Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:47

Ermənistanda keçmiş Qarabağ separatçısına cinayət işi açılıb, amma...


Hayk Şamiryan
Hayk Şamiryan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, ölkənin hüquq-mühafizə orqanları Qarabağdakı “Əsgəran qəsəbəsinin meri” kimi təqdim olunan Hayk Şamiryana qarşı cinayət işi qaldırıb.

Azatutyun yazır ki, Şamiryan Tavuş mərzinin arxiyepiskopu Baqrat Qalstanyanın bu yaxınlarda Yerevanda keçirdiyi antihökumət aksiyalarında iştirak edib.

Bu da qeyd olunur Şamiryan Ermənistana 2023-cü ilin sentyabrında Qarabağı kütləvi tərk edən ermənilərlə birlikdə gəlib.

İstintaq sənədlərinə görə Şamiryan dələduzluqda və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Azatutyun yazır ki, Ermənistan İstintaq Komitəsinin orderinə baxmayaraq Yerevan məhkəməsi onun məhkəməyə qədər həbsindən imtina edib. Bunun əvəzində Şamiryan barəsində ev məhbusluğu qətimkan tədbiri seçilib.

Xəbərdə deyilir ki, nə komitə, nə də prokurorlar Şamiryana qarşı cinayət işinin təfərrüatlarına aydınlıq gətirməyiblər.

Vəkilin dedikləri

Lakin özünün antihökumət mövqeyi ilə tanınan vəkil Ruben Melikyan deyib ki, ittiham Əsgəran bələdiyyəsində mülkiyyət məsələsilə bağlıdır.

Melikyan cinayət işini “absurd” adlandırıb və əlavə edib ki, Ermənistan hakimiyyəti Qarabağ üzərində yurisdiksiyaya malik deyil:

“Siz Artsaxı (Qarabağ-red) Azərbaycanın bir hissəsi kimi tanımısınız, indi də adamları həbs edirsiniz”.

Melikyan bildirib ki, Ermənistan hökuməti Şamiryandan onun siyasi baxışlarına və Ermənistandakı siyasi fəaliyyətinə görə qisas alır.

Azatutyun yazır ki, Şamiryan keşiş Qalstanyanın bu ay keçirdiyi etiraz aksiyalarında polis tərəfindən dəfələrlə saxlanıb.

Bu da xəbər verilir ki, “keçmiş Əsgəran meri” Qalstanyanın mayın 21-də keçirdiyi iclasa qatılıb.

Bundan əvvəl

Azatutyun yazır ki, bundan əvvəl arxiyepiskop Baqrat Qalstanyan etiraz aksiyalarını daha da genişləndirmək məqsədilə mayın 21-də Qarabağın keçmiş separatçı liderləri və Qarabağ köçkünləri ilə görüş keçirib.

O Qarabağ ermənilərinin öz yurdlarına qayıtmaq hüququnu müdafiə etdiyini bildirib.

Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi hərbi əməliyyatın ardınca Qarabağ ermənilərinin bölgədən kütləvi axını olub.

Baş nazir Nikol Paşinyan hələ bundan əvvəl Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bəyan etmişdi.

Baş nazir bundan əvvəl Qarabağın keçmiş separatçı rejiminin Ermənistan ərazisində hər hansı tədbirlər keçirməsinə qarşı olduğunu bildirmişdi.

Baş nazir indiyədək Qarabağ məsələsinin artıq “qapandığına” dair dəfələrlə bəyanatlar verib.

O Qarabağın sonuncu “prezidenti” Samvel Şahramanyanı Ermənistan dövlətçiliyinin əsaslarını sarsıtmaqda ittiham etmişdi.

Ermənistan müxalifəti Paşinyanın Şahramanyanı hədələməsini pisləmişdi.

Qalstanyanın keçirdiyi görüşdə Qarabağın keçmiş separatçı rejiminin bəzi liderləri də iştirak ediblər.

Azatutyun yazır ki, Şahramanyan Baqrat Qalstanyanın keçirdiyi görüşə qatılmayıb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG