlıdır.

Qreqor satıcıdır. Ancaq o özünü satıb. Öz iqtidarını və ləyaqətini dəfələrlə, dönə-dönə satıb. …Qreqorun ölümü onun ailəsinə göstərdiyi sonuncu xidmətdir.

Daha bir maraqlı məqam budur ki, Qreqor valideynlərinin köhnə borclarını qaytarmaq üçün nökərçilik etsə də, ailənin ən azı bir qulluqçu saxlayacaq qədər pulu var.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG