Qəzzadakı ən böyük xəstəxana olan Şifa-ya sığınan minlərlə fələstinli cümə günü İsrailin tibb ocağının həyəti və doğum şöbəsinə hava hücumundan sonra kompleksi tərk etməyə başlayıb.
HƏMAS radikal qruplaşmasının idarə etdiyi Qəzzada səhiyyə nazirliyinin sözçüsü Əşrəf Əl-Qidra deyib ki, oraya on minlərlə insan sığınmışdı.
Reuters agentliyi yerli mənbələrə istinadən yazır ki, xəstəxana kompleksində baş verənlər nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb.
İsrail ordusu iddia edir ki, HƏMAS xəstəxanaların içində, altında gizlənir və Şifanın altında komandanlıq mərkəzi qurub. HƏMAS radikalları bunu inkar edir və xəstəxanalardakı durumu müşahidə etməsi üçün BMT və Qırmızı Xaç Komitəsini Qəzza zolağına xüsusi missiya yollamasını istəyib.
Dünya Səhiyyə Təşkilatının (DST) direktoru Tedros Adhanom Gebreyesus da hadisə ilə bağlı danışıb. Onun sözlərinə görə, hava hücumundan sonra xəstəxanadakı tibb işçiləri təhlükəsizlik səbəbiylə ərazini tərk etmək məcburiyyətində qalıb. DST direktoru xəstəxanada hələ də çox sayda insanın qaldığını bildirir.
***
Fransa prezidenti Emmanuel Makron BBC-yə müsahibəsində İsraildən Qəzza zolağını bombalamağı dayanadırmasını istəyib:
“Düşünürəm ki, atəşkəs yeganə həll yoludur. Çünki “Biz günahsız insanları öldürməklə terrora qarşı mübarizə aparmaq istəyirik” fikrini izah etmək mümkün deyil", - o deyib.
Makron habelə İsrailin özünü müdafiə etmək haqqının olduğunu da əlavə edib.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, min 400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb. İsrail Qəzzada 33 əsgərini itirdiyini bildirir.
Fələstin rəsmiləri isə 10 min 800-dən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.