Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:00

'Azəristilik' özəlləşsə evlərdə istilik olacaqmı?


İstilik radiatoru (arxiv fotosu)
İstilik radiatoru (arxiv fotosu)

Bakının Yeni Günəşli qəsəbəsində yaşayan Firudin Məhərrəmovun evində istilik normadan da artıqdır. O, yarızarafat, yarıciddi deyir: “Evə qonaq gələnlər məəttəl qalırlar, evdə istidən maykada gəzirik, bütün günü pəncərələri açıq qoyuruq”.

Əhmədlidə yaşayan İmran Həsənovsa Firudin Məhərrəmovun vəziyyətinə qibtə edə bilər. O, hələ də bu qəsəbədə mənzillərə istiliyin verilmədiyini bildirir: “Bəxtimizdən hava xoş keçirdi, ehtiyac yox idi. Amma bu gündən havalar soyuyur, istilikdənsə səs-soraq yoxdur”. (qeyd edək ki, Yeni Günəşlinin də bütün binalarında istilik normal və ya normadan artıq deyil, hətta elə binalar var ki, orada qazanxanaya qoşulu xətlərin olmasına baxmayaraq istilik demək olar ki, yoxdur - red.)

Buna da bax: Bu qışın əvvəli necə olacaq - 'Azəristilik' danışır...

Hər il qış rejiminə keçid zamanı evlərə istiliyin verilməsində yubanmalar baş verir. Bu zaman “Azəristiliktəchizat” ASC “Azəriqaz” İB-yə borcunun olduğunu xatırladır, digər müəssisə isə pulunu almasa, qazı verməyəcəyini bəyan edir. Daha sonra hökumət işə qarışır və vəziyyət yaxşı-pis yoluna qoyulur.

Fuad Muradov
Fuad Muradov

““Azəristiliktəchizat” ASC özəlləşdirilməlidir”

Noyabrın 22-də növbəti ilin dövlət büdcəsinin müzakirələri zamanı deputat Fuad Muradov bu təkliflə çıxış edib. APA-nın məlumatına görə, deputat qurumun fəaliyyətindən narazılığını bildirib:

«“Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” ASC arasında problem var. “Azəristiliktəchizat”in “Azəriqaz”a borcu var və bu, istiliklə təminatda çətinlik yaradır. Hər ikisi dövlət qurumudur. “Azəristiliktəchizat” işini görə bilmirsə, özəlləşdirilməlidir. Bu strateji müəssisə deyil ki, özəlləşdirilməsi mümkün olmasın».

Bir qədər öncə – noyabrın 13-də dövlət büdcəsinin parlament komitələrində müzakirəsi zamanı başqa bir deputat Qüdrət Həsənquliyev də eyni təkliflə çıxış etmiş, “Azərişıq” və “Azəristiliktəchizat” özəlləşdirilməlidir” demişdi. Deputatın sözlərinə görə, adıçəkilən iki qurum dərhal özəlləşdirilməsə, problemlər nəinki həll olunmayacaq, əksinə, daha da dərinləşəcək.

Buna da bax: Bu qış Bakıda çox evdə istilik olmaya bilər

Bu cür təkliflər istər deputatlar, istər ekspertlər tərəfindən vaxtaşırı səsləndirilməkdədir. Səbəb də həmin qurumların zərərlə işləməsidir.

Hesablama Palatasının iyulda açıqladığı hesabatda da bundan söz açılır. Hesabat 2015-ci il aprelin 1-dən 2017-ci il yanvarın 1-nə qədərki dövrü əhatə edirdi. Sənəddə “Azəristiliktəchizat”-ın “səmərəsiz xərclər”ə yol verdiyi, dövlət büdcəsindən ayrılan vəsaitlərin “lüzumsuz” xərcləndiyi, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edildiyi bildirilirdi.

Hesabata görə, “Azəristiliktəchizat”ın 2015-ci ildə faktiki zərəri 38 mln. 39.2 min manat, 2016-cı ildə isə 1 mln. 364.9 min manatdan çoxdur.

“Azəristiliktəchizat” bu vəziyyətdə özəlləşdirilə bilməz”

Rəşad Həsənov
Rəşad Həsənov

“Nəinki “Azəristiliktəchizat”, “Azərişıq”, “Azəriqaz”, gələcəkdə, Azərbaycan Dəmiryolları, Azərbaycan Hava Yolları kimi başqa qurumlar da mütləq özəlləşdirilməlidir. Bu müəssisələrin mərhələli şəkildə dövlətin nəzarətindən özəl sektora ötürülməsi indiki iqtisadi çağırışlar fonunda zərurətə çevrilib”, – iqtisadçı Rəşad Həsənov AzadlıqRadiosu-na belə deyir. Onun fikrincə, ilkin dövrdə xidməthaqqı artsa, müştəri keyfiyyətli xidmətlə təmin olunacaq, eləcə də təchizatçı şirkət məsuliyyətini anlayacaq.

Buna da bax: Noyabrın 15-i də gəldi. Bəs istilik hanı?

İqtisadçı yada salır ki, rəsmi şəxslər də dəfələrlə bu qurumların götürdükləri borcu vaxtında qaytarmadıqlarını, dövlət zəmanəti ilə götürülən xarici borcların isə dövlət büdcəsinin yükünə çevrildiyini, ən başlıcası vergi öhdəliklərini yerinə yetirmədiklərini söyləyiblər. Rəşad Həsənov yaranmış durumu həmin qurumların bazar iqtisadiyyatının tələblərinə uyğun idarə edilməməsiylə, menecment və marketinqlə bağlı problemlərlə izah edir.

“Dövlətin nəzarətində olan müəssisələrin fəaliyyətində effektivlilik, gəlirlilik özəl sektordan dəfələrlə geri qalır. Bu, təkcə təşəbbüskarlığın olmaması məsələsi deyil, dövlət obyektlərində fərdi maraqlar, korrupsiya və s kimi neqativ hallar da öz təsirini göstərir. Çıxış yolu özəlləşdirmədir”.

Ancaq iqtisadçı indiki şərtlərdə “Azəristiliktəchizat” ASC-nin özəlləşdirilməsini bir o qədər də mümkün saymır. O hesab edir ki, qurumun özəlləşdirilməsi üçün ilk növbədə normal, liberal biznes mühiti formalaşdırılmalı, qurum sağlamlaşdırılmalıdır, itkilər aradan qaldırılmalı, yığım faizi artırılmalıdır.

Buna da bax:​ «Azəristiliktəchizat» ziyanda

“Azəristiliktəchizat da daxil olmaqla əksər dövlət qurumları, xüsusən də kommunal sektorda fəaliyyət göstərən müəssisələr işlərinin səmərəsizliyini daha çox yığım faizinin aşağı olması ilə izah etməyə çalışırlar. Düşünürəm ki, yığım faizi aşağı deyil, sadəcə, müəssisələrin fəaliyyəti şəffaf deyil. Yığılan pulların bir qismi gizlədilir. Dövlət qurumu olduğundan müxtəlif şəxslərin maraqları şəffaflığın təmin olunmamasına, qeyri-rəsmi fəaliyyətlərin genişlənməsinə imkan yaradır”, – iqtisadçı deyir.

Rəşad Həsənov bütün bunlardan sonra qurumun özəlləşdirilməsini real sayır və bu prosesə xarici şirkətlərin cəlb edilməyini istəyir. Onun qənaətincə, Azərbaycanda kommunal sahədə yerli qurumların yaranmaması “uğursuz özəlləşməyə” yol aça bilər.

AzadlıqRadiosu deyilənlərlə bağlı “Azəristiliktəchizat”dan mövqe almağa çalışsa da, bu mümkün olmayıb.

Buna da bax:

Bakının canı isitməyən istilik sistemi
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG