Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:07

Milyonlarla iranlı senzuranı necə aldadır


İranda internet istifadəçiləri

İranda «Facebook» və «Twitter» rəsmən qadağandır. Digər sosial şəbəkələrin kontentinə isə mühafizəkar İslam İnqilab keşikçiləri və xüsusi xidmətlər ciddi nəzarət edir.

Ancaq bu, ölkədə internetin olmaması demək deyil. Ölkənin, demək olar, bütün yüksəkrütbəli məmurlarının «Twitter» hesabları var. Prezidentin çıxışları isə televiziyada senzuraya məruz qalsa da, tam versiyaları dərhal sosial şəbəkələrə yerləşdirilmiş olur.

NAMİZƏDLƏR SOSİAL ŞƏBƏKƏLƏRDƏ

Bəs İranda həqiqətən də internet azadlığı varmı? İranlılar xüsusən də prezident seçkiləri ərəfəsində hökumətin bu qadağalarından yan keçmək üçün nə edirlər?

***Buna da bax-Məhkəmə müstəqil saytları blokladı

İranlı jurnalist, AzadlıqRadiosunun İran xidmətinin onlayn servisinin baş redaktoru Fred Petrossians deyir ki, İranda televiziya dövlətin tam nəzarəti altındadır.

«İranın ali dini lideri Khamenei televiziya kanallarının rəhbərlərini özü təyin edir. Sonradan onlar prezidentə yox, məhz ona hesabat verirlər... İrandan danışarkən, biz ölkədə durumun nə dərəcədə mürəkkəb və qarışıq olduğunu anlamalıyıq. Məsələn, İranda mətbuatı Mədəniyyət Nazirliyinin xüsusi komitəsi idarə edir. Ancaq eyni zamanda, KİV-in işini birbaşa və ya dolayı yolla senzuraya məruz qoya bilən azı 9 başqa qurum mövcuddur», – jurnalist CurrentTime.TV-yə deyir.

Fred Petrossians
Fred Petrossians

ALİ DİNİ LİDERİN DƏ SOSİAL ŞƏBƏKƏ HESABLARI VAR

F.Petrossians-ın sözlərinə görə, siyasətçilər və prezidentliyə namizədlər «Telegram» və «Twitter» kimi sosial şəbəkə və messencerlərdən istifadə edirlər.

«Namizədlər sosial şəbəkələrə keçirlər və minlərlə, yüz minlərlə insan orada onları izləyir və oxuyur. Onlar nə barədəsə bəyanat vermək istəyəndə sosial şəbəkələrdən istifadə edirlər. Khatami bu seçkilərdə Rouhani-ni dəstəkləyir. Ahmadinejad-sa heç kəsi dəstəkləməyəcəyini bəyan edib. Namizədlərdən hər biri digərlərini saxta məlumatlar yaymaqda ittiham edir. Onlar da buna bənzər cavablar verirlər. Prezidentin son çıxışlarından biri senzuraya məruz qalıb. Bu çıxışında o, Mirhossein Mousavi-dən (rəssam və memar, İranın xarici işlər naziri və sonuncu baş naziri olub. 2011-ci ildən bəri ev dustağıdır) danışırdı. Həmin fraqmenti kəsdiklərinə görə onu sosial şəbəkələr vasitəsilə yaymaq lazım gəldi. Beləliklə, senzura uğursuzluğa düçar oldu», – o deyir.

***Buna da bax-Prokurorluq Azərbaycandakı intiharların səbəbini 'tapdı'

Jurnalistin sözlərinə görə, ölkədə «Facebook» və «Twitter» rəsmən yasaqlansa da, hətta ali dini liderin də hər iki sosial şəbəkədə hesabları var:

«Bu, açıq-aşkar filtrlərin və senzuranın iflası deməkdir».

Bu, həm də sosial platformaların hətta İran kimi qapalı ölkələrdə belə güclü olmasından xəbər verir.

Tehranda inter-provayderin Nəzarət otağı
Tehranda inter-provayderin Nəzarət otağı

«TELEGRAM»I YASAQLAMAQ LAZIM DEYİL

«2009-cu ildə «Yaşıl hərəkat» seçkisonrası etirazlar zamanı təkcə bütün dünyaya hakimiyyətin repressiyaları və mitinqlər barədə məlumat vermək üçün yox, həm də öz ölkələrində insanları səfərbər etməkdən ötrü fəal şəkildə «Twitter» və «Youtube»dan yararlanırdı... O zaman bir fransalı jurnalist belə yazırdı: ««Yaşıl hərəkat» İran inqilabında qalib gələ bilmədi, ancaq kommunikasiya inqilabı baş verdi». Bundan sonra biz «ərəb baharı» zamanı və digər hallarda bunun təsdiqini gördük. İndi biz İranda yeni mərhələnin şahidi oluruq: indi artıq hətta hökumət belə, sosial şəbəkələrə, rəqəmsal alətlərə güvənir. Beş il öncə Khamenei-nin əmriylə interneti izləyən qurum yaradılıb. Bu qurum keçirdiyi müzakirələrə prezidenti, bəzi nazirləri, parlamentin rəhbərini və əlbəttə, «İnqilab keşikçiləri»ni də cəlb edir. Onlar «Telegram»ı yasaqlamaq məsələsini müzakirə edərək belə qərara gəliblər ki, hələlik bunu etmək lazım deyil», – F.Petrossians deyir.

Onun sözlərinə görə, iranlılar sosial şəbəkələrdən çox kreativ şəkildə faydalanırlar. Jurnalist deyir ki, AzadlıqRadiosunun İran xidməti – Radio Farda «Instagram»da şəkillər paylaşanda istifadəçilərdən xahişlər yağmağa başlayıb:

«Xahiş edirik, burada məqalələrdən hissələr yerləşdirin, biz oxuyaq. Burada senzura yoxdur».

«Əvvəlcə İranda minlərlə bloqqer peyda oldu. Sonra onlar sosial şəbəkələrə, öncə «Facebook»a, daha sonra «Telegram» və «Instagram»a keçdilər. İranda bütöv nəsillər senzura cəngəlliyində böyüyür və biz təkamülü müşahidə edirik. İnternet istifadəçiləri bir növ kimi uyğunlaşmanın sayəsində həyatda qalırlar. Onlar filtr və qadağalarla yaşamağı öyrənirlər», – F.Petrossians deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG