Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:26

İranda Telegram-ın populyarlığından narahatdırlar


İranda Telegram-ın səsli danışıq funksiyası qapadılıb. Shahrokh Heidari. Karikatura. Aprel 2017
İranda Telegram-ın səsli danışıq funksiyası qapadılıb. Shahrokh Heidari. Karikatura. Aprel 2017

Milyonlarla iranlı xəbərləri oxumaq, dostları və ailə üzvləri ilə ünsiyyətə girmək, alış-veriş və əyləncə üçün hər gün bir mənbədən, Telegram telefon əlavəsindən yararlanır.

"İran" qəzeti yazır ki, insanlar hətta borc pul götürməkdən ötrü belə bu əlavəyə üz tuturlar.

İranın bir hökumət rəsmisinin verdiyi məlumata görə, 40 milyona qədər iranlı, yəni ölkə əhalisinin yarısı Telegram əlavəsindən yararlanır.

Buna da bax:​ 'Telegram' reyestrə salındı, amma...

Telegram 2013-cü ildə Nikolai və Pavel Durov adlı iki rusiyalı qardaş tərəfindən yaradılıb.

“DAĞIDICI TƏSİR”

Rejimin bütün informasiya axınını monopoliyada saxladığı ölkədə bu əlavənin yaratdığı nisbi azadlıq çox ciddi dəyişiklikdən xəbər verir. Adi vətəndaşlar, fəallar, iş və incəsənət adamları birdən-birə öz həmyerliləri ilə azad ünsiyyət imkanı qazanırlar. Mühafizəkar rejimin gözüylə baxsaq, bu, xoşagəlməz mədəni, ictimai və siyasi nəticələrə yol aça biləcək bir trenddir.

Özəlliklə də, ali dini lider Ayatollah Ali Khamenei başda olmaqla, İranda əsas mediaya, o cümlədən, dövlət radio və televiziyasına nəzarət edən mühafizəkarlar bundan xüsusi narahatlıq keçirirlər. Onlar prezident Hassan Rouhani hökumətinə Telegram əlavəsinə məhdudiyyət və filtr qoyulması üçün təzyiq edirlər.

Buna da bax: 'İranda dul qadınlar daha çox əziyyət çəkir - bəzi kişilərə görə'

Əlində Telegram tutmuş "Azadlıq" abidəsi
Əlində Telegram tutmuş "Azadlıq" abidəsi

Ötən həftə hökumətin sosial media siyasətini tənqid edən Baş Prokuror Mohammad Javad Montazeri sosial medianın İran cəmiyyətinə "dağıdıcı təsirindən" danışıb.

“Sosial media magistral yol kimidir. Biz onları açmışıq və onlara nəzarətimiz yoxdur", – deyə Motazeri mühafizəkar "Tasnim" xəbər saytına müsahibəsində qeyd edib. AzadlıqRadiosu-nun fars xidmətinin (Radio Farda) məlumatına görə, onun müavini daha öncə İran dövlət televiziyasına müsahibəsində Rouhani hökumətini "cinayət məzmunlu" 8 min Telegram kanalına filtr qoymamaqda ittiham etmişdi.

Buna da bax:​ Milyonlarla iranlı senzuranı necə aldadır

MÜHAFİZƏKARLARIN NİFRƏTİNİN SƏBƏBİ

Mühafizəkarların Telegram-a nifrəti onların son prezident seçkilərində məğlubiyyətindən qaynaqlanır. ABŞ-da yaşayan iranlı sosioloq Majid Mohammadi Radio Farda üçün yazdığı məqalədə qeyd edir ki, Khamenei-nin dəstəklədiyi namizəd Ebrahim Raeisi-nin hazırkı prezident Rouhani-yə məğlub olmasının əsas səbəblərindən biri prezident tərəfdarlarının sosial mediadan effektiv istifadə etməsi idi.

Dövlət mediası Raeisi-nin qələbəsindən ötrü Rouhani-nin son dörd il ərzindəki fəaliyyətini tənqid etməklə məşğul olduğu vaxtda prezident və tərəfdarları öz mesajlarını kütləyə çatdırmaq, tənqidlərə cavab vermək və opponentlərinə hücum etmək üçün sosial mediadan yararlandılar.

Ali Dini Liderə sadiq ədliyyə sistemi hətta Rouhani-nin seçki kampaniyasını zəiflətmək üçün onu dəstəkləyən islahatçı Telegram kanallarının bir qrup administratorunu həbs etdi. Ancaq son nəticədə onlar öz istəklərinə nail ola bilmədilər: Rouhani 24 milyon səslə seçkilərdə qalib gəldi.

Buna da bax: Ən təhlükəsiz mesencer hansıdır?

“SERVERLƏR İRANA KÖÇÜRÜLMƏYƏCƏK”

Mühafizəkarlar Telegram-dan qaynaqlanan problemlərini həll etmək üçün indi də başqa bir strategiya üzərində çalışırlar. İndi onlar Telegram-ın öz serverlərini İrana köçürməsini, əks halda filtr olunmasını tələb edirlər.

İyulun 22-də "Fars" xəbər agentliyi Telegram-ın buna razılıq verdiyi haqda xəbər yayıb.

Yayılan xəbər bir çox iranlının hesablarının anonimliyi və təhlükəsizliyi sarıdan narahatlığına yol açıb.

Ancaq bundan az sonra bəlli olub ki, yayılan xəbər yanlış həyəcan siqnalından başqa bir şey deyilmiş. “Telegram-ın heç bir serveri (və ya istifadəçilərimizin özəl məlumatlarını daşıyan hər hansı server) İrana köçürülməyəcək və orada quraşdırılmayacaq", – deyə Telegram-ın yaradıcısı Pavel Durov öz Twitter hesabından iranlı istifadəçilərin suallarına cavab olaraq yazıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG