ABŞ prezidenti Donald Trump-ın özünə seçdiyi milli təhlükəsizlik müşaviri John Bolton həm də Rusiya, Çin, İran və Şimali Koreyanın kiberhücumlarına sərt reaksiya verilməsinin tərəfdarı kimi tanınır.
Onun fikrincə, bu ölkələrə elə cavab verilməlidir ki, "onlar məcbur olub bütün kiberhücum planlarını kompüterlərinin yaddaşına qoysunlar və həmin planları orda elektronik toz basmağa başlasın".
Bolton hesab edir ki, ABŞ-ın belə bir savaş üçün həm potensialı, həm də pulu var. Əgər belə bir savaş başlanarsa, bu, Rusiya və digər dövlətlər üçün çox bahalı məşğuliyyətə çevriləcək.
John Bolton həm də hesab edir ki, ABŞ WikiLeaks saytını "darmadağın etməlidir".
Bu sayt ABŞ-ın təhlükəsizlik orqanlarından oğurlanmış məxfi məlumatları çap etməsi ilə tanınır.
Bolton hansı tip kiberhücumlardan danışır? Bir çoxları inanır ki, illər öncə İranın minəcən sentrifuqasını sıradan çıxarılmasında ABŞ-ın istifadə etdiyi Stuxnet virusunun rolu olub.
Amma John Boltonun kibertəhlükəsizlik sahəsində radikal addımlara çağırışını bəzi ekspertlər effektiv hesab etmirlər.
Əvvəlki prezident Barak Obamanın administrasiyasında müdafiə naziri olmuş Ash Carter. deyir ki, "əgər benzinə bulaşmısansa, kibritlə ehtiyatlı olmalısan".
Onların fikrincə, bu, kiberməkanda əsl müharibə ilə nəticələnə bilər. Bunun zərbəsi isə Amerika kimi açıq cəmiyyətdə biznes strukturlarına dəyə bilər. Buraya xəstəxanalar, elektrik stansiyaları kimi mühüm obyektlərin üzləşə biləcəyi təhlükələri də əlavə edəndə kibermüharibə çox qorxunc görünür.
Boltonu narahat edən nədir?
İki il əvvəl ABŞ-ın hüquq-mühafizə orqanları Kremllə bağlı hakerləri ABŞ-dakı elektrik stansiyasının şəbəkəsinə daxil olub mühüm informasiyanı ələ keçirməkdə ittiham etmişdi. Həmin informasiya elektrik stansiyasının kompüterlərinə nəzarəti ələ keçirməyə və stansiyanın işıqlarını söndürməyə imkan verə bilərdi.
Bundan başqa ABŞ-da bir çoxları düşünür ki, rusiyalı hakerlər ABŞ-da 2016-cı ildə keçirilmiş prezident seçkilərinə müdaxilə ediblər.
Buna da bax: ABŞ hökuməti Kaspersky-dən istifadə etməyəcək
Bolton aprelin 9-da prezident müşaviri kimi fəaliyyətə başlayacaq. Hazırda ABŞ-ın sözügedən 4 ölkə ilə münasibətləri xeyli gərginləşib.
ABŞ Britaniyada ikili casus Sergey Skripalın zəhərlənməsinin arxasında Rusiyanın dayandığını düşünür və müttəfiqi ilə həmrəylik nümayişi kimi 60 rusiyalı diplomatı ölkədən çıxarmağa qərar verib.
Donald Trump-ın Çindən idxal olunan bəzi mallara yüksək gömrük rüsumu qoymaq cəhdi isə Pekinlə ticarət müharibəsinə yol aça bilər.
ABŞ həm də İranın mübahisəli nüvə proqramı ilə bağlı əldə edilmiş beynəlxalq razılaşmadan çıxacağını istisna etmir.
ABŞ və Şimali Koreya arasında münasibətlər isə qarşılıqlı hərbi güc nümayişinə qədər gedib çıxıb. Şimali Koreya ABŞ-ı öz ballistik silahları ilə darmadağın edəcəyi ilə hədələyib.
Belə bir mürəkkəb durumda John Bolton kimi radikal baxışlı insanın prezidentin müşaviri vəzifəsinə gəlməsi bəzilərində narahatlıq yaradıb.
Onlar gərginliyin daha da arta biləcəyindən ehtiyatlanırlar.
Son aylar ABŞ-da Müdafiə Nazirliyinin kibertəhlükəsizlik qüvvələrinə yüksək status da verilib. İndi onların statusu, məsələn ABŞ ordusunun Avropa komandanlığı səviyyəsindədir.
Kibertəhlükəsizlik üzrə ekspertlərin bir qismi kiberməkanda savaşların effektivliyinə şübhə edirlər. Onlar ABŞ-ın İŞİD-ə qarşı kiberhücumlarının səmərəli olduğunu düşünmürlər.
Buna da bax: ABŞ rusiyalı hakerləri ittiham edir