İranda etnik türkmənlərin çoxu Türkmən Səhrada yaşayır, Türkmənistanla sərhədin o tayında. İranın şimal-şərqində yerləşən bu regiona az sayda raket və dron düşüb.
Yerli sakinlərin AzadlıqRadiosuna dediyinə görə, ABŞ və İsrailin zərbələri ilə başlayan müharibə onlara dolayısı ilə təsir göstərib. Təhlükəsizlik tədbirləri sərtləşdirilib, qiymətlər kəllə-çarxa qalxıb. Buranın əhalisi isə onsuz da yoxsuldur, icma liderlərini isə mərkəzi hökumət yola vermir.
Amma müharibə demokratiya və bərabərliyə ümid hissi də gətirib, AzadlıqRadiosunun özbək xidmətinin müxbiri Zamirə Eşanova yazır.
"Yaşadığım yeri bombalamırlar", – Gümbət şəhərindən dövlət qulluqçusu Nurməhəmməd radioya deyib. Bircə İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Xəzər dənizinə yaxın radar stansiyasına hücum olub.
Amma o, təhlükəsizlik qüvvələrinin, yoxlama məntəqələrinin sayının xeyli artdığını bildirib.
Kəlalə şəhərindən tələbə Ayxan da eyni şeyi danışır. "Demək olar, hər bir şəhərdə yoxlama məntəqəsi var, yarımhərbi qüvvələr silahlanıb. Maşınları, hətta mobil telefonları daim yoxlayırlar", – o əlavə edib.
Təhlükəsizliyə görə hər iki şəxsin əsl adı açıqlanmır.
İqtisadi fəsadlar
Müharibənin iqtisadi təsirləri isə dərhal hiss olunur, qiymətlər sürətlə qalxır.
"Ərzaq kəskin bahalandı, türkmənlərin çoxu kasıbdır, vacib məhsulları ala bilmirlər", – Ayxan deyir.
Nurməhəmməd bəzi malların qiymətinin 10 dəfəyəcən qalxdığını vurğulayıb: "Hazırda ərzaq qıtlığı yoxdur, amma qiymətlər kəskin artıb. Bitki yağı, un, düyü çox bahalanıb. Əvvəl adama 1 kilo düyü ala bilirdinsə, indi yalnız 200 qrama gücün çatır".
Türkmən Səhrada 1 milyonadək insanın yaşadığı deyilir. Amma real rəqəm daha yüksək ola bilər. Türkmənlər, əsasən, şiə ölkəsi İranda tarixən sıxışdırılmış sünni azlıqdır. ABŞ-İsrail hücumunadək onların başı işıq, su qıtlığı kimi problemlərə qarışıb.
"Türkmən Səhraya struktur biganəliyin kökləri dərindir, münaqişə isə onu daha da böyüdüb", – bu regiondan çıxmış türkmən, Türkiyədə Trakya Universitetinin professoru Əbdürrəhman Dəvəçi belə deyir.
"Türkmənlər uzun müddət iqtisadi baxımdan kənarda qalıblar. Müharibə bərabərsizliyi dərinləşdirib, dövlət investisiyaları və subsidiyaları nadir hallarda bu bölgəyə çatır", – Dəvəçi AzadlıqRadiosuna bildirib.
İnamsızlıq
Dövlət mediasına geniş inamsızlığın bir səbəbi hökumətlə əlaqələrdəki gərginlikdir. Türkmən Səhra sakinlərinin çoxu müharibə barədə qeyri-rəsmi şəbəkələrdən informasiya alır.
"İnformasiyanın çoxu əhali arasında söhbətlərdə yayılır. İctimaiyyət yerli və dövlət mediasına inanmır... Peyklərə, internetə çıxışı olanlar daha dəqiq informasiya verirlər", – Ayxan vurğulayıb.
Həm Ayxan, həm də Nurməhəmməd ali rəhbər Əli Xameneinin, digər rəsmilərin ölüm xəbərinin regionda sevinclə qarşılandığını deyirlər.
"Bu xəbərləri eşidəndə hamımız çox xoşbəxt olduq", – Nurməhəmməd deyir. O, yanacaqdoldurma məntəqəsində bir dəstə adamın bu xəbərə sevinməsinin şahidi olduğunu əlavə edir.
Ümid və əndişə
Amma çoxları hər hansı siyasi dəyişikliyin gətirəcəyi gələcəkdən də narahatdır.
"Şəxsən mən hökumətin süqutundan əminəm, amma yeni hökumətin İrandakı türkmənlərlə necə davranacağından narahatam", – Ayxan bildirib.
"Türkmənlər rejim dəyişikliyinə demokratik sistem ümidi ilə baxıblar. Ancaq hər bir rejim möhkəmlənəndən sonra türkmənlərə ayrıcalıq edib", – Dəvəçi vurğulayır.
"Ona görə də türkmənlər müharibədən sonraya həm ümid, həm narahatlıqla baxırlar: Tarix təkrarlanacaq, yoxsa nəhayət daha yaxşı günlər görəcəyik?” – o əlavə edib.