Keçid linkləri

2025, 13 Dekabr, şənbə, Bakı vaxtı 23:19

'Ceyş əl-Ədl' separatçı qruplaşması özünü İran müxalifəti kimi təqdim edir


"Ceyş əl-Ədl" uzun müddətdir ki, Bəlucların İrandan müstəqilliyini istəyir, lakin daha çox dəstək qazanmaq üçün mövqeyini dəyişmiş kimi görünür.
"Ceyş əl-Ədl" uzun müddətdir ki, Bəlucların İrandan müstəqilliyini istəyir, lakin daha çox dəstək qazanmaq üçün mövqeyini dəyişmiş kimi görünür.

Sünni "Ceyş əl-Ədl" silahlı qruplaşması daha kiçik bəluc yarımhərbi qrupları ilə birləşdiyini, İranın dini isteblişmentinə qarşı yeni koalisiya yaratdığını bildirir.

Qruplaşma sosial media platformalarında videobəyanat yayıb. Adı çəkilməyən sözçü deyir ki, qrup "Xalq Müqavimət Cəbhəsi" adlanacaq, məqsəd "islam respublikasının istibdadına qarşı mübarizənin effektini gücləndirməkdir".

Bəyanatda bəluc müstəqilliyindən söz açılmır, sözçü isteblişmentə qarşı daha geniş birlikdən danışır. AzadlıqRadiosunun İran üzrə yazarı Kian Şərifi deyir ki, görünür, "Ceyş əl-Ədl" ilkin separatçı kursunu dəyişərək özünü daha geniş İran müxalifət hərəkatının bir hissəsi kimi təqdim edir.

Dəyişiklik gerçəkdirmi, zaman göstərəcək

Londonda yerləşən Bəlucistan Araşdırmaları Mərkəzinin direktoru Əbdül-Səttar Doşuki də oxşar müşahidəsini bölüşür. O, radionun fars xidmətinə deyib ki, yeni qrupun bayrağında bəluc separatçı hərəkatlarına bağlı hər hansı simvol yer almayıb.

"Ola bilər, "Ceyş əl-Ədl" ənənəvi yanaşmasından yüngülcə uzaqlaşıb", – o əlavə edib.

Doşuki bildirir ki, islam respublikası 1979-cu ildə yaranandan bəluc silahlı qruplarının ölkənin şiə rəhbərliyinə qarşı dini, etnik narazılıqları olub. Onun fikrincə, bu dəyişikliyin gerçək olub-olmamasını zaman göstərəcək.

"Ceyş əl-Ədl" koalisiyanın ən böyük və tanınmış üzvüdür.

Tehran hələlik yeni koalisiyanın formalaşmasına rəsmi reaksiya verməyib.

İslam İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı "Fars" xəbər agentliyi iddia edib ki, "Ceyş əl-Ədl" potensial maliyyə dəstəyi cəlb etmək üçün "qabıq dəyişir".

İran ABŞ-ni, İsraili, Səudiyyə Ərəbistanını bu qruplaşmanı silahlandırmaqda ittiham etsə də, buna dəlil göstərməyib.

Təhlilçilər ötən il AzadlıqRadiosuna deyirdilər ki, qrupun əsas maliyyəsi Fars Körfəzi ölkələrində yaşayan varlı bəluclardan, narkotik qaçaqçılığından gəlir, 2021-ci ildən sonrakı Əfqanıstandan silahlar, "qara bazar" da qruplaşmaya dəstək olur

Müşahidəçilər "Ceyş əl-Ədl"in kriptovalyuta ianələri də yığmasına diqqət çəkirlər.

"Cundalla"nın varisi

"Ceyş əl-Ədl" ərəbcə "ədalət ordusu" deməkdir, 2012-ci ildə "Cundalla" bəluc hərbi təşkilatının varisi kimi təsis edilib.

2003-cü ildə formalaşan "Cundalla" İran təhlükəsizlik qüvvələrini bombalayır, silahlı hücumlar təşkil edirdi. Hökumətin sərt müdaxiləsi nəticəsində dağıdılıb. Lideri Abdulmalik Rigi 2010-cu ildə edam olunub.

Tehran "Ceyş əl-Ədl"in Pakistandan idarə olunduğunu bildirir, İslamabadı bu qrupa qarşı tədbir görməməkdə suçlayır. Pakistan isə iddianı rədd edir, qruplaşmanın onun torpağında mövcud olmadığını bildirir.

"Ceyş əl-Ədl" İranda və ABŞ-də terrorçu təşkilat kimi tanınır. AzadlıqRadiosu bu statusun yeni formalaşan "Xalq Müqavimət Cəbhəsi"nə aid olub-olmaması barədə Dövlət Departamentinə sorğu göndərib.

Elə təsis olunduğu gün qruplaşma İranın cənub-şərqi Sistan-Bəlucistan vilayətində SEPAH sərhəd postuna hücuma görə məsuliyyəti götürüb. Hücumda SEPAH-ın üç üzvü öldürülüb.

XS
SM
MD
LG