Ağ ev noyabrın 9-da bildirib ki, İsrail Qəzzanın şimalında hərbi əməliyyatlara gündə dörd saat fasilə verməyə razılaşıb. Ancaq "Reuters" döyüşlərin səngiməsi əlamətinin görünmədiyini yazır.
Adamların iki humanitar koridorla ərazidən çıxmasına imkan verəcək, həmçinin girovların buraxılması üçün istifadə oluna biləcək fasilələr ilk əhəmiyyətli addımlardır. Bunu Ağ evin milli təhlükəsizlik üzrə sözçüsü Con Körbi (John Kirby) deyib.
Amma İsrailin baş naziri Binyamin Netanyahu hər hansı fasilənin dağınıq olacağını söyləyib. "Fox News"a danışan Netanyahu bildirib: "Düşmən HƏMAS-a, HƏMAS terrorçularına qarşı döyüş davam edir, amma spesifik yerlərdə, hərəsində bir neçə saatlığa, dinc sakinlərin döyüş zonasından çıxmasını asanlaşdırmaq istəyirik".
ABŞ və Avropa İttifaqı HƏMAS-ı terrorçu təşkilat sayır.
"HƏMAS-ın təhlükəsizlik kvartalı"
Qəzzanın şimalında döyüşlərə fasilə verilməyib. İsrail qüvvələri Qəzza şəhərini mühasirəyə alıb, tankları şəhərin mərkəzinə irəliləyir, HƏMAS silahlı radikallarını axtarırlar. Hər iki tərəf ağır küçə döyüşlərində qarşı tərəfi böyük itkiyə məruz qoyduğunu açıqlayıb.
Son günlər İsrail dinc sakinlərin Qəzzanın cənubuna keçməsi üçün gündə üç-dörd saat ayırır. Ağ evin şərhindən isə elə çıxır ki, ikinci marşrut açılacaq.
İsrail ordusunun aparıcı sözçüsü Daniel Haqari noyabrın 9-da axşam brifinqdə deyib ki, əsgərlər "HƏMAS-ın təhlükəsizlik kvartalı"na giriblər. Qəzzanın şimalındakı bu ərazidə komandanlıq mərkəzləri, sursat istehsalı zavodları və digər postlar yerləşir.
"50-dən çox terrorçu ilə döyüşdük və onları məhv etdik. Çoxlu silahlar tapdıq. Xeyli kəşfiyyat materialı da tapmışıq, onları araşdıracağıq. Bu ərazini və digər əraziləri təmizləməyə davam edəcəyik", – Haqari vurğulayıb.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna girərək 240-dək adamı girov götürüb, min 400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb. İsrail Qəzzada 33 əsgərini itirdiyini bildirir.
Fələstin rəsmiləri isə 10 min 800-dən çox Qəzza sakininin öldürüldüyünü açıqlayıb.
Qəzzadakı səhiyyə rəsmiləri və yardım təşkilatları bildirirlər ki, dağıntılar altından cəsədlər çıxarıldıqca, ölü sayı da artacaq.