İranın Luristan əyalətində bir neçə dövlət qulluqçusu "dövlətə xəyanət" ittihamı ilə həbs edilib. Bu haqda dövlət mediası aprelin 13-də bildirib. Saxlanılanların sayı və kimliyi açıqlanmayıb.
Ancaq xəbərlərdə saxlanılanların müxtəlif qurumların əməkdaşları olduğu qeyd edilir. Onların arasında Luristan Universiteti, Tibb Elmləri Universiteti, Vergi İdarəsi, Məktəblərin Yenidən Qurulması İdarəsi, Mühəndislər Təşkilatı, eləcə də əyalətin təhsil sektorunda çalışan bir sıra müəllimlər var.
İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" xəbər agentliyi bildirib ki, ittihamlar arasında "vətənə xəyanət və düşmən şəbəkələrlə əməkdaşlıq" yer alır.
Fevralın 28-də ABŞ və İsrail İranla müharibəyə başlayıb, aprelin 8-də ikihəftəlik atəşkəs qüvvəyə minib. Ötən altı həftə ərzində İranın məhkəmə sistemi hər gün dövlət mediasının "xəyanətkar" kimi təqdim etdiyi şəxslərin saxlanıldığını açıqlayıb. Onların müharibədən zərər görmüş ərazilərin foto və video çəkilişini apardıqları iddia olunur.
Saxlanılanlardan bəziləri məhkəmə qarşısına çıxarılıb, digərləri isə dövlət televiziyasında etirafa məcbur edilib.
Bəzi hallarda "Yer üzündə fəsad törətmək" ittihamı irəli sürülüb. Bu ittiham İranda ölüm cəzası ilə nəticələnə bilər.