Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 10:40

İsrail Qəzzada atəşkəsə əməl edəcəyini deyir. Zərbələrdən 104 nəfərin öldüyü bildirilir


İsrailin Qəzza şəhərinə hücumundan sonra qalxan tüstü.
İsrailin Qəzza şəhərinə hücumundan sonra qalxan tüstü.

İsrail ordusu oktyabrın 29-da bildirib ki, Qəzzada atəşkəs sazişinin icrasını bərpa edib. Anklavdakı səhiyyə rəsmiləri isə hava zərbələri nəticəsində 104 nəfərin həlak olduğunu bildiriblər. Hər iki tərəf atəşkəsin pozulmasına görə bir-birini ittiham edir.

Ötən gecə İsrail Qəzzaya hava zərbələrini fələstinli döyüşçülərin bir israilli əsgəri öldürməsindən sonra endirdiyini bildirib. İsrail ordusunun bəyanatında deyilir ki, ordu atəşkəs razılaşmasına əməl etməyə davam edəcək və istənilən pozuntuya "qətiyyətlə" cavab verəcək.

Şahidlər Qəzzaya zərbələr endirildiyini deyirlər

Şahidlərin sözlərinə görə, oktyabrın 28-də İsrail təyyarələri Qəzza şəhərinə zərbələr endirib. "Reuters" xəbər verir ki, bundan öncə İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS Fələstin qruplaşmasını atəşkəs sazişini pozmaqda ittiham edib, Qəzza sektoruna "dərhal və güclü" hücumların başlanması barədə göstəriş verib. ABŞ və Aİ HƏMAS-ı terror təşkilatı kimi tanıyır.

Netanyahu daha öncə onu da deyib ki, HƏMAS təxminən yarım ay öncə əldə olunmuş razılaşmanı pozub, İsrailə girovların meyitlərinin qaytarılması prosesində "başqa" qalıqları təqdim edib.

İsrail ordusunun rəhbərliyindəki bir mənbə oktyabrın 28-də bildirib ki, Qəzza sektorunun İsrailin nəzarətində olan bölgələrindən birində İsrail Müdafiə Qüvvələrinə (SAXAL) hücum olub. Hərbi rəsmilər "Reuters"ə hadisəni "atəşkəs rejiminin növbəti kobud pozuntusu" kimi təsvir ediblər.

Bundan öncə İsrail mediası Qəzza sektorunun cənubundakı Rəfah şəhərində İsrail qüvvələri ilə HƏMAS silahlıları arasında atışma baş verdiyini yazıb.

HƏMAS isə atəşkəsin bütün şərtlərinə əməl etdiyini bildirir, Netanyahunun İsrailin öhdəliklərini yerinə yetirməməsi üçün bəhanə axtardığını iddia edir.

Tramp: Atəşkəsə risk yoxdur

ABŞ prezidenti Donald Tramp oktyabrın 29-da deyib ki, Qəzzada ABŞ-nin dəstəklədiyi atəşkəsə risk yoxdur. İsrail əsgərinin öldürülməsinə cavab olaraq anklava endirilmiş zərbələr isə 26 nəfərin həyatına son qoyub.

"Bildiyimə görə, onlar bir israilli əsgəri öldürüblər. Beləliklə, israillilər cavab veriblər, verməliydilər də. Bu, baş verəndə onlar cavab zərbəsi endirməlidirlər", – Tramp "Air Force One" təyyarəsində jurnalistlərə deyib.

İsrail ordusu oktyabrın 29-da bir əsgərinin öldürüldüyünü təsdiqləyib.

"Atəşkəsə heç nə təhlükə yaratmayacaq. Anlamalısız ki, HƏMAS Yaxın Şərqdə sülhün çox kiçik bir hissəsidir, düzgün davranmalıdır", – Tramp əlavə edib.

Tərəflər bir-birini atəşkəs pozuntularına görə ittiham edir.

HƏMAS Rəfahda İsrail qüvvələrinə hücuma görə məsuliyyəti götürməyib, bəyanatında atəşkəsə sadiq qaldığını bildirib.

Xatırlatma

ABŞ-nin dəstəyi ilə əldə olunmuş Qəzza sektorunda atəşkəs sazişi oktyabrın 10-da qüvvəyə minib. Bununla da 2023-cü il oktyabrın 7-sə HƏMAS-ın İsrailin cənubuna qanlı hücumları ilə başlayan iki illik müharibəyə son qoyub. Razılaşma çərçivəsində fələstinli qruplaşma sağ qalan bütün girovları azad edib. İsrail isə müharibə dövründə həbs edilmiş təxminən 2 min fələstinli məhbus azadlığa buraxılıb. Saziş çərçivəsində İsrail ordusu hücum əməliyyatlarını dayandırıb.

XS
SM
MD
LG