Keçid linkləri

2026, 11 Aprel, şənbə, Bakı vaxtı 00:03

'Amnesty' İranda internetin min saatdır kəsildiyini bildirir

İranda müəllimlər də internetsiz qalıb
İranda müəllimlər də internetsiz qalıb

"Amnesty International" insan haqları təşkilatı İranda internetin min saatdır blokadada olduğunu bildirir. "NetBlocks" internet monitorinq qrupu isə məhdudiyyətin 984 saatdır davam etdiyini deyir.

"İranda insanlar min saatdır rəqəmsal qaranlıqda yaşayır. İnternetə çıxış təməl insan hüququdur, xüsusilə münaqişə dövründə vacibdir. Hakimiyyət internetə çıxışı dərhal bərpa etməlidir", – "Amnesty" X platformasında yazıb.

İran fevralın 28-də ABŞ və İsrailin zərbələri başlayan gün internetə çıxışı kəsib və kəsinti 42 gündür davam edir.

Amma internet blokadası ölkəni tam əhatələmir. "NetBlocks" qeyd edir ki, adi istifadəçilərin internetə çıxışı İranın daxili Milli İnformasiya Şəbəkəsi ilə məhdudlaşır. Amma dövlət seçilmiş istifadəçilərin sosial mediada paylaşım etməsinə, xaricə gedən informasiya axınını formalaşdırmasına imkan verir.

Aprelin 8-də ikihəftəlik atəşkəs qüvvəyə mindikdən sonra da internetə məhdudiyyətlər götürülməyib. Halbuki hakimiyyət kəsintinin əsas səbəbi kimi məhz müharibəni göstərirdi. Bu ikili yanaşma adi iranlıların da diqqətini çəkib.

Qadağanın iqtisadi təsirləri də artır. İran rəsmilərinin 2024-cü ildə İsraillə 12 günlük müharibə zamanı açıqladığı rəqəmlər əsasında ilkin hesablamalar aparılır. Rəqəmsal iqtisadiyyatın itkisi 200 trilyon rial (126 milyon ABŞ dolları), ümumi iqtisadiyyatda 2 min trilyon rial (1.26 milyard dollar) göstərilir. Bu hesablamalar aprelin 9-na olan açıq bazar məzənnələrinə əsaslanır, davam edən ziyanın tam miqyasını göstərmir.

XS
SM
MD
LG