İtaliyanın şimalında yerləşən Bolzano şəhəri ilk baxışdan adi italyan şəhəri olsa da, həm də faşist memarlığının maraqlı nümunələri ilə tanınır. Şəhərin vergi idarəsinin boz binası 57 heykəlli panellə bəzədilib. Bu panellər İtaliya faşizmini tərənnüm edir. Burada Roma üzərinə yürüşdən tutmuş, Afrikadakı işğallara qədər bir çox tarixi məqamın təsvirini görmək olar.
Bu heykəllərin mərkəzində hətta Mussolininin özünün də təsviri qalmaqdadır. Özü də at belində, sağ əlini irəli uzadaraq Roma salamı verərkən. Faşizm təbliğatı məqsədilə tikilmiş bu kompleks maraqlı olduğu qədər də ziddiyyətli düşüncələrə yol açır.
Bolzanodakı ikinci faşist memarlığı nümunəsi isə Qələbə abidəsidir. Bu, ağ mərmərdən tikilmiş bir tağdır. Onun sütunları fassiyalar şəklində dizayn olunub. Fassiyalar kökləri etrusk mədəniyyətinə gedib çıxan hakimiyyət atributudur. İtaliya faşistləri fassiyaları öz rəmzlərinə çevirmişdilər. BBC yazır ki, boz yaşayış binaları və yaşıllıqlar arasından ucalan bu tağ görənlərə qəribə təsir bağışlayır. Onun üzərində latınca bu sözlər yazılıb: "Bu nöqtədən sonra biz digərlərinə dil, hüquq və mədəniyyət öyrətmişik".
"İlk əsl faşist abidəsi"
1928-ci ildə tikilmiş bu abidə hazırda hündür metal çəpərlə əhatələnib. O, bəzən ifrat sağçıların yürüşlərinin başlanğıc nöqtəsi olur. Bundan başqa, onu bir neçə dəfə partlatmaq istəyiblər. Hündür çəpərlər də buna görə quraşdırılıb. Tarixçi Ceffri Şnapp bu tağı "ilk əsl faşist abidəsi" adlandırır.
Bu iki tikili ilk növbədə irqçi, imperialist və faşist təbliğatı məqsədilə tikilən abidələrin saxlanıb-saxlanmaması haqda debat kontekstində maraqlıdır.
Cənubi Tirolun paytaxtı olan Bolzano 1919-cu ildə təhlükəsizlik məqsədilə İtaliyaya verilib. O zaman buranın əhalisinin əksər hissəsi almanca danışırdı. Mussolininin hakimiyyəti dövründə bu ərazidə əhalinin italyanlaşdırılması istiqamətində intensiv siyasət aparılırdı. Yer adları dəyişdirilir, Tirol milli təsisatları bağlanır, əyalət əhalisinin 90 faizinin ana dili olan alman dili isə qadağan edilirdi.
Müharibədən sonra
Yaxınlıqdan keçən çayın sahilində nəhəng qəsəbələr salınır, minlərlə italyan bu əraziyə köçürülürdü. Hakimiyyət yeni şəhəri faşizmin "şan-şöhrətini" tərənnüm edən abidələrlə doldururdu.
İkinci Dünya müharibəsindən sonra hər şey dəyişdi. Hökumət artıq yerli almandilli əhalini sıxışdırmır, onlara daha yüksək muxtariyyət təklif edir, üstəlik, yerli vergilərin 90 faizinin əyalətdə qalmasını təmin edirdi. Ancaq almandilli vətəndaşlar üçün bu abidələr faşist italyanlaşdırma siyasətinin təcəssümü idi. Onlar bu abidələrin sökülməsini istəyirdilər.
Bolzano Universitetinin ən yeni tarix professoru Andrea Di Mikelenin sözlərinə görə, həmin dövrdə ərazinin italyan əhalisi isə Qələbə abidəsini faşizmin yox, regionun italyan kimliyinin rəmzi kimi görməyə başladı.
Bu abidələrin davamlı vandalizmə məruz qalması hökuməti onları qorumağa vadar edib. Qələbə abidəsinin ətrafına çəpər çəkilib, vergi idarəsinin binasını isə polis sutkaboyu qorumağa başlayıb.
"Unutma paktı"
İtaliya faşist memarlığının izlərinə görə ziddiyyət yaşayan yeganə ölkə deyil. İspaniyada "unutma paktı" anlayışı var. "Unutma paktı" 2007-ci ilədək Franko erasından qalma faşist abidələrinin toxunulmaz qalmasını təmin edib. 2007-ci ildə isə Tarixi Yaddaş Qanunu bu abidələrin sökülməsi üçün hüquqi zəmin yaradıb. 2010-ci ildə Frankonu mədh edən yazı İspan Milli Tədqiqat Şurasının binasından götürülüb. Frankonun nəhəng heykəli isə yalnız bir il öncə, 2021-ci ilin fevralında götürülüb. İspaniyanın üçüncü ən böyük siyasi partiyası olan "Vox" bu addıma etiraz edib.
Sökülməsi çox çətin olan nəhəng binalar ciddi problem yaradır. İspaniyanın ən böyük binası olan Xixon Əmək Universitetinin binası Franko rejiminin ilk illərində erreresko tərzində tikilib. Onun "müstəsna" memarlıq dəyərinə malik olduğu deyilir. Ancaq regionun sol yönümlü şurası dəfələrlə bu binanın UNESCO-ya təqdim olunması cəhdlərini vetolayıb. Şura deyir ki, "Frankoizmlə bağlı olan bina Dünya mədəni irsi məkanı ola bilməz".