Həbsdə olan tədqiqatçı, "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun cərimə kamerasına (kars) salındığı və səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə sentyabrın 7-də Əbilovun Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Məlumata görə, İ.Əbilov bu il iyulun 9-dan 13-dək Bakı İstintaq Təcridxanasında cərimə kamerasında saxlandıqdan sonra iyulun 17-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə etap edilib və dərhal yenə cərimə kamerasına yerləşdirilib. Onun iyulun 17-dən avqustun 7-nə kimi orada tutulduğu vurğulanır: "Avqustun 7-də məhkəmə iclasında iştirak etmək üçün yenidən Bakı İstintaq Təcridxanasına etap edilən İqbal Əbilov avqustun 21-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Müəssisəyə yüksək hərarət və başgicəllənmə ilə çatdığı üçün bir neçə gün sanitar hissədə saxlanıb. Lakin hələ tam sağalmamış, avqustun 25-də yenidən karsa yerləşdirilib və 25 sentyabradək orada saxlanması nəzərdə tutulur".
Müdafiə tərəfinin açıqlamasına görə, İ.Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi gözlənilir.
Vurğulandığına görə, ardıcıl olaraq karsda saxlanması nəticəsində Əbilovun xroniki bronxiti kəskinləşib, tənəffüs problemləri və tutmalar daha da artıb. "Buna baxmayaraq, ona lazımi tibbi yardım göstərilmir. İqbal Əbilovun qapalı tipli həbsxanaya köçürülməsi onun həyatı, sağlamlığı və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurur", - komitə əlavə edib.
Bu açıqlamaya Penitensiar Xidmət və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma qurumdan, bir qayda olaraq, vurğulanır ki, cəzaçəkmə müəssisələrində məhkumlarla qanun çərçivəsində davranırlar.
15 iyul
Yaxınları: "İqbal Əbilov işgəncəyə məruz qalıb"
Həbsdə olan tədqiqatçı, "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qaldığı deyilir. Bu barədə bu gün, iyulun 13-də onun hüquqlarını Müdafiə Komitəsi və yaxınları məlumat yayıb.
Komitənin məlumatında vurğulanır ki, gənc alim “kars”da işgəncəyə məruz qalıb: “Onun qolları dəmir çarpayıya bağlanıb, bədəninin müxtəlif nahiyələrində göyərmələr və ağır xəsarətlər əmələ gəlib. İqbal Əbilovun karsa salınmasının səbəbi Yasamal Rayon Məhkəməsində üzərində istiqlal şairi Əli Nasirin "Millət öz başını itirən günü, qazanır yurdunun ölüm hökmünü" misraları yazılmış qısaqol köynəklə məhkəməyə çıxması olub”.
İyulun 7-də Yasamal Rayon Məhkəməsində İqbal Əbilovun bəzi (ATV kanalı, “Qafqazinfo” və daha bir neçə sayt) kütləvi informasiya vasitələrinə (KİV) qarşı qaldırdığı mülki iddia üzrə ilk məhkəmə iclası keçirilib. O hesab edir ki, həmin KİV-lərdə yayımlanan materiallarda onun təqsirsizlik prezumpsiyası pozulub, barəsində şərəf və ləyaqətini ləkələyən məlumatlar dərc edib.
İddiyaya sözügedən KİV-lərdən münasibət almaq mümkün olmayıb, Komitə onların ilk ilcasa nümayəndə göndərmədiyini bildirib. Üstəlik, komitənin və İqbal Əbilovun yaxınlarının onun işgəncəyə məruz qalması ilə bağlı açıqlamalarına da rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Amma rəsmilər bir qayda olaraq təcridxana və cəzaçəkmə müəssisələrində saxlanan şəxslərin işgəncəyə məruz qalmaları ilə bağlı iddiaları əsassız sayırlar.
Məhkəmələr olub
Komitə habelə bildirir ki, iyulun 13-də Qaradağ rayon Məhkəməsində, bir gün sonra isə Şirvan Şəhər Məhkəməsində İqbal Əbilovun şikayəti üzrə məhkəmə iclasları da keçirilib.
“Şikayət Umbakı Penitensiar Müəssisəsində İqbal Əbilovun iradəsi əleyhinə iki dəfə rentgen müayinəsindən keçirilməsi, buna etiraz etdiyinə görə fiziki zorakılığa məruz qalması və etnik mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qoyulması iddiaları ilə bağlı idi.”, Komitə ilk iclasla bağlı qeyd edir.
Müdafiə tərəfi bildiririr ki, prokurorluq bu iddiaları tam, obyektiv, hərtərəfli araşdırmayıb, bütün şahidləri dindirməyib, məhkəmə-tibbi ekspertizası təyin etməyib və hadisə ilə bağlı müşahidə kameralarının görüntülərini əldə etməyib.
Məhkəmə iclası qapalı keçirilib. Məhkəmə müdafiə tərəfinin şikayətini təmin etməyib və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qüvvədə saxlayıb.
Komitəsinin açıqlamasına görə, iyulun 14-də baxılan şikayətdə isə Əbilov bildirib ki, 2025-ci ilin oktyabrında Şirvan Şəhər Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində təhdid və təhqirlərə məruz qalıb, vəkili ilə əlaqə saxlamaq imkanından məhrum edilib, qeyri-insani şəraitdə saxlanılıb və məhkəmə iclaslarında əsassız olaraq qandallı vəziyyətdə iştirak etməyə məcbur edilib. Əbilov həmçinin bildirib ki, prokurorluq bu iddialarla bağlı səmərəli araşdırma aparmayıb.
Məhkəmə bu şikayəti də təmin etməyib. Qərardan apellyasiya şikayəti veriləcək.
Şikayətə ayrılıqda Daxili İşlər Nazirliyi və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.
Amma rəsmi qurumlar insanların etnik mənsubiyyətlərinə görə, ölkədə ayrseçkiliyə məruz qalmaları ilə bağlı iddiaları qəti təkzib edirlər.
10.07.2026
Komitə: İqbal Əbilov karsa salınıb
Həbsdə olan tədqiqatçı, "Talış Milli Akademiyasının xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun saxlanıldığı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına (kars) salındığı bildirilir.
İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yaydığı məlumata görə, iyulun 9-da tədqiqatçının ailə üzvləri ilə görüş günü olsa da, buna icazə verilməyib.
Komitədən vurğulandığına görə, valideynlər sənədləri təqdim etdikdən sonra təxminən bir saat gözlədilərək gərginlikdə saxlanılıblar. Ardınca isə heç bir əsaslı izahat verilmədən sənədlər geri qaytarılıb və gətirilən sovqat qəbul edilməyib: "Yaxınlarına onun yerinin dəyişdirildiyi bildirilib və "gələn həftə gəlin" deyilərək geri qaytarılıblar. Eyni zamanda, İqbal Əbilovun vəkili Fariz Namazlıya da onunla görüşməyə icazə verilməyib. Vəkilə İqbal Əbilovun karsa salındığı bildirilsə də, bunun konkret səbəbi açıqlanmayıb".
Komitə İqbal Əbilovun hüquqlarının kobud şəkildə pozulduğunu, onunla əlaqənin kəsildiyini və saxlanma şəraitinə dair məlumatların gizlədildiyini vurğulayaraq bundan narahatlığını ifadə edib.
Komitənin açıqlamasına cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
37 yaşlı İ.Əbilov həbs olunana qədər uşaqlıqdan ailəsi ilə birlikdə Belarusda yaşayıb və arabir Azərbaycana gəlib-gedib. O, sonuncu dəfə 2024-cü ilin iyununda əmisi oğlunun toyuna gəlib. Geri qayıdarkən hava limanında tədqiqatçıya ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları onu saxlayıblar.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu maddələr üzrə ona 18 il həbs cəzası verilib.
Əbilov özünü təqsirli bilmir. O, aşağı instansiya məhkəmələrindəki çıxışlarında həbsini talış xalqının tarixini və mədəniyyətini təbliğ etməsi ilə əlaqələndirib.
Azərbaycan rəsmiləri isə ölkədə milli ayrı-seçkiliklə bağlı iddiaları əsassız sayır, bütün etnik qruplara bərabər imkan və şərait yaradıldığını bəyan edirlər.