Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:58

Jurnalistin həbsxanada ağzını tikdiyi deyilir


İllüstrasiya
İllüstrasiya

-

Rüşvət ittihamı ilə həbsdə olan jurnalist, www. 7 gün.az xəbər portalının baş redaktoru Cavid Şirəliyevin ağzını tikdiyi deyilir.

Bu haqda Azadlıq Radiosuna onun vəkili Zabil Qəhrəmanov məlumat verib.

Vəkilin bildirdiyinə görə, jurnalist şərləndiyini deyir, işinin yenidən araşdırılmamasına etiraz edir.

Zabil Qəhrəmanov qeyd edir ki, jurnalistin işi üzrə təkrar məhkəmə istintaqının keçirilməsi istənilsə də, Gəncə Apellyasiya Məhkəməsi bundan imtina edib. Məhkəmə avqustun 10-da həmin imtina qərarından verilən şikayətə baxışı qeyri-müəyyən vaxtadək təxirə salıb.

Buna da bax: Jurnalistin həbsi istənilir

C.Şirəliyevin Gəncə Apellyasiya Məhkməhkəməsinə ağzı tikilmiş vəziyyətdə gəldiyi söylənir.

C.Şirəliyevi 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə Baş İdarəsinin əməkdaşları saxlayıb.

Cinayət işi materiallarına görə, o, 2013-cü ildə “ortagı” Asif Oricovla birgə Tovuz rayonunun Qovlar kəndində yerləşən “Tatar” kafesinin sahibi Şəfiqə İsmayıl qızı Xankişiyevadan 2 min manat tələb edib. Xankişiyeva iddia edib ki, Şirəliyevin həbsindən əvvəl ona 700 manat verib.

Gəncə şəhər Ağır Cinayətlər Məhkəməsi 2016-cı ilin mayında jurnalistin hədələmək yolu ilə rüşvət tələb etmədə (Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri) süçlu sayaraq, 5 il azadlıqdan məhrum edib.

Buna da bax: Fikrət Fərməzoğlu vəkildən imtina edib

Jurnalistin vəkili deyir ki, cinayət işi saxtalaşdırılıb.

Vəkil sözlərinə dəlil kimi cinayət işində adı jurnalistin “ortağı” kimi keçən Asif Orucovla bağlı mühüm məqamı göstərir:

“Çünki 2012-ci il aprelin 11-dən 2013-cü il oktyabrın 19-na qədər Orucov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkirdi. İyunun 1-dən 30-na qədər Orucov hər gün cəzaçəkmə yerində qeydiyyatdan keçirdi. Bundan başqa, iyunun 10-da o, intizamı pozduğuna görə cəzalanırılıb.Habelə, iyunun 20-də də cəzalandırılıb və 5 gün müddətinə cəza təcridxanasına salınıb. İstintaq zamanı döyülüb. O, həbsxanada ola - ola necə ola bilərdi ki, rüşvət tələb etsin?”

Vəkil bildirib ki, birinci instansiya məhkəməsi Şirəliyevin təqsirini sübut edə bilməyib. Bütün ifadələr bir nəfərin -Şəfiqə Xankişiyevanın bəyanatı üzərində qurulub.

Asif Orucov Gəncə Apelyasiya Məhkəməsində gedən prosesdə deyib ki, istintaq zamanı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona işgəncə veriblər.

Ancaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən bu deyilənlərə münasibət bildirilməyib.

Üstəlik, Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən də vəkilin dediklərini, hələlik dəqiqləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG