Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:48

'İranda dul qadınlar daha çox əziyyət çəkir - bəzi kişilərə görə'


İranda qadın haqları aksiyası (arxiv fotosu)
İranda qadın haqları aksiyası (arxiv fotosu)

“İranda dul qadınların çoxu dul olduqlarını gizlətməyə məcburdurlar. Bu, bəzi kişilərin dul qadınlara əxlaqsız və təhqiramiz münasibəti ilə bağlıdır", – İranın Kooperativlər, Əmək və Sosial Rifah naziri deyib.

Ümumdünya Dullar Günü kimi qeyd olunan 23 iyun münasibətilə özünün “Telegram” kanalında paylaşdığı mesajda Ali Rabiei bildirib ki, kişilərin bu yanaşması qadınların iztirabını artırıb və onları acınacaqlı həyata sürükləyib". Məlumatı İranın Tələbə Xəbər Agentliyi (ISNA) yayıb.

İKİ DƏFƏ ÇOX ƏZİYYƏT

Beynəlxalq Dullar Günü BMT tərəfindən "bir çox ölkələrdə dul qadınlar və dolanışığı onlardan asılı olanların üzləşdiyi yoxsulluq və ədalətsizliyə" qarşı fəaliyyət günü kimi qeyd olunur. Bu gün hər il iyunun 23-də qeyd edilir.

Buna da bax:​ Dul qadınların yaşam mücadiləsi

İranın Kooperativlər, Əmək və Sosial Rifah naziri Ali Rabiei
İranın Kooperativlər, Əmək və Sosial Rifah naziri Ali Rabiei

“Fərqli cəmiyyətlərdə qadınlar müxtəlif sınaqlarla, o cümlədən yoxsulluq və səfalətlə üz-üzə qalırlar. İran qadınları isə bundan əlavə bəzi spesifik marginal sınaqlardan da əziyyət çəkirlər", – deyə Rabeie bildirib.

Nazir özünün 2010-ci ilə aid tamamlanmamış araşdırmasına istinad edərək bildirib ki, “müsahibələr nəticəsində əldə edilmiş ilkin məlumatlara görə, İranda dul qadınlar təhlükədən cəmiyyətin yerdə qalan üzvlərinə nisbətən iki dəfə çox əziyyət çəkirlər".

İranda bir çox qadın hüquqları fəalı daha öncə də ölkədəki dul qadınların taleyi məsələsini qaldırıb. Ancaq İran İslam Respublikasının dövlət rəsmiləri belə mövzuları nəinki qabartmır, ümumiyyətlə, onlara çox nadir hallarda toxunur.

İranda dul və boşanmış qadınlara münasibət bir qayda olaraq müsbət deyil. Bir çox İran kişiləri və hətta bəzi qadınlar belə asanlıqla dul qadınları əxlaqsız davranış və niyyətlərdə ittiham edir.

Buna da bax: 'Qadın işləyir, Qadın həll edir, Qadın idarə edir'

“SOSİAL STRUKTUR”

Ali Rabiei-yə görə, İranda dul qadınların özlərini böyük təhlükədə hiss etməsi ölkənin "sosial strukturundan" qaynaqlanır. Nazir deyir ki, problem iş yerlərinin yaradılması və dul qadınlar üçün təhlükəsiz, asan və dinc həyatın təmin edilməsi yolu ilə həll edilə bilər.

"Yalnız cəmiyyətin dul qadınların ailə həyatındakı mühüm və fundamental rolunu, onların ailə təsərrüfatlarını idarə etməsini, övladlarını dolandırmasını şərəfləndirdiyi halda onlara həqiqətən hörmət edilmiş olar", – deyə Rabiei vurğulayıb.

Ali Rabiei öz müraciətində həmçinin iri şəhərlərdə dul qadınların rahat yaşaması üçün zəmin yaratmağa çağırış edib.

Nazirin İranda dul qadınların vəziyyətinin yaxşılaşdırılmasından ötrü etdiyi təkliflər arasında “tənha valideynlər üçün ailə məsləhət xidmətlərinin" yaradılması və "təhlükəsizlik faktorlarının gücləndirilməsi" kimi tədbirlər də sadalanıb.

Buna da bax:​ Bunun adı vəhşilik deyilsə bəs nədir?

Rabiei bundan başqa tənha qadınların övladlığa uşaq götürə bilməsi üçün normal şəraitin yaradılması planlarını da dəstəkləyib.

İRANDA 6 MİLYON DUL QADIN YAŞAYIR

Dul qadınlar ərləri vəfat etmiş qadınlardır. Hazırda bütün dünyada 256 milyon dul qadın yaşayır.

2011-ci ildə İranın Entekhab saytı İran parlamentinin üzvü Alireza Abbaspour-a istinadən yazmışdı ki, İranda altı milyon dul qadın yaşayır.

BMT-nin bir hesabatında isə dul qadınlar haqqında belə deyilir: “Statistikada adları olmayan, tədqiqatçıların görmədiyi, milli və yerli hökumətlərin əhəmiyyət vermədiyi, vətəndaş cəmiyyəti qurumlarınınsa, əsasən, görməzdən gəldiyi dul qadınların vəziyyəti dramatikdir... və gözə görünmür".

Buna da bax:​ Müsəlmanların qadına münasibəti

“Bir çox ölkələrdə qadınlar çox zaman dul qalan kimi vərəsəlik və torpaq hüquqlarından məhrum edilir, alçaldıcı və həyat üçün təhlükəli yas və dəfn ayinləri və bu kimi başqa mənfi münasibətlə üzləşirlər. Hətta qanunun müdafiəsinin daha inklüziv olduğu ölkələrdə belə dul qadınlar sosial marginallaşmadan əziyyət çəkə bilirlər", – BMT-nin hesabatında deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG