Keçid linkləri

2026, 27 Mart, Cümə, Bakı vaxtı 23:30

Əldən düşmüş, bölünmüş, intizarda qalan iranlılar

İranlılar hava hücumlarında həlak olan yaxınlarının dəfn mərasimində.
İranlılar hava hücumlarında həlak olan yaxınlarının dəfn mərasimində.

ABŞ və İsrailin fevralın 28-dən bəri davam edən hava zərbələri Tehranın bəzi hissələrini xarabalığa çevirib, paytaxtda çoxlarının əsəblərini korlayıb.

Artıq müharibənin bir ayı tamam olmaq üzrədir. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda azı min hədəfin vurulduğunu bildirir.

ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı 217-si uşaq olmaqla, azı 1 min 464 dinc sakinin öldürüldüyünü bildirir.

AzadlıqRadiosunun fars xidməti iranlılardan gündəlik dolanışıqlarının necə keçdiyini soruşub. Hökumət interneti 600 saatdan çoxdur bloklayıb deyə, sıravi iranlılarla əlaqə saxlamaq da asan deyil.

Tehrandan bir kişi indiki durumda travma və həyəcanın yayğın olduğunu, amma ümidini yekun qələbəyə bağladığını deyir. O, heç diplomatiyaya da inanmır: "Sülh, vəssalam? Bu, xəyaldır. Sillə və yumruğa güllə və bomba ilə cavab verirsən".

"Daha dözmək olmur"

Başqa bir sakin deyib ki, ali lider Əli Xamenei və digər yüksəkvəzifəlilər fevralın 28-də öldürüləndə rahat nəfəs alıb. Amma elə həmin gün Minabda onlarla məktəblinin öldürüldüyünü eşidib.

"Ölkəni dağıdırlar. Tək istəyim müharibənin bitməsidir. Bu partlayış səsləri, yaşadığımız həyəcana daha dözmək olmur", – o yazır.

Tərəflər zərbələri davam etdirirlər, İran İsraili, Yaxın Şərqdəki hədəfləri raket və dron atəşinə tutur. Bu arada Vaşinqtonla Tehranın vasitəçilərlə bir-birinə şərtlərini ötürdükləri bildirilir. Vaşinqton bu addımın danışıqlarla nəticələnə biləcəyini deyir.

ABŞ İranın zənginləşdirilmiş uranı təhvil verməsini, raket proqramını məhdudlaşdırmasını istəyir. İran isə kompensasiya, Hörmüz boğazı üzərində suverenliyinin tanınmasını istəyir.

Bu iki mövqe arasında böyük uçurum var. Təhlilçilər təkliflərin qarşı tərəfin qırmızı xətlərini keçdiyini deyirlər.

"Müharibənin ortasında üç nəfəri asıblar"

Bəs, rejim yerində qalmağı bacarsa, nə olacaq? Bu narahatlığı Tehrandan bir qadın dilə gətirib.

"Qorxuram ki, müharibədən sonra daha da vəhşiləşəcək, gəncləri edam edəcəklər. Müharibənin ortasında üç nəfəri asıblar", – o yazır.

Tehrandan 40 yaşlarında bir qadın AzadlıqRadiosuna danışır ki, hər partlayışdan sonra telefona əl atır, dost-tanışın salamat olub-olmadığını yoxlayır: "Sabaha, heç bir saatdan sonraya sağ çıxıb-çıxmayacağımızı bilmirik".

"Məncə, Amerikanın, İsrailin hücum etməsini arzulayanlar müharibənin nə olduğunu bilmirdilər", – bir ana yazır.

XS
SM
MD
LG