Ötən həftəsonu ABŞ-nin İran neftinə tətbiq etdiyi sanksiya möhlətinin müddəti bitib. "General License U" adlı bu xüsusi icazə aprelin 19-da qüvvədən düşüb. Möhlət dövründə 170 milyon barelədək İran xam neftinin beynəlxalq bazarlarda daha sərbəst dövriyyəsinə şərait yaradılmışdı.
Bu arada ABŞ Maliyyə Nazirliyi İranın hərbi təchizat şəbəkələri ilə əlaqəli qurumlara qarşı təzyiqləri gücləndirir. Aprelin 21-də silah istehsalı ilə bağlı qurumlara yeni sanksiyalar paketi elan edilib. Bəzi analitiklərə görə, bu addımlar iqtisadi rıçaqları daha geniş strateji hədəflərlə uyğunlaşdırmaq cəhdidir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) keçmiş rəsmisi Maks Meyzliş AzadlıqRadiosunun Vaşinqton müxbiri Aleks Raufoğluna bildirib ki, administrasiya möhlət müddətini blokada şərtlərinə uyğun olaraq uzatmayıb: "Məqsəd rejimi gəlir və aktivlərdən məhrum etməkdir".
Möhlətin ləğvi ilə İran neftinin satışı üçün mühüm bir kanal bağlanıb. Amma bunun qlobal təklifə və qiymət dinamikasına real təsiri ekspertlər arasında mübahisə doğurur. Güzəşt dövründə əvvəllər sanksiyalara görə endirimlə satılan İran nefti beynəlxalq bazarda daha rəqabətli qiymətlərlə realizə olunmağa başladı.
1 milyard dollardan çox əlavə gəlir
Sanksiyalar üzrə ekspert Brett Eriksonun sözlərinə görə, bu dəyişiklik Tehran üçün ciddi maliyyə nəticələri doğurub.
"Biz bəzi hallarda endirimli satışlardan etalon qiymətlərdən belə yüksək qiymətlərlə satışa keçidin şahidi olduq", – "Obsidian Risk Advisors" şirkətinin idarəedici partnyoru Erikson söyləyib.
Hesablamalara görə, sanksiyalardan möhlət dövründə İran 1 milyard dollardan çox əlavə gəlir əldə edə bilərdi.
Bununla belə, hər iki ekspert bu siyasətin qlobal enerji sabitliyinə uzunmüddətli faydasını sual altına alır. Meyzliş hesab edir ki, möhlət İranın gəlirlərini artırmasına şərait yaratsa da, bazarların sabitləşməsində rolu məhdud olub.
Mərhələli sanksiyalardan sistemli təzyiqə doğru
ABŞ Maliyyə Nazirliyinin İranın müdafiə sektoru ilə əlaqəli şəxslər və şirkətlərə qarşı yeni sanksiyaları Vaşinqtonun tanış strategiyanın davamıdır. Meyzlişin fikrincə, mövcud şəraitdə daha geniş maliyyə alətlərinin tətbiqinə ehtiyac yarana bilər: "Yeni sanksiya paketlərini görmək yaxşıdır. Amma sual budur ki, bu yanaşma problemin miqyasına nə dərəcədə uyğundur?".
O, xüsusilə İranın maliyyə əməliyyatlarını asanlaşdıran banklara qarşı sərt tədbirlərin rolunu vurğulayır. ABŞ rəsmiləri artıq müxtəlif regionlardakı bankların belə bir aqibətlə üzləşə biləcəyinə dair siqnallar veriblər. Təhlilçilər bu yanaşmanın effektinin onun sistemli tətbiqindən asılı olacağını deyirlər. Məsələn, indiyədək maliyyə institutlarının çirkli pulların yuyulması ittihamı ilə qara siyahıya salınması ciddi nəticələr verib; bəzi hallarda bu addım bankların qlobal maliyyə sistemindən tamamilə təcrid olunması ilə nəticələnib.