Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Virciniyanı Kapitolidə təmsil edən heykəl götürüldü


Robert E. Linin heykəli Yeni Orlean şəhərindən götürülür. Foto arxiv
Robert E. Linin heykəli Yeni Orlean şəhərindən götürülür. Foto arxiv

Vaşinqtonda ABŞ Konqresinin yerləşdiyi Kapitoli binasının qarşısında 100 il idi ki, Virciniya ştatını təmsil edən iki heykəl dururdu. Onlardan biri ölkənin ilk prezidenti Corc Vaşinqtonun, digəri isə Vətəndaş müharibəsində Konfederasiya generalı, özü də quldar olmuş Robert E. Linin heykəli idi.

Ancaq dekabrın 21-də general Linin heykəli Milli Heykəl Zalının kolleksiyasından götürülüb. Onun vətəndaş hüquqları fəalı Barbara Consun heykəli ilə əvəz ediləcəyi gözlənilir.

Nifrət simvollarından təmizlənmək

"Bu bizim Birliyimiz üçün tarixi və çoxdan gecikmiş bir andır. Robert E. Linin heykəli bölücülük, əsarət və irqçiliyi – Birliyimiz və ölkəmizin tarixinin qaranlıq dövrünü tərənnüm edir", – ABŞ Konqresinin aşağı palatasının Demokratlar Partiyasından olan üzvləri Donald MakİçinCennifer Vekston bəyanatlarında bildiriblər. "Biz Nümayəndələr Palatasında Linin heykəlinin əvəzlənməsi təşəbbüsünə liderliyimizlə fəxr edirik", –millət vəkilləri əlavə ediblər.

"Biz ölkəmizdə irqçiliyin mənbələri ilə mübarizə apardığımız müddətdə Konqres Kapitolini nifrət simvollarından azad edəcək. Kapitoli, yaxud ölkəmizin hər hansı digər fəxri məkanlarında Konfederasiya fanatizminin tərənnümünə yer yoxdur", – Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

Virciniya Baş Assambleyasının yaratdığı komissiya bu yaxınlarda Linin Consla əvəz olunması haqda qərar qəbul edib. Komissiya Linin Virciniyaya layiq təmsilçi olmadığı qənaətinə gəlib və Consun heykəlinin qoyulmasını tövsiyə edib. Yekun səsvermənin Baş Assambleyanın gələn il baş tutacaq sessiyasında keçiriləcəyi gözlənilir.

Son dövrlərdə ABŞ-da ziddiyyətli tarixi fiqurların heykəllərinin götürülməsi hallarını çox görürük. Ölkə özünün uzun irqçilik tarixi ilə əlbəyaxadır.

Cons kim idi

Heykəl Zalı kolleksiyasında hər ştatı iki heykəl təmsil edir. Heykəllər Kapitoli binasının hər yerindədir. Ştatın hazırkı qubernatoru Ralf Nortem NPR-a bildirib ki, Virciniya sözügedən Vaşinqton və Li heykəllərini 1909-cu ildə, ölkədə Vətəndaş müharibəsinin bitməsindən 44 il sonra təqdim edib.

"Konfederasiya Virciniyanın irqçi və bölücü tarixinin rəmzidir. Bizim öz hekayəmizi israr, müxtəliflik və inklüzivlik görüntüləri ilə çatdırmağımızın vaxtıdır", –qubernator verdiyi bəyanatda bildirib.

Barbara Cons məktəblərdə seqreqasiya ilə mübarizə aparan mühüm fiqurlardan biridir. O, 1951-ci ildə, 16 yaşında ikən Virciniyanın Farmvill şəhərciyində yalnız qaradərili uşaqlar üçün olan məktəbdə pis təhsil şərtlərinə etiraz aksiyasına rəhbərlik edib. Bu hadisə Amerikada vətəndaş hüquqları uğrunda mübarizəni əks etdirən bir çox mühüm hadisələrdən əvvəl baş verib.

Etiraz aksiyası əlaqədar qurumun (NAACP) diqqətini cəlb edib və onunla bağlı qaldırılmış məhkəmə işi sonradan Ali Məhkəməyə çıxarılmış antiseqreqasiya işinin bir hissəsinə çevrilib. İşin adı belədir: Braun Təhsil idarəsinə qarşı (Brown v. Board of Education). Ali Məhkəmə 1954-cü ildə bu işlə bağlı yekun qərarını verərək seqreqasiyanı qanunsuz elan edib.

Prezidentlər və qulları

Qubernatorun ofisi NPR-a Linin heykəlinin Riçmonddakı Virciniya Tarix və Mədəniyyət Muzeyinə köçürüləcəyini bildirib.

Amerika inqilabının rəhbərlərindən biri, sonradan ABŞ-ın ilk prezidenti olmuş Corc Vaşinqton da qul sahibi olub. Virciniyanın əsasını qoyan və ölkənin prezidenti olmuş digər şəxslər - Tomas Cefferson, Ceyms Medison və Ceyms Monro da həmçinin.

Ancaq ölkənin ikinci prezidenti, massaçusetsli Con Adamsın qulları olmayıb. Milli Heykəl Zalı kolleksiyasında onun heykəli yoxdur.

Minneapolis polisinin qəddarlıqla öldürdüyü qaradərili vətəndaş Corc Floydun ölümündən sonra Konfederasiya heykəlləri ictimaiyyətin diqqətini daha çox cəlb etməyə başlayıb. Bir çox şəhərlərdə bu heykəllər etirazçıların hücumuna məruz qalıb, bəziləri isə yerli-dibli uçurulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG