Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:28

Noyabrın 15-i də gəldi. Bəs istilik hanı?


İstilik batareyası, Bakı, 23 noyabr, 2015
İstilik batareyası, Bakı, 23 noyabr, 2015

Noyabrın 15-dən havalar yenidən soyuyur. Amma Bakıda mənzillərin bir çoxuna hələ də istilik verilməyib.

“Bu qış belə davam etsə, vay halımıza”

Paytaxt sakinləri soyuq havada əlləri istilik borularında “indi gələr, bu saat gələr” deyə-deyə gözləyirlər.

Bu cür yol gözləyənlərdən biri də üç uşaq anası Elnarə Həsənovadır. O, Əhmədli qəsəbəsi Məzahir Rüstəmov küçəsindəki dördotaqlı mənzilini isidə bilməməsindən danışır: “Biz elektrik peçini ancaq mətbəxdə yandırırıq. Səhərdən axşama kimi üç uşaq, qaynanam burdan çıxmırıq. Çünki o biri otaqlar bumbuzdur. Təsəvvür edin, balaca mətbəxdə üç xəstə uşaq, bir qaynanam, bir də mən”.

Buna da bax:​ Bu qışın əvvəli necə olacaq - 'Azəristilik' danışır...

Gənc qadının böyük qızı birinci sinfə gedir, dediyinə görə, məktəbdə istilik verilmədiyindən möhkəm xəstələnib. “O da xəstəliyini balacalara keçirdi. 2 yaşlı qızımla 6 aylıq oğlum da öskürürlər. Dərman da təsir etmir. Arada qazı da söndürürlər, qalırıq peçin ümidinə. Bu qış belə davam etsə, vay halımıza”.

Elnarə Həsənova danışa-danışa arada əlini istilik xəttinə aparır: “Hələ də bumbuzdur”.

Noyabrın 15-dən mənzillərə istilik verilməli olsa da, Bakının müxtəlif rayonlarında – Xətaidə, Nizamidə, Nərimanovda, Yasamalda mənzillərin çoxunda istilik yoxdur.

“Azəristiliktəchizat”: “Problem yoxdur... Axşama istilik olacaq”

“Azəristiliktəchizat” ASC isə hər şeyin “plan üzrə getdiyini” bildirir. Qurumun abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyev AzadlıqRadiosu-na deyir ki, noyabrın 15-dən Bakının bütün mənzillərinə istilik verilməsi haqda göstəriş var, bütün qazanxanalar qoşulacaq. O, mənzillərin hələ də soyuq olmasını texniki problemlə bağlayır:

Buna da bax: Məktəblər də noyabrın 15-ni gözləyir

– Qazanxanalar qrafiklə qoşulurlar, hansısa qazanxanada qoşulma bir saat gec, bir saat tez ola bilər. Amma heç bir qazanxanada, heç bir məntəqədə problemimiz yoxdur. Hamısı normal qrafiklə işə salınıb.

– Amma istilik yoxdur.

– Hansısa mənzildə istilik olmaya bilər. Bizim iri rayon qazanxanalarımız var ki, onun xidmət zonasında 20-dək məntəqə var. Məntəqələrdən binalara ötürülən ərazidə 200-ə yaxın yaşayış binası, məktəb, uşaq bağçası, səhiyyə ocağı mövcuddur. Binalar xəttə qoşulduqca qazanxanada tənzimləmə aparılır. Tam rejimə keçməyə müəyyən müddət tələb olunur. Qazanxanalarda temperaturu birdən-birə qaldırmaq imkanı yoxdur, gün ərzində iki-üç saatdan bir, müəyyən ardıcıllıqla temperatur qalxmalıdır. Yəni qazanxananı yandıran kimi 200 binanın hamısında istilik yaranmır. İri qazanxanalarda 3000-5000 kubmetr su olur. Onların qızdırılması zaman tələb edir. Yəni hər şey qrafik üzrə gedir. Gün ərzində də qoşulmalar başa çatdırılacaq.

Buna da bax:​ Məktəbdə uşağı soyuqdan xəstələnən atanın şikayəti

– Yəni noyabrın 15-də paytaxtda bütün mənzillərdə istilik olacağını bildirirsiz?

– Bəli, bizim qrafikə görə belədir. Yenə deyirəm, bütün qazanxanaları işə salmaq mümkün deyil. 500 qazanxana var, biz də, “Azəriqaz” da öz xətlərimizdə tənzimləmə aparırıq. Bu da vaxt tələb edir. Heç bir narahatlıq yoxdur. Heç kimin də şübhəsi olmasın ki, hansısa binaya istilik gəlməyəcək.

– Rafiq bəy, havaların soyuyacağı əvvəldən bəlliydi. Elə bu prosedurun vaxt aparacağı da. Olmazdımı qazanxanalar bir gün öncədən işə salınaydı? Yəni artıq bu gün səhər tezdən mənzillərdə istilik olardı.

– Düzü, dünən hava isti idi. Mövsümə də noyabrın 15-dən başlanılır. Biz də qrafiklə getdik. Axşama kimi bütün qazanxanalar işə salınacaq.

– Məktəblərə istilik nə vaxtdan verilir?

– Hamısına bu gündən qoşulacaq. Qazanxanalar işə qoşulduqca məktəb, uşaq bağçaları da istiliklə təmin ediləcək.

Buna da bax: Bu qış Bakıda çox evdə istilik olmaya bilər

– Ötən il “Azəistiliktəchizat”ın “Azəriqaz”a borcuna görə təxminən 20 gün mənzillərə istilik verilməsində yubanma oldu. Bu dəfə borc məsələsi həll edilibmi, yoxsa oxşar problem yaşana bilər?

– Hər şey həll olunub. “Azəriqaz”la heç bir problemimiz yoxdur. Qrafikə uyğun, qazanxanaların qazı açılır və işə salınır. Bütün qazanxanalar işə düşəcək, nə problem olasıdır?

Ekspert: “Hazırlıq işləri öncədən aparılmalı idi”

Bu il havalar çox tez soyudu. Bu səbəbdən mənzillərə istiliyin adəti vaxtdan bir qədər tez verilməsi yönündə mətbuatda, sosial şəbəkələrdə təkliflər səslənsə də, hökumət bunun üstündən sükutla keçdi. Noyabrın 15-dəsə mənzillərin bir qismi, hələ də, qızdırılmayıb.

Buna da bax:​ «Azəristiliktəchizat» ziyanda

İqtisadçı Əli Əlirzayev hesab edir ki, hökumət oktyabrın 20-dən qış rejiminə keçməli idi: “Sovet dövründən qalıb ki, ölkə noyabrın 15-də əmrlə qış rejiminə keçir. Hava soyuq da olsa, son günə kimi gözləmək səhvdir. Ümumiyyətlə, Azərbaycanda bu sistem, istilik sistemi yoxdur. Rusiyada bununla məşğul olan xüsusi təşkilatlar, mütəxəssislər var. Bütün yayı buna hazırlıq gedir, qazanxanaları hazır saxlayırlar. İstənilən vaxt, lap sentyabrda, oktyabrda istilik verirlər. Bizdə də gərək hazırlıq işləri əvvəldən aparılsın. Oktyabrdan istilik verilməli idi, vermədilər, heç olmasa, elə edəydilər, bu gündən hamının evi isinəydi”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG