Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:58

'Telegram' reyestrə salındı, amma...


Telegram
Telegram

«Telegram» messenceri Rusiyada informasiya yayan təşkilatların reyestrinə daxil edilib. Bu haqda «RIA Novosti» agentliyini «Roskomnadzor» kommunikasiya tənzimləyicisi təşkilatının mətbuat katibi Vadim Ampelonsky bilgiləndirib.

««Telegram» reyestrə salınıb. Qeydiyyat nömrəsi – 90-РР-dir», – o deyib.

Daha öncə «Roskomnadzor»un rəhbəri Aleksandr Zharov demişdi ki, «Telegram» reyestrə salınmaqdan ötrü tələb olunan bütün məlumatları quruma təqdim edib. Beləliklə də, messencer Rusiyada hüquqi müstəvidə işləməyə başlayıb.

«YAROVA QANUNU»NA ƏMƏL OLUNMAYACAQ

«Telegram»ın təsisçisi Pavel Durov çərşənbə günü –iyunun 28-də deyirdi ki, söhbət «Roskomnadzor»a ancaq qeydiyyat məlumatlarının təqdim olunmasından gedirsə, messencerin reyestrə salınmasına razıdır. Ancaq Durov onu da söyləyib ki, «Telegram»ın komandası «Yarova qanunu»nun tələblərini yerinə yetirməyə hazırlaşmır, bu, «texniki baxımdan real deyil». Həmin qanun terrorçuluqla mübarizəni hədəfləyir, ancaq insan haqları fəalları bu qanunun şəxsi həyata, ifadə azadlığına təhlükə yaratdığını vurğulayırlar.

Daha öncə Rusiyanın FSB təhlükəsizlik xidməti apreldə Sankt-Peterburqda 15 nəfərin ölümünə səbəb olmuş intiharçının «Telegram» mobil mesajlaşma əlavəsindən istifadə etməsinə dair açıqlama yayıb.

Pavel Durov
Pavel Durov

P.Durov-sa yeni qanunları imzalamaqdan imtina edib, messencerdəki kodlaşdırılmış mesajlara tənzimləyicilərin çıxışına imkan vermək istəməyib. İyunun 27-də bir təhlükəsizlik rəsmisi «RIA Novosti»yə deyirdi ki, «Telegram»ın Rusiyada işinin məhdudlaşdırılması təhlükəsizlik baxımından əsaslandırılıb.

ÖZƏL İNFORMASİYA VERİLMƏYƏCƏK

«Reuters» agentliyi isə «Telegram»ın istifadəçilər haqda özəl informasiya paylaşmayacağını yazır.

Durov sosial mediada yazıb ki, messencerin Rusiyada qeydiyyata alınmasından məmnundur, ancaq o, istifadəçilərin konfidensiallığını pozacaq heç bir addım atmayacaq.

««Telegram»ın konfidensiallıq siyasətinə, yaxud insanların özəl həyatının qorunmasına zidd qanunlara əməl etməyəcəyik», – Durov deyib.

«Reuters» FSB-nin açıqladığı informasiyanın «Telegram»a təzyiqi artırdığını vurğulayır.

«Bu, hakimiyyətin messenceri milli təhlükəsizlikdən dolayı bloklamaq niyyətinin ciddiliyini ortaya qoydu. Durov-sa «Telegram»ın artıq terrorçuluqla bağlı minlərlə kanalı bağladığını, bu messencer də yasaqlanarsa, terrorçuların başqa bir xidmətə keçəcəyini söyləyib», – agentlik yazır.

XS
SM
MD
LG