Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:18

Rusiyanın səfirini Yerevandan geri çağırmasının Azərbaycanda yozumları...


Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin mayın 24-də məsləhətləşmələr üçün Moskvaya çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun məsləhətləşmələr üçün çağırıldığı vurğulanıb. Digər təfərrüatlar isə, hələlik, açıqlanmır.

“Ermənistan dünyaya inteqrasiya olmaq istəyir”

Azərbaycanda da bu məsələ yaxından izlənir. Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bildirib ki, səfirin geri çağırılması Ermənistan və Rusiya rəhbərliyi arasında ciddi fikir ayrılığına görə baş verib:

"Bu sadəcə fikir ayrıldığı da deyil. Bu Ermənistanın verdiyi strateji bir qərardır ki, Rusiyanın forpostu olmaq istəmir və dünyaya inteqrasiya olmaq istəyir. Bu da prinsipial məqamdır, çünki istər-istəməz bu bölgədə Qərbin olması, demokratiyanın bu bölgəyə gəlməsi anlamını daşıyır. Bu da Rusiyanın işinə gəlmir".

Ekspert hesab edir ki, problemlər ilk növbədə bundan qaynaqlanır:

"Amma indiki gərginlik böyük ehtimalla Ermənistanın irəlidə KTMT-dən (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - bloka Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir – red) çıxmaq istəməsi ilə bağlıdır. Çünki bu yaxında Nikol Paşinyan çıxışında KTMT-nin fəaliyyətini ciddi tənqid etdi".

“İlham Əliyev öz qərarını verib”

Azər Qasımlı qeyd edib ki, bölgədə ciddi rəqabət gedir:

"Yəni, ya bölgə tam Rusiyanın nəzarəti altına düşəcək və müasir dünyada qapalı qutu kimi qalacaq, ya da ki bunun tam əksi olacaq. Hazırda vəziyyət belədir, İlham Əliyev öz qərarını verib, Rusiyanın yanındadır və Azərbaycanı demək olar ki, Belarus rejiminə yaxın bir rejimdə idarə edir. Ölkəmiz artıq avtoritar rejimindən totalitar rejimə keçiddədir. Gürcüstanda isə vəziyyət əlli-əlliyədir. Orada, hələlik, ciddi proseslər gedir, Tbilisidə xalq ayaqdadır, 5 aydan sonra seçkilər olacaq. Hətta bu gün ABŞ dövlət katibi Blinken sanksiyalarla bağlı açıqlama verib. Yəni, Gürcüstan uğrunda hazırda mübarizə gedir. O cümlədən də Ermənistan uğrunda. Ermənistanla Gürcüstanın aqibəti, hələlik, bəlli deyil".

Bu yaxınlarda Gürcüstanda "Xarici agentlər” qanununun qəbulu bu ölkə ilə Qərbin münasibətlərini pisləşdirib.

Həmin qanuna görə, xaricdən maliyyə alan təşkilatlar "xarici agent" kimi qeydiyyatdan keçməlidirlər.

"Azərbaycan anlayır ki, Rusiyanın dəyənəyi rolunda çıxış etmək ona baha başa gələ bilər”

Siyasi şərhçisi Nəsimi Məmmədli bildirib ki, Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşməkdədir:

"Çünki Ermənistan faktiki olaraq özünün strateji təhlükəsizliyini daha çox Avropa qurumlarında görür və Qərbə doğru inteqrasiya istiqamətində Rusiyanı qane etməyən addımlar atır".

Onun sözlərinə görə, hazırda Cənubi Qafqazda Rusiyanın ən böyük təsir gücü Ermənistandır:

"Əgər Rusiya Ermənistanda bu mövqeləri itirəcəksə, onun Cənubi Qafqazda mövcudluğu xeyli dərəcədə zəifləyəcək. "

Ekspertin fikrincə, Ermənistandakı vəziyyət onu göstərir ki, o Rusiyadan uzaqlaşmaqda qərarlıdır:

"Rusiya da bunu anlayır. Düzdür, Rusiya bunun qarşısını almağa çalışdı, Etmənistanda aksiyalar keçirildi. Kilsəni bu prosesə qataraq, diasporanı aktivləşdirərək Rusiya çalışdı ki, Ermənistan hökumətini ya çəkindirsin, ya da onu istefaya göndərsin. Amma bunların heç birinə nail ola bilmədi".

O, hesab edir ki, indi yeni bir mərhələ başlayıb: "Bu yeni mərhələdə daha çox Rusiya öz sərt gücünü ortaya qoymaq istiqamətində addım ata bilər".

Amma Nəsimi Məmmədli hesab edir ki, Rusiyanın istəyi ilə Azərbaycanla Ermənistan arasında münasibətlər gərginləşməyəcək:

"Azərbaycan anlayır ki, Rusiyanın dəyənəyi rolunda çıxış etmək ona baha başa gələ bilər və bu, birbaşa Qərbi qarşısına almaqdır. Ona görə də Azərbaycanın buna gedəcəyinə zənn etmirəm. Eyni zamanda, Rusiya-Azərbaycan münasibətləri o səviyyədədir ki, hətta Ermənistanda revanşistləri hskimiyyətə gəlsə belə, həmin münasibətlərin kəskin dəyişəcəyini gözləmək real deyil".

'Fransa, əksinə, Ermənistana dəstəyi artıracaq'. Makron Yeni Kaledoniyada
Gözlə

No media source currently available

0:00 0:06:14 0:00

Nikol Paşinyanın parlamentdə dedikləri...

Bundan 2 gün öncə, mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh edib.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə demişdi:

"Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan isə parlamentdə vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti onun dörd ildir Ermənistana demək istədiyini söyləyib:

"2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda biz yox, müttəfiqlərimiz iştirak edib. Mən KTMT üzv olan ən azı iki ölkəni tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib. Bu ölkələr bizə kömək etmək istədiklərini təqlid edirdilər. Amma o müharibə Dağlıq Qarabağla bağlı deyildi. Onlar Dağlıq Qarabağ məsələsini çoxdan özləri üçün bağlayıblar. Həmin müharibə Ermənistana aid gözləntilərin doğrulmaması ilə bağlı idi. Müharibənin məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğuna son qoymaq idi".

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycan təqribən 20 faiz ərazisinin, Ermənistan isə bəzi kəndlərinin işğal edildiyini bildirirdi.

2020-ci ildə 44 günlük müharibə və ötən il sentyabrında 1 günlük hərbi əməliyyat nəticəsində rəsmi Bakı bütün ölkədə əsasən suverenliyi bərpa etdiyini açıqladı.

Bakı Qarabağda 1 günlük əməliyyatı "lokal antiterror tədbirlər"i, Yeravan isə “etnik təmizlənmə” kimi dəyərləndirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG