İyunun 11-də Ali Məhkəmədə dövlətə xəyanət ittihamı ilə iki ilə yaxındır həbsdə olan tədqiqatçı, "Talış Milli Akademiyası xəbərləri" jurnalının baş redaktoru İqbal Əbilovun şikayətinə baxılıb.
Hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə Əbilov ona Azərbaycan dilindən talış dilinə tərcüməçi təyin edilməsini istəyib. O vurğulayıb ki, təqsirləndirilən şəxs kimi anladığı dildə tərcüməçi ilə təmin olunmaq hüququna malikdir. Amma hakimlər kollegiyası bu vəsatəti rədd edib. Qərar onunla əsaslandırılıb ki, Əbilov Azərbaycan dilində həm danışa, həm də anlaya bilir, bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur.
Təqsirləndirilən tədqiqatçı bu qərara etiraz olaraq məhkəmədə çıxışdan imtina edib. O, ingilis dilində qısaca bunları deyib: "Mən bütün insanların, etnik qrupların və dillərin bərabərliyinə inanıram. Sizin talış dilindən tərcüməçi dəvət etməmək qərarınız göstərir ki, siz və təmsil etdiyiniz sistem ölkə vətəndaşlarının və xalqlarının bərabərliyinə inanmırsınız. Mənə qarşı açılan cinayət işi kimi, bu qərar da sistematik diskriminasiyadır. Buna etiraz olaraq, burada başqa çıxış etməyəcəyəm".
Vəkil: "Sübut-dəlil yoxdur"
Əbilovun vəkili Fariz Namazlı çıxışında bildirib ki, müvəkkilinə qarşı irəli sürülən dövlətə xəyanət, milli düşmənçiliyin salınması və dövlət əleyhinə çağırışlar ittihamları əsassızdır. Onun sözlərinə görə, cinayət işində sübut kimi göstərilənlərin heç biri etibarlı faktlara əsaslanmır.
Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, onların tapşırığı əsasında Azərbaycanda etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönəlmiş hərəkətlərdə, sosial şəbəkə hesablarında məqsədli materiallar paylaşmaqda ittiham olunur.
Vəkil isə deyir ki, cinayət işində müvəkkilinin xüsusi xidmət orqanının əməkdaşı ilə ünsiyyətdə olması, sosial şəbəkədə başqa adla profil işlətməsi və oradan çağırışlar etməsi yazılsa da, bunları təsdiq edən heç bir sübut və dəlil yoxdur.
Namazlı çıxışının yekununda cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib. Lakin Ali Məhkəmə Əbilovun 18 il azadlıqdan məhrum edilməsi barədə aşağı instansiya məhkəmələrinin hökm və qərarlarını dəyişməz saxlayıb.
Əbilovun yaxınları onun barəsindəki ittihamları siyasi motivli, Ali Məhkəmənin qərarını isə sifarişli hesab edir. Onlar AzadlıqRadiosuna bildiriblər ki, qərarı aldıqdan sonra Avropa Məhkəməsinə şikayət edəcəklər.
Xatırlatma
37 yaşlı İqbal Əbilov həbs olunana qədər uşaqlıqdan ailəsi ilə birlikdə Belarusda yaşayıb və arabir Azərbaycana gəlib-gedib. O, sonuncu dəfə 2024-cü ilin iyulunda əmisi oğlunun toyuna gəlib. Geri qayıdarkən hava limanında saxlanılan tədqiqatçıya ölkədən çıxışına qadağa qoyulduğu bildirilib. Bir neçə gün sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü (milli, irqi, dini düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu maddələr üzrə ona 18 il həbs cəzası kəsilib.
Əbilov özünü təqsirli bilmir. O, aşağı instansiya məhkəmələrində çıxışında həbsini talış xalqının tarixini və mədəniyyətini təbliğ etməsi ilə əlaqələndirib.
Azərbaycan rəsmiləri isə ölkədə milli ayrıseçkiliklə bağlı iddiaları əsassız sayır, bütün etnik qruplara bərabər imkan və şərait yaradıldığını bəyan edirlər.