Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:17

Heykəllərlə tarixin müharibəsi


General Robert E. Lee-nin heykəli demontaj olunur

Keçmiş SSRİ məkanında təzə diktatorların təzə heykəlləri ucaldılır. Heykəllər də insanlar kimidir, hərəsinin öz zəmanəsi var.

Ən maraqlısı isə budur ki, heykəllərlə müharibə təkcə keçmiş SSRİ məkanında getmir.

Britaniyanın keçmiş Afrika müstəmləkələrində Londonun kral naiblərinə qoyulmuş heykəllər yıxılır.

Və nəhayət bu fenomen Amerika Birləşmiş Ştatlarından da yan ötməyib. Amerikada heykəl davası vətəndaş müharibəsi qurtarandan başlayıb.

Ötən həftə Virciniya ştatının Şarlotsvil şəhərində baş vermiş toqquşmalardan sonra ABŞ mətbuatında “konfederat heykəlləri” barədə müzakirələr səngimək bilmir.

“The Washington Post” yazır ki, rəsmilər Baltimorda 4 heykəli götürdükdən sonra, Annapolisdə beşinci heykəlin ləğv edilməsi planını bəyan ediblər. Lakin nümayişçilər Durhamda Konfederasiya abidəsini dağıtdıqdan sonra bu polemikaya prezident Trump da müdaxilə edib.

O deyib ki, bu abidələrin dağıdılması ölkə cəmiyyətini parçalayır, parkları və meydanları “gözəl heykəllərdən” məhrum edir.

Trump bu barədə özünün tvit postunda yazıb: “Robert E Lee, Stonewall Jackson — sonra kim Washington, Jefferson? Axmaqlıqdır bu!”

The Washington Post” qəzeti prezidentin mövqeyi ilə razılaşmır və özünün redaksiya məqaləsində bildirir ki, əksinə, bu heykəllər və onların daşıdığı ideoloji yük ölkəni parçalayır.

Lakin konfederatlara qoyulmuş heykəllər barədə prezident Trump-ın mövqeyini bölüşənlər də az deyil. Belələri bildirirlər ki, bu heykəllər tarixin bir parçasıdır və ən azı tarix və mədəniyyətin yadigarı kimi saxlanmalıdır.

Tarixi məlumat

Amerika vətəndaş müharibəsi Birləşmiş Ştatlarda 1861-1865-ci illərdə baş verib. Müharibənin səbəbi bu idi ki, bir neçə ştat quldarlığın qorunub saxlanmasını və ştatlara daha çox müstəqillik verilməsini, yəni konfederasiya qurulmasını tələb edirdi. Bu ştatlara və onların ordularına konfederatlar da məhz bu səbəbdən deyilirdi. 1861-ci ilin aprelində, Abraham Lincoln prezident seçiləndən az sonra konfederatlar Cənubi Karolinadakı Fort Samterə hücum etmişdilər. Bu ABŞ Konstitusiyasına sadiq ştatları (onları ittifaqçı adlandırırdılar) qəzəbləndirmişdi. Beləliklə, konfederatlar (separatçılar) və yunionistlər (ərazi bütövlüyünü dəstəkləyənlər) arasında hərbi əməliyyatlar başlanmışdı.

1861-ci ilin fevralında ABŞ-ın 34 ştatından yeddisi Birləşmiş Ştatlardan ayrıldıqlarını və Amerika Ştatları Konfederasiyasını elan etmişdilər. Daha sonra konfederasiyaya daxil ştatların sayı 11-ə çatmışdı. Bundan başqa konfederatlar daha iki ştata – Kentukki və Missuriyə, Hindu ərazilərinə, ittifaqa daxil Arizona və Nyu Meksikonun cənub ərazilərinə iddia irəli sürmüşdülər. ABŞ hökuməti konfederasiyanı heç vaxt tanımayıb. Britaniya və Fransa da daxil başqa ölkələr də bu qurumu tanımaqdan imtina etmişdilər.

Amerika Vətəndaş Müharibəsi (1861-1865)
Amerika Vətəndaş Müharibəsi (1861-1865)

İttifaqçı ştatlar şimalda, konfederatlar isə cənubda olduğundan bu müharibə həm də şimal-cənub müharibəsi kimi tanınır.

Bu müharibədə nəhayət şimal və ya ittifaqçılar qalib gəlmişdilər. Konfederatların generalı Robert E. Lee (Şarlotsvildəki heykəl) ittifaqçıların generalı Ulysses S. Grant-a məğlub olduğunu qəbul etdiyini bildirmişdi. 4 illik vətəndaş müharibəsi ərzində 620 minlə 750 min arasında insanın həlak olduğu təxmin edilir. Bu, Amerikanın Koreya, Vyetnam, İraq və Əfqanıstanda toplam itkilərindən daha böyük itkidir. Lakin konfederasiyanın çökməsi ilə 4 milyon qul azad edilmişdi.

O vaxtdan bəri bu müharibənin yaraları hələ də tam sağalmayıb. Ümumiyyətlə, Vətəndaş Müharibəsi Amerika tarixinin ən çox öyrənilmiş epizodudur.

Diktator heykəllərini bir yerə yığmaq

Lakin bu arada Tufts Universitetinin professoru James Glaser “The Conversation” saytında dərc olunmuş məqaləsində konfederat heykəlləri ilə bağlı problemin üçüncü həll yolunu göstərir.

Glaser yazır ki, Yeni Orleandan Luisvilədək Cənubun bir çox yerlərində Konfederasiyanı şərəfləndirən heykəllər uçurulur, lakin bəs tarixi keçmişin qalıqları ilə nə edilməlidir?

Macarıstan inqilabı, 1956-cı il
Macarıstan inqilabı, 1956-cı il

Professorun fikrincə, “bu qalıqları tarixin zibilxanasına atmaq və özümüzü bunların heç vaxt baş vermədiyinə inandırmaq da” çıxış yolu deyil.

Glaser yazır ki, ola bilsin bu məsələdə Rusiyanın təcrübəsindən faydalanmaq daha düzgün olardı.

Məqalədə qeyd olunur ki, keçmiş Sovet İttifaqının paytaxtı Moskva keçmiş kommunist simvolikası ilə - oraq-çəkiclər, xoşbəxt fəhlə və kolxozçu heykəlləri ilə doludur.

Professor bildirir ki, ruslar tarixin qalıqlarına dözməyi öyrəniblər. Qəzet köşklərində matryoşkalarla yanaşı sovet tematikalı şəkilləri olan köynəklər satılır. Ruslar deyirlər ki, “bu, bizim keçmişimizdir və biz bunu yaşamışıq. Bunu yuyub bir tərəfə axıda bilmərik.”

Yıxılmış heykəllər bağı

Lakin heykəllərin heç bir praktik məqsədi yoxdur və onları asanlıqla uçurmaq olar. Moskvada belə heykəllərin bir çoxu meydanlardan yığışdırılıb.

Amma Glaser yazır ki, moskvalılar öz heykəlləri ilə çox orjinal və faydalı şəkildə rəftar ediblər. Onları tematik heykəl bağında bir yerə toplayıblar.

İndi sovet dövründən qalma bir çox heykəl və abidələr Qorki parkının yaxınlığında yaradılmış MUSEON incəsənət parkına gətirilib.

Dzerjinskinin heykəlini demontaj edirlər, Moskva, 1991
Dzerjinskinin heykəlini demontaj edirlər, Moskva, 1991

Buranı həm də “Yıxılmış heykəllər” parkı adlandırırlar. Burada Leninin, Brejnev və Kalininin çoxsaylı heykəlləri yanaşı düzülüb.

Professor Glaser yazır ki, bu parkdakı abidələrin qarşısında yerləşdirilmiş lövhələrdə onlar haqqında geniş məlumat var.

Moskva rəsmiləri bildirirlər ki, parkdakı heykəllər keçmişi tərənnüm etmir, lakin onu sənədləşdirir.

Amma burada bir qəbristanlıq ab-havası da var. Sıra ilə düzülmüş ağ mərmər postamentlər keçmişin baş daşlarına bənzəyir.

Saxarovun heykəli Dzerjinskinin heykəlini saymır

MUSEON parkda yerləşdirilən heykəllərin heç də hamısı sovet simvolikası deyil, əksinə “antisovet” simvolikası da adlana bilər. Buradaca Stalinin nəhəng heykəlinin qarşısında “Totalitar rejimin qurbanlarına” abidə qoyulub. Stalinin qarşısında bir heykəl də var.

Bu sovet fiziki, Nobel mükafatı laureatı Andrey Saxarovun abidəsidir. Abidədə Saxarov oturub və başını qaldırıb səmalara baxır. Qolları arxasında çarpazlanıb.

Andrey Saxarovun heykəli
Andrey Saxarovun heykəli

“O sanki Stalin tərəfə baxmamağa çalışır” – yazır Glaser.

Daha sonra Saxarovun 50 metrliyində DTK-nın banisi Dzerjinskinin heykəli görünür. Amma bütün bunlar Saxarovun vecinə deyil.

“Görəsən bu abidələr, sovet heykəlləri bir yerdə niyə belə maraqlı görünür? Məncə abidələri beləcə bir yerə toplamaqla onlara “tarixi və mədəni kontekst” vermək olar” – yazır Glaser.

Alimin fikrincə, məhz bu parkda sovet liderlərinin ideoloji heykəlləri sənət nümunəsinə çevrilir.

Sonda Glaser bu nəticəyə gəlir ki, konfederat heykəllərini də bir yerə toplamaq olardı.

Onlar bir araya gəlməklə tarixi kontekst kəsb edərdilər və həm də Cənubun tarixini danışardılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG