Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:47

İranda Novruza hazırlaşanlara müraciət: Qızıl balıqdan imtina edin


Novruz bayramında İranda qızıl balıq satışı,Tehran, 19 mart 2013.
Novruz bayramında İranda qızıl balıq satışı,Tehran, 19 mart 2013.

İranda Novruz ənənələri hər il milyonlarla qızıl balığın tələf olmasına yol açır

İranda Novruz ənənələri hər il milyonlarla qızıl balığın axırına çıxır. Ətraf mühit müdafiəçiləri bildirirlər ki, heyvanların ölümü ilə nəticələnən adət-ənənə təbiətin, həyatın canlanmasını tərənnüm edən bir bayramın ruhuna uyğun gəlmir.

Qədim ənənələrinə uyğun olaraq, iranlılar Novruz bayramında süfrəyə su dolu fincanın içində canlı qızıl balıq qoyurlar. Orada qızıl balıq əbədi həyatın rəmzi sayılır. Bu zərif canlı adı “s” hərfi ilə başlayan və bayram günü süfrəyə düzülən yeddi nemətdən biridir. Novruzda, demək olar ki, hər evdə və ictimai yerlərdə “həft sin” (yeddi “s”) süfrəsinə rast gəlinir. Ətraf mühit və heyvan haqları müdafiəçiləri getdikcə daha çox yayılan bu adətdən imtina etməyə çağırırlar. Fincandakı balıqlar bayramdan sonra su hövzələrinə buraxılsa da,artıq həyatda qalmalarından söhbət gedə bilməz.

Qızıl balıqlarla dolu vedrələr

İsfahan şəhəri Novruz ərəfəsində, 25 mart 2013
İsfahan şəhəri Novruz ərəfəsində, 25 mart 2013

Qızıl balıqlarla dolu şüşə çənlər və plastik vedrələr ilin bu çağlarında İran bazarları üçün xarakterik görüntüdür. Hələ bayramdan qabaq, bazarda və ya piştaxtalarda lazımi şəraitdə saxlanılmadığından, balıqların çoxu tələf olur. Bayram yaxınlaşdıqca bazardan polietilen torbada suyun içində qızıl balıq alıb evinə aparanların sayı artır.

“Bizim yeddi illik araşdırmamız göstərir ki, ölkənin cənubundakı bəzi su hövzələri istisna olmaqla, İranın digər çay və göllərinə buraxılandan sonra bu balıqlar yaşamır”.

AzadlıqRadiosu-na Tehran Universitetinin təbii ehtiyatlar fakültəsinin professoru Golamrza Rafie belə deyib.

Ətraf mühit fəalları bildirirlər ki, böyük sayda qızıl balığın məhvi təbiətin canlanması ilə əlamətdar olan Novruz ideallarına ziddir. Onlar iranlıları bu adətdən imtina etməyə, ya da, heç olmasa, plastmas qızıl balıqdan istifadə etməyə çağırırlar.

Prezidentdən qızıl balıq yerinə portağal

Deyəsən, bu fikri dəstəkləyənlərdən biri də elə İran prezidenti Hasan Rohani-dir. Ötən Novruzda xalqı təbrik edərkən, onun süfrəsindəki akvariumun içərisində qızıl balıq yerinə portağal vardı.

Iran prezidenti Hassan Rohani,Tehran, 10 mart 2017
Iran prezidenti Hassan Rohani,Tehran, 10 mart 2017

Ancaq belə görünür ki, iranlıların çoxu, hələlik, buna hazır deyil. İki uşaq anası, tehranlı Zoreh deyir ki, bunu edə bilməz:

“Onu mən almasam, başqası alacaq. Bu, çoxillik ənənədir. Mənim uşaqlarım bunu səbirsizliklə gözləyirlər".

Olmasın qızıl balıq, olsun səməndər

Son illər Novruz süfrəsinə nadir səməndər (əfsanəvi quşla qarşıdırmayın, elmi ədəbiyyatda “salamandr” deyilir – red.) növünün də daxil edilməsi polemikanı daha da qızışdırıb. Suda yaşayan bu kərtənkələ növünün adı Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi üzrə Beynəlxalq Birliyin Qırmızı Siyahısına salınıb. İranda ona, əsasən, Lorestan vilayətində rast gəlinir.

Tehran Universitetinin zoologiya professoru Afşin Əlizadənin sözlərinə görə, salamandrlar əhali arasında özünəməxsus formasına və qara-narıncı rənginə görə məşhurlaşıblar. Onun fikrincə, səməndərin “həft sin” süfrəsinə salınması insanların ya ənənəni dəyişmək istəyindən, ya da başqalarından fərqlənmək hərisliyindən irəli gəlir.

İran parlamentinin üzvü Məhəmməd Biranvandi martın 10-da çıxış edərək, Novruz süfrəsində səməndərdən istifadənin bu heyvan növünün nəslinin kəsilməsi ilə nəticələnəcəyini söyləyib və buna qarşı sərt mübarizəyə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG