Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:27

Kafkasayağı filmlər


Frans Kafka
Frans Kafka

XX əsrin ən böyük yazıçılarından biri olan Frans Kafkanın roman və hekayələri qorxu, surrealizm və təqiblə doludur

XX əsrin ən böyük yazıçılarından biri olan Frans Kafkanın roman və hekayələri qorxu, surrealizm və təqiblə doludur.

O, oxucunun dünya və cəmiyyətin, ancaq hər şeydən öncə onların hər ikisini yaratmış insanın qəddarlığından şoka düşməsi üçün bu hisslərdən istifadə edir. Üstəlik, əsərlərindən birində Kafka insanın özünü də həşərat şəklində təqdim edir.

Kafka yaradıcılığının ən qəribə tərəfi qəhrəmanların içində yaşamağa məcbur olduğu absurd vəziyyətlərə rəğmən çox da narahat olmaması, bu, adi halmış kimi yaşamağa davam etməsidir.

Kafkanın lupası altında bütün dünya dağılır, siyasi və ya şəxsi olan hər şey dəyişir, şişirdilir, yaxud təhrif olunur; o isə bu lupadan qarışqa yuvasına baxırmış kimi bizi müşahidə edir, bir qarışqa seçib günəş şüalarında yanıb ölənə qədər onu izləyir.

Kafka yaradıcılığından ilhamlanaraq və ya bilavasitə onun əsərləri (bəzən roman, bəzənsə sadəcə bir ifadə) əsasında çəkilən filmlər də var. “Taste of Cinema” saytı bu filmlərin siyahısını dərc edib.

“Inland Empire” (“Daxili imperiya”) (Devid Linç, 2008) filmi ilk baxışdan kafkasayağı görünmür. Tamaşaçıların çoxu razılaşar ki, Devid Linçin “Eraserhead” (“Pozanbaş”) adlı ilk filmi Kafkaya daha yaxındır. Ancaq əslində, “Inland Empire” filmi unikal olmaqla yanaşı həm də çox qəribə formada kafkasayağıdır.

Linçin yaradıcılığından xəbərdar olanlar onun ümumən mürəkkəb filmlər çəkdiyini bilirlər. Ancaq bu film Linçin bəlkə də ən çətin başa düşülən filmidir. Üç saatlıq filmdə antropomorfik dovşanlar da var, metal səyahətlər də, insan şüuruna aparan darvazalar da.

Bu sürreal film tamaşaçını əvvəli və ya sonu olmayan kabusun içinə salır. Yuxu içində yuxu izləyən tamaşaçı əsl kafkavari vəziyyətə düşmüş olur.

Filmdə nə baş verdiyini anlamırsınız. Ancaq bu barədə heç nə soruşa da bilmirsiniz. Çünki bütün bu kabusun sizi hara aparıb çıxaracağını görmək istəyirsiniz. Rejissorun beyninin içində, onun absurd dünyasındasınız və onun mərhəmətindən asılısınız. Siz filmin personajına çevrilirsiniz və bununla heç nə edə bilmirsiniz.

“Eyes Wide Shut” (“Geniş qapanmış gözlər”) (Stanley Kubrick, 1999) filmi cinslər arasında teatral savaşla başlayır və insan məxluqunun nəfs və ehtiraslarını göstərən səhnələrlə davam edir. Üstəlik, hər şey cəmi bir gecə ərzində baş verir.

Film Martin Skorsezenin “After Hours” (“Gecə”) filminə çox bənzəyir. Tom Kruzun qəhrəmanı getməli olmadığı yerə daxil olur və nəticədə bütün həyatı məhv olmaq təhlükəsi ilə üz-üzə qalır. Burada o ən ekstravaqant, problemli və problem yaradan adamları həmişəkindən daha şokedici vəziyyətlərdə görür.

Kubrik bu filmini Artur Şnitslerin “Traumnovelle” (“Yuxu novellası”) əsəri əsasında çəkib . Kafkanın təsirini həm hekayədə, həm də Kubrikin filmində görmək mümkündür.

“Shadows and Fog” (“Dumanın kölgəsi”) (Woody Allen, 1991) filmi XX əsrin 20-ci illərində Mərkəzi Avropada haqsız olaraq həkimi öldürməkdə ittiham olunan Klaynman adlı bir yəhudi kişi haqdadır. Bu qəhrəmanı Allenin özü yaradıb. Klaynman həm qəzəbli kütlədən, həm də əsl qatildən qurtulmaq üçün bütün gecəni qaçmalı olur. Eyni zamanda sirkdən və təlxək sevgilisindən qaçan qızla tanış olur və onların taleləri birləşir.

Kafkanın ruhu ağ-qara formatda çəkilmiş bütün film boyu hiss olunur. Hər kəsdən qaçmalı olan, başına çox əcaib işlər gələn normal insan, fellinisayağı sirk, “Üçquruşluq opera”dan götürülmüş saundtrek, bilərəkdən yarımçıq və sürrealistik hala salınmış sonluq, həm gülməli, həm də faciəvi atmosfer – bunların hamısı çox kafkavaridir.

Üstəlik, filmin adının “Dumanın kölgəsi”, Alen Resnenin konsentrasiya düşərgələri haqda çəkdiyi “Gecə və duman” (“Night and Fog”) adlı qısa filmindən götürülməsi də filmin alt mətni haqda çox şey deyir. Əslində, Klaynmanın əsassız təqibi ilə yəhudi tarixi arasında əlaqəni görmək çox asandır.

XS
SM
MD
LG