Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 01:48

FIFA rəhbəri: İran Dünya Kubokunda 'mütləq' iştirak edəcək

İran futbolçuları 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Özbəkistan yığmasının qapısına vurduqları qolu qeyd edirlər.
İran futbolçuları 2026-cı il Dünya Kubokunun seçmə mərhələsində Özbəkistan yığmasının qapısına vurduqları qolu qeyd edirlər.

İran 2026-cı il Dünya Kubokunda "mütləq" iştirak edəcək. Bunu FIFA prezidenti Canni İnfantino aprelin 15-də deyib. Yaxın Şərqdə müharibə fonunda ABŞ prezidenti Donald Tramp İran komandasının oyunçularına "həyat və təhlükəsizliyə görə" çempionata getməməyi tövsiyə etmişdi.

"İran mütləq gələcək. Ümid edirik ki, o vaxta qədər sülh olacaq, bunun da mütləq köməyi dəyər", – İnfantino ABŞ-nin CNBC telekanalına deyib.

"İran gəlib öz xalqını təmsil etməlidir. Onlar oyuna vəsiqə qazanıblar, oyunçular oynamaq istəyirlər", – İnfantino əlavə edib.

İranın oyunları

İran komandasının oyunlarının Los-Anceles və Sietldə keçirilməsi planlaşdırılır. İyunun 15-də Yeni Zelandiya, iyunun 21-də isə Belçika ilə qarşılaşma gözlənilir. İyunun 26-da İranın Sietldə Misirlə oyunu nəzərdə tutulur. İran növbəti mərhələyə yüksəlsə, növbəti oyunları da ABŞ-də keçiriləcək.

İran FIFA-dan oyunlarının Meksikaya keçirilməsini xahiş edib, lakin rədd cavabı alıb. Dünya Kubokuna ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.

İnfantino deyib ki, o, bu yaxınlarda İran yığması ilə Türkiyənin Antalya şəhərindəki təlim-məşq düşərgəsində görüşüb, futbolçular ona oynamaq istədiklərini deyiblər.

"Onlar oynamalıdır, idman siyasətdən kənar qalmalıdır", – İnfantino vurğulayıb.

"Biz Ayda yaşamırıq, Yer planetində yaşayırıq. Amma başqa heç kim körpülər qurmağa və onları qorumağa inanmırsa, bunu biz edirik", – o əlavə edib.

Sonuncu dəfə milli komandanın FIFA Dünya Kubokundan imtinası 1950-ci ildə baş verib. İkinci Dünya müharibəsindən sonra keçirilən ilk turnirə bir neçə komanda qatılmamışdı.

XS
SM
MD
LG