Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:49

İraqla İran neft ixracını artırırlar


İraqda neft hasilatı
İraqda neft hasilatı

Sentyabrda İraqla İran neft ixracını artırıblar. İki ölkə rəqib Səudiyyə Ərəbistanından ixracın azalması hesabına Çin və ABŞ kimi əsas bazarlarda alıcılar qazanıblar.

«Bloomberg» agentliyi yazır ki, İraq günə 3.98 milyon barrel neft ixrac edib və bu, dekabrdan bəri ən yüksək səviyyədir. İranın ixracı isə günə 2.28 milyon barrelə çatıb. Səudiyyə Ərəbistanı günə cəmi 6.68 milyon barrel neft ixrac edib, bu ildə ikinci dəfə ən aşağı səviyyəyə enib.

İranla İraqın bazarda daha çox pay əldə etməyə yönəlik addımları OPEC daxilindəki gərginliyi üzə çıxarıb. Belə ki qrupun de-fakto lideri və dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə qlobal bazarda tarazlıq yaratmağa çalışır. Dövlətə məxsus Səudiyyə Ərəbistanı Neft Şirkəti – «Aramco» noyabrda neft ixracını xeyli azaldacaq, bu haqda energetika nazirliyi bazar ertəsi məlumat yayıb.

***Buna da bax-Səudiyyə kralı Putin-lə neft, S-400 və Suriyanın bütövlüyündən danışıb

OPPORTUNİST DAVRANIŞ

«İraqla İran bazarlara daha çox məhsul çıxarmaqla xeyli opportunist davranırlar, çünki alıcılara daha əvvəlki kimi Səudiyyə nefti təklif olunmur. Son bir neçə ayda Səudiyyə Ərəbistanının ixracı azalıb, çünki bazarı yenidən balanslaşdırma siyasətinə fokuslanıblar», – Londondakı «Energy Aspects Ltd.» şirkətinin neft təhlilçisi Richard Mallinson deyib.

Səudiyyənin energetika naziri Khalid Al-Falih hələ mayda vəd edirdi ki, ölkə ABŞ-a ixracı azaldacaq və bununla «şişmiş» xam neft rezervlərini məhdudlaşdıracaq. Birləşmiş Ştatlara ixrac martdan avqustadək azalıb və bu ilin ən aşağı səviyyəsinə düşüb. Ümumiyyətlə isə, Səudiyyənin ixracı iyulda ən aşağı həddə enib və bir il öncəylə müqayisədə bir milyon azalıb. Bunu Birgə Təşkilatlar Data Təşəbbüsünə (JODI) əsasən söyləmək olar. Ər-Riyadda mənzillənən JODI istehsal və ixracla bağlı məlumatları birbaşa ölkələrdən alır.

İraq sentyabrda Birləşmiş Ştatlara günə 871 min barrel xam neft ixrac edib və bununla da artıq ikinci ay Səudiyyə Ərəbistanını ötüb keçib. İraq avqustda ABŞ-a Səudiyyədən iki dəfə artıq neft göndərmişdi.

Fars Körfəzində neft yatağı
Fars Körfəzində neft yatağı

İRAN SƏUDİYYƏNİ İZLƏYİR

İraq Hindistana neft təchizatında da Səudiyyəni ötüb, əhali sayına görə dünyada ikinci olan ölkəyə bu ilin yeddi ayı ərzində daha çox neft satıb. İraqın Hindistana orta satışı isə bu il günə 794 min barrel olub. Bu arada Səudiyyə günə 738 min barellə kifayətlənib. «Aramco» rəhbəri Amin Nasser bu həftə Hindistanda ofis açıb.

İransa Çinə neft satışında Səudiyyəyə çatmağa çalışır.

***Buna da bax-Azərbaycan Vyana razılaşmasına əməl edir

Səudiyyə Ərəbistanı sentyabrda Çinə günə 833 min barrel, İran günə 600 min barrel neft göndərib. OPEC-in üçüncü böyük hasilatçısı olan İran 2016-cı ilin yanvarında sanksiyalar yüngülləşdiriləndən ixracı iki dəfə artırıb.

«Gələn aylar İranın hasilatının və ixracının artmasını gözləyirəm. Səudiyyə hasilatı davamlı azaltsa, onların bazardakı payı səudiyyəlilərdən tədricən alacağını gözləyirəm», – Dubayda mənzillənən «Qamar Energy» konsultasiya firmasının rəhbəri Robin Mills deyib.

SƏUDİYYƏNİN TƏLƏBATI

«Bloomberg» yazır ki, İranla İraq qazanclarını itirməməyə çalışacaqlar. OPEC-in hasilatın azaldılması kvotası hər iki ölkəyə aiddir. Mallinson deyir ki, onların bazarda pay qazanmaq cəhdləri OPEC-in hasilatın azaldılması kvotasına risk yaratmayacaq.

İrana ABŞ-ın maliyyə qadağaları hələ də qalır və bununla yanaşı, hasilatı yüksəltməyə sərmayə və texnologiya əldə etməyə çalışır.

OPEC-in məhdudiyyətinin müddəti bitən kimi Səudiyyə yenidən günə 10.7 milyon barrellik rekord səviyyəsinə qayıda bilər. Adətən yayda, krallıqda yerli tələbat artanda ixrac zəifləyir, havalar sərinləyəndə yenidən yüksəlir.

OPEC noyabrda bir araya gələcək və razılaşmanın müddətini martdan sonraya uzatmağı müzakirə edəcək. Tələbatın artması, sövdələşmənin müddəti bitəndən sonra bazarda hamıya pay çatacağı anlamına gəlir. Mallinson belə düşünür.

«Rezervlər təmizlənən kimi tələbat artacaq. OPEC tam hasilatı bərpa edən kimi barelləri yerləşdirmək problem olmayacaq», – təhlilçi deyir.

XS
SM
MD
LG