Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:19

Rusiya Estoniya ilə çay sərhədindəki işarələri çıxarıb


Rusiya-Estoniya sərhədində Narva çayı üzərindəki körpü
Rusiya-Estoniya sərhədində Narva çayı üzərindəki körpü

Rusiyanın Estoniyadakı müvəqqəti işlər müvəkkili Lenar Salimullin Estoniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Buna səbəb Rusiya sərhədçilərinin Narva çayındakı sərhəd buylarını yerindən çıxarıb aparması olub.

Bunu Estoniyanın xarici işlər naziri Marqus Tsaxna deyib.

Bundan əvvəl Estoniya XİN bildirmişdi ki, mayın 23-də gecə Rusiya sərhədçiləri Estoniyanın Rusiya ilə Narva çayı üzərindəki sərhəd demarkasiya xəttini göstərən işıq buylarını birtərəfli qaydada çıxarıblar.

Estoniya XİN bu hərəkəti Rusiya tərəfindən törədilmiş sərhəd təxribatı hesab etdiyini bildirir.

Bəyanatda deyilir ki, “belə təxribatlar, o cümlədən qonşuları ilə sərhədlərdə, Rusiya davranışının tərkib hissəsidir”.

Estoniya sərhəd buylarının yerinə qaytarılmasını tələb edəcəyini bildirib.

Estoniyanın sərhədi pozulub

Buy su sərhədlərində və ya hüdudlarında su səthində fiksasiya edilən üzən işarələrdir.

Postimees qəzeti Estoniya polis və sərhəd mühafizəsi idarəsinin rəisi Egert Beliçevə istinadla bildirir ki, buylar Narva çayının hanı hissəsinin Estoniyaya aid olmasını işarələmək üçün qoyulmuşdu.

Beliçev deyib ki, Rusiya sərhədçiləri buyları çıxararkən Estoniyanın sərhədini qanunsuz keçiblər.

O izah edib ki, güclü su axını şəraitində gözlənilməz problemlərin yaranmaması üçün Estoniya sərhədçiləri insidentə müdaxilə etməyiblər.

Dəniz buylarından bir nümunə (Arxiv fotosu)
Dəniz buylarından bir nümunə (Arxiv fotosu)

Ukrayna müharibəsi başlanandan sonra

Sərhədboyu çay üzərində buyların qoyulmasına mayın 13-dən başlanmışdı və artıq 50 buy yerləşdirilmişdi. Xəbər verilir ki, Rusiya sərhədçiləri bunlardan 25-ni çıxarıblar.

Estoniya Şərq prefekturasının rəisi Erik Purgel deyib ki, buylar 2022-ci ildən Narva çayı boyunca hər yaz Rusiya və Estoniya arasında razılaşmaya əsasən yerləşdirilir.

Amma Rusiya Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə başlayandan bəri bu əməkdaşlıq dayanıb.

Bu səbəbdən Estoniya sərhədçiləri buyları birtərəfli qaydada yerləşdiriblər.

Bu sərhəd işarələməsi əsasən balıqçı və turistlərə kömək məqsədilə icra edilir.

Rusiya tərəfi hələ ki, Estoniyanın ittihamlarına cavab verməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG