Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:48

Gözüdərdli Sürəyya


İran şahı Məhəmməd Rza Pəhləvi və xanımı Sürəyya İsfəndiyari Bəxtiyari
İran şahı Məhəmməd Rza Pəhləvi və xanımı Sürəyya İsfəndiyari Bəxtiyari

Şah xanımı Sürəyyanın ömür yolu

Sürəyya İsfəndiyari Bəxtiyari (Soraya Esfandiary Bakhtiari) heç vaxt təsəvvür etməzdi ki, İran şahı Məhəmməd Rza Pəhləvi (Mohammad Reza Pahlavi) ilə evlənib ölkənin sahibinə çevriləcək. O, 1951-ci ildən 1958-ci ilədək, 7 il şah arvadı olub.

Avropa tərbiyəsi almış Sürəyya özəl-gözəl gənc bir qız idi. Bu “nadir mirvarini” İran şahının ortancıl bacısı şahzadə Şəms (Shams) Londonda kəşf etmişdi.

Qardaşı Rza şahın birinci zövcəsi Misir şahzadəsi Fevziyyə (Fawzia) olmuşdu. Bu izdivacdan şahın bir qızı doğulmuşdu. Onlar ayrılandan sonra ölkənin sabitliyi naminə taxt-taca sahib çıxacaq varisə ehtiyac yaranmışdı.

Şahzadə Şəms Londonda gənc Sürəyyanı görəndə, onun qardaşına yaxşı namizəd olacağını düşünüb, özüylə Tehrana gətirməyə razı salır.

İran paytaxtına çatandan iki gün sonra Sürəyya şahın anası Tac ol-Mülklə (Tadj ol-Molouk) nahara dəvət edilir. Nahara şah da qatılır.

Xəstəlik toyu ləngidir

Ertəsi gün Sürəyyanın atası ona belə deyr: “Şah səni çox bəyənib. Onunla evlənməyə hazırsan?”.

İran şahı və xanımı
İran şahı və xanımı

Onların görüşündən 24 saat sonra 18 yaşlı Sürəyya şahın hədiyyə etdiyi çox gözəl brilyant üzüyü barmağına taxır.

Tezliklə toy olmalı idi, ancaq Sürəyya qarın yatalağına yoluxduğundan bir neçə ay yatağa düşür. Danışırlar ki, şah yastığının yanında oturaraq, ona hər gün bir daş-qaş hədiyyə edirmiş.

Nəhayət, 1951-ci il fevralın 12-nə toy olur.

Uzunluğu 20 metr, çəkisi 30 kq-lıq gəlinlik

Xəstəlikdən bir neçə həftə sonra belə mərasim Sürəyyadan ötrü həm də fiziki sınaq idi. O, ayaq üstə güclə dayanırdı. Bayırda qar yağırdı. Soyuq sarayı isitmək üçün şah odun tədarükü görülməsini əmr etmişdi.

“Christian Dior” şirkəti möhtəşəm gəlinlik paltarı hazırlamışdı - amma çox böyük və Sürəyyanın güclə daşıyacağı qədər ağır idi. 20 metrlik uzunluğu olan paltar qızıl naxışlarla işlənmişdi. Çəkisi 30 kq-dan ağır gələrdi.

Mərasimə dəqiqələr qalarkən şah və bir yardımçısı Sürəyyanın yükünü azaltmaq üçün onun paltarının ətəyindən 8 metr kəsməli olurlar.

“Varis hələ də yoxdur”

Evliliyin ilk ayları dinc keçir. Şah və gənc zövcəsi romantik günlər yaşayırlar. Ancaq şah ailəsi də, ölkə də bir xəbərin intizarındadı -varisin doğulmasının. Uşaqdansa hələ soraq yoxdur.

Onların dramı 1954-cü ilin oktyabrında bəlli olur: Sürəyyanın doktoru onun hamilə qalmaq şansının çox az olduğunu təsdiqləyir. Varisi gözləməyə illər lazım gələ bilərdi.

Xəzər dənizinin İran sahili
Xəzər dənizinin İran sahili

Bu hadisədən bir neçə gün sonra şahın anası Tac ol-Mülk ailəni şahın ad günü münasibətilə süfrə başına yığır. Orda məlum olur ki, şahın kiçik qardaşı, taxt-taca ən yaxın namizəd, atasının fransız qadınından doğulmuş oğlu Ali Rza mərasimə qatılmayıb. O, Xəzər sahillərindəki meşələrə ova çıxıbmış. Ertəsi gün Ali Rzanı geri gətirən təyyarə qəzaya uğrayır və o, həlak olur.

Beləcə, İran şahı dünyada varisi olmayan yeganə hökmdara çevrilir. Bu, siyasi dairələri təlaşa salır. Ailə və siyasi güclərin basqısı üzündən cütlük ayrılmağa məcbur qalır. 1958-ci il martın 14-də onların izdivacı sona çatır.

Daş-qaş simvolu

Sürəyya ölkəni tərk edir və İsveçrəyə sığınır. O, burada tez-tez dünya paparatsilərinin hədəfinə tuş gəlir. Media onu “gözüdərdli şahzadə” adlandırır.

Keçmiş əri – şah ona – Sürəyyaya Roma, Münhen və Parisdə dəbdəbə içində yaşamaq imkanı yaradır. O, bütün mərasimlərə dəvət alır və daş-qaş simvoluna çevrilir. Uğur qazanmasa da, Sürəyya film də çəkir...

İstər Parisdə operaya, istər Marbellada mərasimə, hər hansı bala gedən Sürəyya gözəl geyimi, ləl-cəvahiratı, ünsiyyəti ilə heyrət oyadır.

Onun brilyantları, rubin, sapfir, zümrüddən olan daş-qaşı nəhəng zərgərlik firmalarına məxsus olub: “Cartier”, “Bulgari”, “Harry Winston”, “Van Cleef & Arpels”.

Ehtiyac onu daş-qaşını satmağa vadar edir

1980-ci ildə - İslam İnqilabından sonra yeni hökumət Sürəyyanın gəlirlərini məhdudlaşdırır. Sürəyya zinət əşyalarından bəzilərini satmalı olur.

Foto:arxiv
Foto:arxiv

Onların arasında “Harry Winston”a məxsus çox gözəl brilyant boyunbağı 1988-ci ildə Cenevrədə hərraca çıxarılır.

Şahzadə Sürəyya 2001-ci il oktyabrın 25-də Parisdə vəfat edir. Bundan 20 il öncə isə onun keçmiş əri - İran şahı Misirdə ölmüşdü.

Sürəyyanın yeganə qardaşı onun vərəsəsi sayılsa da,bacısının ölümündən az sonra o da Münhendə dünyasını dəyişir. “Gözüdərdli” şahzadənin qanuni vərəsəsi olmadığından, onun bütün var-dövləti Almaniyaya qalır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG