Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 11:50

İŞİD-ə qoşulmaqda suçlanan: ''Skype'la 'Əl-Nüsra'dan olan adamlarla danışdım'


İŞİD döyüşçüləri (arxiv fotosu)

"Televizorda görürdüm ki, oradakıların vəziyyəti pisdir. Uçqunların altında qalanlar var. Mən də getdim onlara kömək eləyim, uçqun altında qalanları çıxarım", – İŞİD-in tərkibində döyüşməkdə suçlanaraq həbs olunan Afiq Qəhrəmanov Suriyaya getməyinin səbəbini belə izah edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun və Rəşadət Qasımovun mühakiməsi başlayıb. Onlar CM-nin 279 (qanunda nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) və 283-cü (milli, irqi, sosial və dini düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Buna da bax:​ 'Azərbaycana qayıtmaq istəyirdi, İŞİD buraxmırdı' – Vəkil

“ƏL-NUSRA” CƏBHƏSİNDƏN OLANLARLA DANIŞIB

İyunun 19-da bu iş üzrə məhkəmədə prokuror Anar Əliyev ittiham aktını elan edib. İttihama görə, 2013-cü ildə Afiq Qəhrəmanov Suriyaya gedib, orada "Əl-Nüsra" qruplaşmasının tərkibində döyüşüb. Onun yol xərcini isə Rəşadət Qasımov ödəyib.

İttihama münasibət bildirən Afiq Qəhrəmanov özünü qismən təqsirli bilsə də, Rəşadət Qasımov özünü qətiyyən təqsirli saymır.

R. Qasımov deyir ki, o, heç kimin yol xərcini ödəməyib. A. Qəhrəmanovla dost olublar, dostu da ondan borc pul istəyib: “Mənə dedi ki, vəziyyətim yaxşı deyil, pul lazımdı. Mən də ona 300 manat pul vermişəm”.

Buna da bax: 'Azərbaycanda sakitlik hər an pozula bilər' [video]

O, hakimin sualına cavab olaraq, “Skype” vasitəsi ilə "Əl-Nüsra" cəbhəsindən olan adamlarla danışdığını da təsdiqləyib: “Mənə deyirdilər ki, “bura yaxşıdı, gəl bura”. Mən getmədim”.

Amma A. Qəhrəmanov Suriyaya getdiyini inkar eləmir. Deyir ki, adamlara kömək eləməkdən ötrü gedib.

“ON DÖRD GÜN SONRA AZƏRBAYCANA QAYITDIM”

A. Qəhrəmanov Suriyaya getməmişdən əvvəl Bakıda idman zallarından birində məşqçi işləyirmiş. Onun sözlərinə görə, Suriyaya gedəndən sonra yanıldığını başa düşüb: “Suriyaya oradakı yerli camaata kömək eləmək məqsədi ilə getmişəm. Televizorda görürdüm ki, oradakıların vəziyyəti pisdir, uçqunların altında qalanlar var. Mən də getdim ki, onlara kömək eləyim, uçqun altında qalanları çıxarım. Amma gedib gördüm ki, vəziyyət mən deyən kimi deyil. Ona görə də on dörd gün sonra Azərbaycana qayıtdım”.

Buna da bax:​ "Suriyada 1000-ə yaxın azərbaycanlı vuruşur"

Afiq Qəhrəmanov deyir ki, Suriyada olarkən döyüşməyib. Yanıldığını başa düşəndə dərhal geri qayıtmaq istəyib, amma buraxmayıblar. Deyir, ona görə də yalan danışmaq qərarına gəlib: “Gələndə onları aldatdım ki, gedirəm ailəmi də gətirim. Onları aldadıb pasportumu aldım. Azərbaycana qayıdandan sonra öz evimizdə yaşamışam. MTN-də dəfələrlə məni dindiriblər. MTN-də özləri də mənə demişdilər ki, sənə təhlükə yoxdur”.

Məhkəmə iyulun 5-də davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG