«İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasının tərkibində döyüşməkdə suçlanan daha iki azərbaycanlının məhkəməsi başlayıb.
CM-nin 279 (qanunda nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) və 283-cü (milli, irqi, sosial və dini düşmənçiliyin salınması) maddələri ilə ittiham olunan Afiq Qəhrəmanov və Rəşadət Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Rahib Salmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
İyunun 12-də məhkəmənin hazırlıq iclasında təqsirləndirilən A.Qəhrəmanovun vəkili onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi haqda vəsatət qaldırıb. Deyib ki, Afiq dörd il öncə Suriyaya gedib, orada İŞİD-ə qoşulub. Müdafiəçinin sözlərinə görə, A.Qəhrəmanov orada yaşananları görəndən sonra Azərbaycana qayıtmaq istəyib, amma İŞİD-də söz sahibi olanlar onu buraxmayıblar.
Vəkil bildirir ki, çıxılmaz durumda olduğunu görən A.Qəhrəmanov ailəsini gətirmək adı ilə onları aldadıb və Azərbaycana qayıdıb. Azərbaycana qayıdandan sonra bir neçə dəfə MTN-ə çağrılıb, dindirilib. Bir müddət sonra isə həbs olunub.
Hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olduğunu deyən vəkil məhkəmə dövrü üçün onun haqqında həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini istəyib.
Hakimlər vəsatəti təmin etməyib.
Bu cinayət işi üzrə məhkəmə baxışı iyunun 19-na təyin olunub.