Dünya xəbərləri
İran hökuməti 'saxta xəbər' ilə bağlı mübahisəli qanun layihəsini geri çəkib
İran hökuməti saxta xəbərlərlə (fake news) mübarizə adı altında irəli sürülən və sərt tənqidlərə səbəb olan mübahisəli qanun layihəsini geri çəkib. Tənqidçilər bu qanunun İranda onsuz da məhdud olan ifadə azadlığını daha da boğacağını bildirirdi.
Hökumətin sözçüsü Fatimə Məhacirani iyulun 30-da X platformasındakı paylaşımında islahatçı prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin “milli birliyi qorumaq məqsədilə” bu qanun layihəsini geri çəkdiyini elan edib.
22 maddədən ibarət qanun layihəsini hökumət və sərt xətt tərəfdarı olan məhkəmə sistemi hazırlayaraq ötən həftə parlamentə təqdim edib. Parlamentdə keçirilən səsvermədə 205 deputat layihənin sürətli qaydada baxılmasının lehinə, 49 deputat əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.
Tənqidçilərin “boğucu qanun layihəsi” adlandırdığı sənəd siyasətçilər və vətəndaş cəmiyyəti qrupları arasında geniş müzakirələrə səbəb olub. Onlar bildirirlər ki, “ictimai rəyi çaşdırmaq” və ya “dövlət təhlükəsizliyinə qarşı məzmun” kimi qeyri-müəyyən ifadələr mətbuat azadlığı və legitim tənqidləri basqı altına almaq üçün sui-istifadə vasitəsinə çevrilə bilər.
Hökumət üzvləri və ultrakonservativlər də daxil olmaqla qanun layihəsini dəstəkləyənlər bildirirlər ki, internetdə yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə bu qanun ictimai təhlükəsizliyi qorumaq və sabitliyi təmin etmək üçün vacibdir.
Onlar bu tədbirlərin milli təhlükəsizliyi və ictimai sabitliyi qorumaqdan ötrü zəruri olduğunu iddia edirlər.
Əgər qanun qəbul edilsəydi, “saxta xəbər yayanlar” 15 ilədək həbs cəzası ilə üzləşə bilərdi. Hüquqşünaslar hesab edirlər ki, bu, bəzi hallarda casusluq və ya adam oğurluğu kimi daha ciddi cinayətlərə verilən cəzalardan da sərtdir.
İran mətbuat azadlığı üzrə beynəlxalq reytinqlərdə daim son sıralarda yer alır. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı son illik hesabatında İranı “mətbuat azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri” adlandırıb.
RSF-nin məlumatına görə, hazırda İranda 21 jurnalist həbsdədir.
Bütün xəbərləri izləyin
Orban deyir ki, Tramp Macarıstana Rusiya neftini almağa icazə verib
ABŞ Macarıstanı Rusiyaya qarşı sanksiyalar siyahısından çıxaracaq, - bunu Macarıstan baş naziri Viktor Orban ABŞ prezidenti Donald Tramp ilə görüşdən sonra bildirib.
""Türk Axını" və "Drujba" boru kəmərləri məsələsində onlara sanksiyalardan immunitet verildi. Bu, ümumi və daimi istisnadır", - o, jurnalistlərə deyib.
Liderlər həmçinin "Pakş" Atom Elektrik Stansiyasına (AES) sanksiyaların ləğvi barədə razılığa gəliblər. Onun üçün möhlət dekabrda bitməli idi.
Macarıstan baş nazirinin sözlərinə görə, tərəflər nüvə enerjisi sahəsində də razılaşma imzalayıblar. Budapeşt Amerikanın "Westing House" şirkətindən nüvə yanacağı alacaq, Macarıstanda kiçik modul AES-lər tikiləcək.
+++
ABŞ Macarıstanı Rusiyadan neft aldığına görə mümkün sanksiyalardan azad etmək imkanını araşdırır. Bunu ABŞ prezidenti Donald Tramp Ağ evdə Macarıstan baş naziri Viktor Orban ilə danışıqlardan əvvəl deyib.
Trampın sözlərinə görə, Macarıstanın dənizə çıxışı olmadığı üçün "Rusiyadan başqa bir yerdən neft və qaz alması çox çətindir". "Lakin bir çox Avropa ölkəsinin bu problemi yoxdur və onlar Rusiyadan neft və qaz alırlar", - o vurğulayıb.
Orban isə Rusiyadan neft tədarükünün həyati məsələ olduğunu söyləyib: "Boru kəmərləri ideoloji və ya siyasi məsələ deyil. Bu, fiziki reallıqdır, çünki, prezidentin izah etdiyi kimi, bizim limanımız yoxdur".
Oktyabrın sonlarında ABŞ Maliyyə Nazirliyi Rusiyanın iki ən böyük neft şirkəti - "Rosneft" və "Lukoil"a sanksiyalar tətbiq edib və bunu Moskvanın "sülh prosesinə ciddi maraq göstərməməsi" ilə əlaqələndirib. Rusiya hakimiyyəti Qərbin sanksiyalarını qanunsuz sayır.
Orban Trampın Avropadakı əsas müttəfiqlərindən biri hesab olunur.
Aİ Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizası verməyi yasaqlayır
Avropa Komissiyası Rusiya vətəndaşlarına çoxdəfəli Şengen vizaları verilməsini qadağan edib. Bəzi istisnalar nəzərdə tutulub. Bu qayda yalnız Avropa İttifaqı (Aİ) üzvlərinə deyil, həm də Şengen zonasına daxil olan İsveçrə və Norveç kimi ölkələrə də aiddir. Bu o deməkdir ki, Rusiya vətəndaşları hər dəfə Aİ-yə səfər edəndə yeni viza üçün müraciət etməlidirlər. Komissiya məqsədin dövlət siyasəti və təhlükəsizliyi qorumaq olduğunu bildirir.
"Müharibə başlatmaq və Avropada azad hərəkət etməyi gözləməyi əsaslandırmaq çətindir", – Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas X-də yazıb.
İstisnalar
İstisnalar Şengen sazişi üzvü ölkələrdə yaşayan rusiyalıların, yaxud Aİ vətəndaşlarının yaxın qohumları, nəqliyyat sahəsinin işçiləri üçün tətbiq olunacaq. Yaxın qohumlar son iki ildə üç Şengen vizası alıb və onların şərtlərini pozmayıblarsa, o zaman birillik çoxdəfəli viza ala biləcəklər.
Dənizçilərə, yük maşını və avtobus sürücülərinə, lokomotiv briqadalarına, digər nəqliyyat işçiləri üçün çoxdəfəli vizanın müddəti doqquz ay olacaq. O da bir şərtlə ki, onlar son iki ildə iki viza alıb və ondan düzgün istifadə ediblər.
Əsaslandırılmış hallarda müstəqil jurnalistlərə, insan haqları müdafiəçilərinə və rejim əleyhdarlarına çoxdəfəli viza verilə bilər.
Adi halda, viza məsələləri müqavilə iştirakçısı olan ölkələr səviyyəsində həll olunur. Ancaq bu halda Aİ özünün miqrasiya riskləri və təhlükəsizliyi ilə bağlı xüsusi hallarda viza verilməsini məhdudlaşdırmaq hüququna istinad edir.
Bu qərar Rusiyanın Ukraynaya müdaxiləsi, kiberhücumlar və sənaye casusluğu, vizalardan təbliğat məqsədilə potensial sui-istifadə, "Rusiyanın miqrasiyadan silah kimi istifadəsi" ilə izah edilir.
Yeni qaydalar ölkə xaricində daimi yaşayan Rusiya vətəndaşlarına aid deyil. Onlar üçün əlavə yoxlama tələb edən ayrıca prosedur mövcuddur. Bundan əlavə, bu qaydalar, məsələn, təhsil və ya iş məqsədilə verilən milli vizalara aid edilmir.
İki aydır dünyada ərzaq ucuzlaşır
İki aydır dünyada ərzağın qiyməti ardıcıl düşür. Oktyabrda da qeydə alınan azalma qlobal təchizatın çox olması ilə bağlıdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) noyabrın 7-də Ərzaq Qiyməti İndeksini yayıb.
Qlobal miqyasda alınıb-satılan ərzaq mallarının səbətini izləyən indeks oktyabr üçün ortalama 126.4 bal olub. Sentyabrda bu göstərici 128.5 idi.
Ötən ilin oktyabrı ilə müqayisədə indeksdə azacıq, 2022-ci ilin martındakı pik həddən isə 21.1 faiz azalma olub.
Dünyada ərzağın qiyməti son iki ilin pikinə iyulda çatıb, avqustda sabitləşib, sentyabrda, əsasən, şəkərin ucuzlaşması ilə azalıb.
FAO-nun şəkər indeksi oktyabrda yenidən azalıb, 5.3 faiz düşüb. Bu, 2020-ci ilin dekabrından bəri ən aşağı səviyyədir. Səbəbi isə Braziliyada güclü istehsal, Tailand və Hindistanda istehsalda gözlənilən artım, neftin qiymətinin düşməsi ilə bağlıdır.
AzadlıqRadiosu bir müddət öncə dünyada şəkərin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda bu prosesin ləng getdiyini yazmışdı.
Süd məhsullarının qiymətləri sentyabrdan 3.4 faiz enib, bunun səbəbi süd tozu qiymətlərinin düşməsi, Avropa İttifaqı və Yeni Zelandiyadan bol ixracdan dolayı kərə yağının ucuzlaşmasıdır.
Ət indeksi isə oktyabrda 2 faiz azalıb. Bu, səkkiz ay ardıcıl artımdan sonra baş verib. Donuz və toyuq əti kəskin ucuzlaşsa da, qlobal tələbin güclü qalması mal-qaranın qiymətlərini yüksəldir.
Son aylar Azərbaycanda da ət bahalanır. Əksər bölgələrdə mal-qara arasında dabaq xəstəliyinin yayılması, heyvan bazarlarının bağlanması isə ətin daha da bahalanacağı sarıdan narahatlığı artırıb.
FAO-nun indeksinə görə, bitki yağları 0.9 faiz bahalanıb, 2022-ci ilin iyulundan bəri ən yüksək həddə çatıb.
Ukrayna cəbhədə edama görə rusiyalı hərbçini ömürlük həbsə məhkum edib
Ukraynada Rusiya hərbçisi əsir alınmış ukraynalı əsgəri edam etməkdə təqsirli bilinərək ömürlük həbsə məhkum olunub. İlk dəfədir Ukraynada bu ittihamla həbs cəzası kəsilir.
Ölkənin Baş Prokurorluğu və Təhlükəsizlik Xidməti noyabrın 6-da bildirib ki, Zaporojyedəki məhkəmə 27 yaşlı Dmitri Kuraşovu bu cinayətə görə ömürlük həbsə məhkum edib.
Məhkəmə Rusiya ordusunun 127-ci Motoatıcı Diviziyasının "Storm-V" hücum bölməsinin nişançısı Kuraşovun silahsız ukraynalı əsgər Vitali Xodnyuku yaxın məsafədən vurub öldürdüyünü müəyyən edib. Bu bölmə həbsdən buraxılmaq qarşılığında Ukraynada döyüşə yazılan məhkumlardan təşkil olunub.
Məhkəmənin qərarına görə, Xodnyuk sığınacaqdan silahsız çıxıb, əllərini qaldırmaq və diz çökmək əmrlərinə əməl edib, Kuraşov isə "Kalaşnikov" avtomatından atəş açıb.
Oğurluğa görə məhkum edilibmiş
Kuraşov Rusiyada oğurluğa görə məhkum edilibmiş. 2023-cü ilin noyabrında amnistiya qarşılığında Rusiya Silahlı Qüvvələrinə qoşulub, Zaporojye cəbhəsinə göndərilib.
Hadisədən sonra Ukrayna qüvvələri əks-hücuma keçərək mövqelərini geri alıb, Kuraşov və daha dörd rusiyalı əsgəri əsir götürüb. Onlardan bəziləri məhkəmədə onun əleyhinə ifadə verib. Kuraşov döyüşdə bir gözünü itirib.
Kuraşov məhkəmədə əvvəlcə cinayətini etiraf edib. Sonradan etirafını geri götürməyə çalışıb, digər bir əsgərin məsuliyyət daşıdığını iddia edib. Ancaq məhkəmə digər əsirlərin ifadələrini, dəlilləri nəzərə alaraq onu təqsirli sayıb.
Bu arada Ukrayna hakimiyyəti beynəlxalq hüququn digər pozuntularını sənədləşdirir. Rusiya 2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına başlayandan 320-dən çox ukraynalı hərbi əsirin edamı artıq təsdiqlənib.
BMT-nin İnsan Hüquqları Monitorinq Missiyasının (HRMMU) fevral hesabatında Rusiya hakimiyyəti Ukrayna hərbi əsirlərini "sistematik və geniş yayılmış" işgəncəyə məruz qoymaqda ittiham olunub.
Hesabatda 2022-ci ilin fevralından bəri 71 ukraynalı hərbi əsirin edamının təsdiqləndiyi bildirilib. Missiya 2024-cü ilin avqustundan edamların "təhlükəli dərəcədə" artdığını, 24 insident zamanı azı 79 edamın baş verdiyini qeyd edib.
Sübutların artmasına baxmayaraq, Moskva hərbçilərinin Ukraynada vəhşilik törətdiyini inkar edir.
İsrail Livanın cənubuna zərbələr endirir
Noyabrın 6-da İsrail ordusu Livanın cənubuna ağır hava zərbələri endirib. Bundan öncə isə bir neçə məkanda əhalini evakuasiyaya çağırıb. Təl-Əviv Livanın "Hizbullah" silahlı qruplaşmasının həmin yerlərdə hərbi gücünü bərqərar etməyə çalışdığını bildirir.
Bir il öncə əldə olunan atəşkəs razılaşması isə İsraillə İranın dəstəklədiyi "Hizbullah" arasında bir ildən çox çəkən döyüşləri dayandırmağı hədəfləyirdi.
Livanın səhiyyə nazirliyi zərbələrdən bir nəfərin yaralandığını, bir nəfərin həlak olduğunu bildirib.
İsrail ordusu X platformasında eyni vaxtda üç təxliyə göstərişi verib. Sakinlərə göstərilən məkanlardan 500 metr aralanmaq əmr olunub.
Livanla İsrail arasında yenidən havadan bombalama kampaniyasının başlayacağı sarıdan qorxular artıb. İsrail liderləri xəbərdarlıq ediblər ki, Livan "Hizbullah"ın silahsızlaşdırılması üçün səyləri artırmasa, bu qruplaşmaya qarşı tədbirlər görəcək.
"Hizbullah" isə atəşkəsə sadiq qaldığını bildirir, amma tam tərksilahdan imtina edir.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri İsrailin zərbələrinin Təhlükəsizlik Şurasının qətnaməsini pozduğunu bildirib, İsraili hücumları dayandırmağa çağırıb.
BMT Suriya prezidenti və daxili işlər nazirinə sanksiyaları ləğv edib
BMT Təhlükəsizlik Şurası Suriya prezidenti Əhməd əl-Şaraaya sanksiyaları ləğv edib. Onun noyabrın 10-da Ağ evdə ABŞ prezidenti Donald Tramp ilə görüşü planlaşdırılır.
ABŞ-nin hazırladığı qətnamə ilə noyabrın 6-da Suriya daxili işlər naziri Ənəs Xəttaba sanksiyalar da ləğv olunub. Qətnamənin lehinə 14 səs verilib. Çin bitərəf qalıb.
Vaşinqton bir neçə aydır 15 üzvü olan Təhlükəsizlik Şurasını Suriyaya sanksiyaları yumşaltmağa çağırırdı. Tramp hələ mayda sanksiyaları qaldıracağını deyirdi.
"Fikrimcə, o çox yaxşı iş görür. Çətin bölgədir, o da çətin insandır, amma onunla çox yaxşı münasibət qurdum. Suriyada çox irəliləyiş əldə olunub", – Tramp noyabrın 6-da əl-Şaraa barədə deyib.
13 illik vətəndaş müharibəsindən sonra dekabrda islamçı "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupunun başçılığı ilə üsyançı qüvvələr Suriya prezidenti Bəşər əl-Əsədi devirib.
Daha öncə "Ən-Nüsrə Cəbhəsi" kimi tanınan HTŞ 2016-cı ildə "əl-Qaidə" ilə əlaqələrini kəsib. 2014-cü ildən bu qrup BMT Təhlükəsizlik Şurasının "əl-Qaidə" və "İslam Dövləti"nə qarşı sanksiyalar siyahısındadır. HTŞ-nın bir çox üzvlərinə səyahət qadağası, aktivlərin dondurulması və silah embarqosu qoyulub.
Çinin BMT-dəki təmsilçisi Fu Tsun ölkəsinin bitərəf qalmasını qətnamədə Suriyada terrorçuluğa qarşı mübarizə və təhlükəsizlik durumuna dair narahatlıqların düzgün əks olunmaması ilə izah edib.
Çin Şərqi Türküstan İslam Hərəkatının Suriyadakı taleyindən narahatlığını açıq dilə gətirir. Çin və Orta Asiyadan uyğur döyüşçülər bu qrupun üzvləridir. Hüquq müdafiə təşkilatları Çini, əsasən, müsəlman etnik azlıqlara qarşı genişmiqyaslı təzyiqlərdə ittiham edir.
Tramp: İran soruşur ki, ABŞ sanksiyaları qaldırıla bilərmi
ABŞ prezidenti Donald Tramp noyabrın 6-da deyib ki, İran Vaşinqtondan bu ölkəyə sanksiyaların ləğvinin mümkün olub-olmadığını soruşub.
"İran soruşur ki, sanksiyalar qaldırıla bilərmi. İran çox ağır ABŞ sanksiyaları altındadır. Bu, onların istədiklərini gerçəkləşdirməsini çətinləşdirir. Bunu dinləməyə açığam, görək nə baş verir, amma buna açıq olacağam", – Tramp Ağ evdə jurnalistlərə deyib.
"Reuters" yazır ki, İranın BMT Nümayəndəliyi bu açıqlamaya dərhal cavab verməyib.
İranın Ali lideri Əli Xamenei noyabrın 3-də bildirib ki, Vaşinqton İsraili dəstəklədiyi, bölgədə hərbi bazalar saxladığı, Yaxın Şərqə müdaxilə etdiyi müddətdə İranla ABŞ arasında əməkdaşlıq mümkün deyil.
Tramp yanvarda ikinci müddətə vəzifəyə başladıqdan sonra İrana "maksimum təzyiq" kampaniyasını bərpa edib. Bu kampaniya Tehranı nüvə silahı hazırlamaqdan çəkindirmək məqsədi güdür. İyunda ABŞ İranın nüvə obyektlərini bombalayıb.
İyunda 12 günlük İran-İsrail müharibəsindən öncə iki ölkə beş raund nüvə danışıqları aparıb. Ancaq danışıqlarda ciddi maneələr çıxıb üzləşib. Əsas problem İran ərazisində uranın zənginləşdirilməsi məsələsidir. Qərb ölkələri silahlanma riskini minimuma salmaq üçün bu prosesi sıfıra endirmək istəyir, Tehran isə bu planı rədd edib.
Aİ Rusiyanı nüvə təhdidlərini dayandırmağa çağırıb
Noyabrın 6-da Avropa İttifaqı (Aİ) Rusiyanı nüvə təhdidlərinə son qoymağa, bütün tərəfləri yeni silahlanma yarışına səbəb ola biləcək addımlardan çəkinməyə çağırıb.
"Aİ Rusiyanı nüvə təhdidlərindən çəkinməyə və bütün tərəfləri yeni silahlanma yarışını qızışdıra biləcək hərəkətlərdən uzaq durmağa çağırır", – qurumun sözçüsü deyib.
Rusiya prezidenti Vladimir Putin bir gün öncə rəsmilərə mümkün nüvə sınağı ilə bağlı planlar hazırlamaq tapşırığı verib. Bu, 1991-ci ildən bəri Rusiyanın ilk belə sınağı ola bilər.
5 noyabr
ABŞ nüvə başlığı daşıya bilən raketi sınaqdan keçirib
ABŞ döyüş başlığı olmayan "Minuteman III" qitələrarası ballistik raketini sınaqdan keçirib. Məlumatı ABŞ Kosmik Qüvvələrinin komandanlığı yayıb.
Raket noyabrın 5-də Hərbi Kosmik Qüvvələrinin Kaliforniya ştatındakı Vandenberq bazasından buraxılıb, Marşal adalarındakı raketdən müdafiə sınaq poliqonuna qədər 6 min 700 kilometrdən çox məsafə qət edib.
Rusiya prezidenti Vladimir Putin isə buna cavabında müvafiq strukturlara ABŞ-nin nüvə sınaqları ilə bağlı planları barədə məlumat toplamağı tapşırıb. Xarici İşlər, Müdafiə nazirliklərinə, xüsusi xidmət orqanlarına və mülki strukturlara mümkün nüvə silahı sınaqlarına hazırlığın başlanması ilə bağlı razılaşdırılmış təkliflər təqdim etmək tapşırılıb.
Daha öncə Rusiya Təhlükəsizlik Şurasının iclasında müdafiə naziri Andrey Belousov tammiqyaslı nüvə sınaqlarına dərhal hazırlığa başlanmasının məqsədəuyğun olduğunu deyib. Xəbəri "RİA Novosti" yayıb.
Oktyabrın sonunda prezident Donald Tramp ABŞ-nin dərhal nüvə silahı sınaqlarına başlayacağını bildirib, səbəbini digər ölkələrin bunu etməsi ilə izah edib. Tramp bu qərarı Uzaq Şərqə səfəri zamanı, Çin lideri Si Cinpinlə görüşdən sonra verib. Bu açıqlamadan öncə isə Putin Rusiyanın nüvə obyektlərində silah sınaqları barədə bir neçə dəfə danışıb.
Oktyabrın 21-də Rusiya "Burevestnik" adlı nüvə enerjisi ilə işləyən qanadlı raketin uğurlu sınaqdan keçirildiyini bildirib. Raketin 14 min kilometr məsafə qət etdiyi, 15 saat havada qaldığı açıqlanıb. Oktyabrın 29-da isə Putin Rusiyanın nüvə enerjisi ilə işləyən "Poseydon" pilotsuz sualtı aparatını sınaqdan keçirdiyini deyib. Onun sözlərinə görə, "Poseydon" Rusiyanın ən güclü qitələrarası raketi sayılan "Sarmat"dan qat-qat güclüdür, onu tutmaq mümkün deyil.
Aİ Ermənistana viza rejiminin liberallaşdırılması planını təqdim edib
Brüssel Yerevana Avropa İttifaqı ilə vizasız rejim hüququ qazanmaq üçün atmalı olduğu addımlarla bağlı fəaliyyət planı verib. Bir ildən çoxdur Ermənistan və Aİ viza rejiminin liberallaşdırılması üzrə rəsmi danışıqlar aparır.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan noyabrın 5-də Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə baş direktorunun müavini Yohannes Lüxner ilə görüşüb. O, fəaliyyət planını Ermənistana təqdim etmək üçün Yerevana səfər edib.
Sarkisyanın sözlərinə görə, bu fəaliyyət planı vətəndaşların hərəkət azadlığı və ictimai təhlükəsizlik sahəsində islahatlar üçün strateji çərçivə rolunu oynayır. O, sənədin Ermənistanla Aİ arasında "etimad və əməkdaşlığın möhkəmləndirilməsində əsas mərhələ" kimi dəyərləndirib.
Ermənistan və Aİ arasında 2024-cü ilin sentyabrında viza rejiminin liberallaşdırılması üzrə rəsmi danışıqlar başlayıb. Ermənistan və Aİ rəsmiləri vizasız səfər üçün vacib sahələri müəyyənləşdiriblər: sənədlərin təhlükəsizliyi, sərhəd və miqrasiya idarəçiliyi, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, fundamental hüquqların qorunması. Avropa təmsilçiləri vurğulayıblar ki, Aİ Şurası və Avropa Parlamentinin yekun qərar qəbul etməsi üçün bütün kriteriyalar tam yerinə yetirilməlidir.
Martda Ermənistan parlamentinin qəbul etdiyi qanun layihəsində hökumətə Aİ-yə üzvlük üçün müraciət prosesinə başlamaq tövsiyə olunur. "Avropa İttifaqına inteqrasiya aktı" növbəti ay ölkə prezidentinin imzası ilə qüvvəyə minib, Ermənistan qanunvericiliyinin bir hissəsinə çevrilib.
Şoyqu '3+3' platformasının bərpasını vacib sayır
Cənubi Qafqazdakı vəziyyət yaxşılaşmağa doğru meyllidir, sülh prosesinin irəliləməsi üçün "3+3" regional məşvərət qrupunun fəaliyyətinin bərpası vacibdir. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu noyabrın 5-də deyib. TASS xəbər verir ki, o, Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin XIII görüşündə çıxış edib.
"Ümumilikdə Cənubi Qafqazdakı vəziyyətin yaxşılaşma tendensiyası müşahidə olunur. Fikrimizcə, sülh prosesi ilk növbədə regional çərçivədə gerçəkləşdirilməlidir. Bu baxımdan, "3+3" regional məşvərət platformasının fəaliyyətinin bərpası vacibdir", – o deyib.
Şoyqu regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının əhəmiyyətini vurğulayıb, bu barədə üçtərəfli işçi qrup çərçivəsində razılıq əldə olunduğunu qeyd edib.
"Moskva Ermənistan və Azərbaycan arasında vəziyyətin sabitləşməsinə, həmçinin ikitərəfli münasibətlərin normallaşmasına çalışır". Bunu isə S.Şoyqu Moskvada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdə deyib. O, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çox böyük töhfə verdiyini, regionda sülhün nəhayət bərqərar olduğunu söyləyib.
S.Şoyqu azərbaycanlı həmkarı Ramil Usubovla da görüşməlidir.
"3+3" formatı 2020-ci ildə 44 günlük Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüsdür. Üç Cənubi Qafqaz ölkəsi üstəgəl Rusiya, Türkiyə və İranın iştirakını nəzərdə tutur. Məqsəd regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası idi. Amma Gürcüstan Rusiyaya görə danışıqlara qatılmayıb, görüşlər "3+2" formatında keçirilib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları gedib. Bu il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar.
Mamdani Nyu-Yorkun meri seçilib
Donald Trampın ikinci prezidentlik dönəminin ilk böyük seçkisində demokratlar qalib gəlib.
34 yaşlı demokrat sosialist Zöhran Mamdani Nyu-Yorkun meri seçilib. Virciniya və Nyu-Cersidə isə mötədil demokratlar 46 yaşlı Abiqeyl Spanberqer və 53 yaşlı Miki Şerril qubernator seçiliblər.
"Reuters" yazır ki, 4 noyabr seçkiləri amerikalıların Trampın doqquz aylıq prezidentliyinə reaksiyasını ölçmək üçün barometr sayılırdı. Bu seçki həm də Demokratlar Partiyasının müxtəlif seçki strategiyalarını sınaqdan keçirməyinin bir test idi.
Bir ildən sonra ölkədə aralıq seçkiləri keçirilməlidir. Trampın reytinqinin düşməyinə baxmayaraq, rəy sorğuları demokratların, əsasən, qeyri-populyar olduğunu göstərir.
Demokratların bu üç namizədi, əsasən, iqtisadi məsələləri, xüsusilə qiymətlərin münasibliyini vurğulayıblar. Bir çox seçici üçün əsas məsələ məhz budur.
ABŞ-nin ən böyük şəhərinin birinci müsəlman meri seçilən Mamdani demokratlardan keçmiş qubernator Endryu Kuomonu xeyli geridə qoyub. Nyu-Yorkun hazırkı meri keçmiş polis zabiti Erik Adamsdır. Mamdani korporasiyalar və zənginlər üçün vergiləri yüksəltməyə, bunun hesabına ambisiyalı sol-qanad siyasətini gerçəkləşdirməyə fokuslanır. Bu siyasətə kirayə haqlarının dondurulması, pulsuz uşaq baxımı, pulsuz şəhər avtobusları daxildir. Şirkət rəhbərləri demokratik sosialistin dünyanın maliyyə paytaxtının başına keçməsindən narahatlıq bildiriblər.
Tramp sosial media postunda yazıb ki, seçkidəki itkilər onun adının bülletendə olmaması və federal şatdaunun davam etməsi ilə bağlıdır.
Virciniyada Spanberqer respublikaçı vitse-qubernator Uinsom Örl-Sirsə qalib gəlib, respublikaçı qubernator Qlenn Yanqkini əvəz edəcək.
Nyu-Cersidə isə Şerril respublikaçı Cek Çattarellini məğlub edib. Ştatın hazırkı qubernatoru demokrat Fil Mörfidir.
Putin ilboyu hərbi çağırışı təsdiqləyib
Rusiya prezidenti Vladimir Putin vətəndaşların hərbi xidmətə çağırışı qaydasını dəyişən qanunları imzalayıb.
Birinci qanuna əsasən, 2026-cı il yanvarın 1-dən çağırış bütün təqvim ili boyunca, yəni yanvarın 1-dən dekabrın 31-dək keçiriləcək. Hərbi komissarlıqlar ilboyu çağırış vərəqələri göndərə, tibbi müayinələr və çağırış komissiyalarının iclaslarını keçirə biləcəklər.
Çağırışçıların xidmət yerinə göndərilməsi isə əvvəlki kimi olacaq: 1 aprel – 15 iyul və 1 oktyabr – 31 dekabr arası. Qanuna görə, elektron çağırış vərəqəsində göstərilən gəlmə tarixi vərəqənin reyestrdə yerləşdirilməsindən sonra 30 günü keçməməlidir.
Prezidentin imzaladığı ikinci qanun isə ehtiyatda olan vətəndaşların dinc dövrdə də müəyyən tapşırıqları yerinə yetirməsinə icazə verir. Bu, ehtiyatda olmaq barədə könüllü kontrakt bağlayan vətəndaşlara aiddir. Rusiya Müdafiə Nazirliyi onları "əhəmiyyətli obyektlərin və digər həyati vacib infrastrukturun qorunması məqsədilə" xüsusi toplanışlara göndərmək hüququ əldə edir.
Dövlət Duması bu qanunu oktyabrın 28-də qəbul edib.
Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayandan Rusiya rəsmi olaraq nə hərbi vəziyyət, nə də ümumi səfərbərlik elan edib. 2022-ci ilin payızında "qismən səfərbərlik" həyata keçirilib, ordunun əsas hissəsi isə "könüllülər" hesabına formalaşdırılıb.
"Vətəndaş və ordu" hüquq müdafiə qrupunun direktoru Sergey Krivenko "Current Time"a deyib ki, söhbət Müdafiə Nazirliyi ilə ehtiyatda olma barədə müqavilə imzalayan şəxslərdən gedir: "Amma bu kontrakt onların üzərinə müharibəyə getmək öhdəliyi qoymur. Müharibədən öncəki şərtlərə görə, rezervist yalnız döyüş hazırlığını təkmilləşdirmək, vaxtaşırı toplanışlara getmək öhdəliyini götürürdü. Bunun qarşılığında Müdafiə Nazirliyindən az miqdarda pul alırdı".
Rusiyada əsgər yoldaşını döyərək öldürən iki hərbçiyə həbs cəzası kəsilib
Rusiyanın Çelyabinsk vilayətində kazarmada əsgər yoldaşını döyərək öldürən hərbçilərə 9 və 11 il azadlıqdan məhrumetmə cəzası kəsilib. Bu haqda Maqnitoqorsk qarnizon hərbi məhkəməsi məlumat yayıb.
Hərbçilər arasında dava 2025-ci il martın 17-nə keçən gecə Çelyabinsk vilayətinin Çebarkul şəhərində hərbi hissənin kazarmasında baş verib. İki müqaviləli hərbçi "şəxsi ədavət zəminində" əsgər yoldaşlarını təpiklə döyməyə başlayıb. O, aldığı xəsarətlərdən ölüb.
Hökm hərbi hissənin klubunda, bütün şəxsi heyətin iştirakı ilə elan edilib. Koloniya cəzası ilə yanaşı, məhkumlar həm də ölən əsgərin bacısına təzminat ödəməli olacaqlar.
"Astra"nın məlumatına görə, davada iştirak edən hərbçilərdən biri daha öncə Ukraynanda müharibədən qaçıb. O zaman onun xidmət keçdiyi bölmə Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk vilayəti ərazisində imiş.
Dik Çeyni 84 yaşında vəfat edib
ABŞ-nin keçmiş vitse-prezidenti, 2003-cü ildə İraqın işğalını dəstəkləyən Dik Çeyni 84 yaşında vəfat edib. Tarixçilər onu ölkə tarixində ən güclü vitse-prezidentlərdən biri sayırlar.
Ailəsinin məlumatına görə, Çeyni noyabrın 3-də pnevmoniya, ürək-damar xəstəliklərinin ağırlaşmasından vəfat edib.
Respublikaçı D.Çeyni konqresmen, müdafiə naziri olub. Texasın ovaxtkı qubernatoru Corc Buş 2000-ci ildə prezident seçkisinə onunla birlikdə gedib.
2001-2009-cu illərdə vitse-prezident postunda olan Çeyni prezidentlik səlahiyyətlərinin genişləndirilməsinə çalışıb. O, eyni zamanda, vitse-prezident idarəsinin nüfuzunu gücləndirib, milli təhlükəsizlik komandası yaradıb.
Çeyni 2003-cü ildə İraqın işğalının qatı tərəfdarlarından, İraqda iddia olunan kütləvi qırğın silahları təhlükəsi ilə bağlı Buş administrasiyası rəsmiləri arasında ucadan danışanlardan olub. Amma İraqda bu silahlar tapılmadı. Çeyni isə sonralar israr edirdi ki, ozamankı kəşfiyyat məlumatlarına əsasən işğal, İraq prezidenti Səddam Hüseynin devrilməsi düzgün qərar idi.
Onun qızı Liz Çeyni də nüfuzlu respublikaçı konqresmen olub. Ancaq o, respublikaçı prezident Donald Trampa qarşı çıxandan, onun impiçmentinə səs verəndən sonra Nümayəndələr Palatasındakı yerini itirib. Atası onunla razılaşıb, 2024-cü ildə demokratlardan namizəd Kamala Harrisə səs verəcəyini deyib.
Çeyni ürək problemlərindən əziyyət çəkib, 37 yaşında ürəktutmaları olub. 2012-ci ildə ona ürək köçürülüb.
Narkotikdə günahlandırılan britaniyalı qadın Gürcüstanda məhkəmə zalından azad edilib
Narkotik cinayətində ittiham olunan 19 yaşlı Böyük Britaniya vətəndaşı Bella Mey Kalli prosessual razılaşma bağladıqdan sonra Tbilisi şəhər Məhkəməsinin zalından azadlığa buraxılıb. O, hamiləliyin səkkizinci ayındadır.
B.M.Kalli günahını tam etiraf edib. Məhkəmə onu təqsirli bilərək 5 ay 24 gün azadlıqdan məhrumetmə və 500 min lari cərimə ilə cəzalandırıb. Bu müddət artıq çəkilmiş hesab edilib, Bella Mey həmin dönəm Rustavidəki 5 saylı qadın həbsxanasında olub.
Ailəsi razılaşmada nəzərdə tutulan 140 min funt sterlinqi öncədən ödəyib. Onun daha iki il həbsdə qalacağı gözlənsə də, məhkəmə gözlənilmədən onu azad edib. Bellanın anası Layan Kennedi bu barədə iclas başlamazdan bir neçə dəqiqə öncə xəbər tutub.
"Exo Kavkaza" yazır ki, məhkəmə prosesi Böyük Britaniya və beynəlxalq KİV-in diqqət mərkəzində olub.
Kalli mayda Tailanddan Tbilisiyə Şarca (BƏƏ) aeroportu vasitəsilə gələndə saxlanılıb. Gürcüstan rəsmiləri onun baqajında 12 kiloqram marixuana və 2 kiloqram həşiş aşkar ediblər. Onu 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası gözləyirdi.
Britaniyalı qadın bildirib ki, onu bu cinayəti törətməyə təzyiq və işgəncə altında məcbur ediblər.