Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:01

Həbsdəki jurnalistin şəxsi işinə belə bir qeyd yazıblar...


Cəlilabaddan olan jurnalist Əfqan Sadıqov

“Əfqan Sadıqov təcridxanaya gətirildiyi gündən qaydaları pozur, hakimiyyət əleyhinə təbliğat aparır, məmurları təhqir edir, dustaqları rəhbərliyin üstünə qaldırır. Gələn gündən intihara meyllidir”.

Həbsdə olan jurnalist, “azel.tv“ saytının baş redaktoru Əfqan Sadıqovun şəxsi işinin üzərinə belə qeyd edildiyi bildirilir.

Bu haqda jurnalistin özü görüşdüyü yaxınları vasitəsilə məlumat yayıb. Ə.Sadıqov şəxsi işinə edilən qeydin onun həyatına təhlükə məzmunu daşıdığını düşünür.

Buna da bax:​ Cəlilabadlı jurnalistin məhkəməsi - işdə yeni məqamlar

Yenə intihar?

Hüquq müdafiəçisi Oktay Gülaliyev də açıqlama yayaraq bu məsələdən narahatlığını ifadə edib:

“Mehman Qələndərovun müəmmalı ölümündən sonra həbsxanada növbəti siyasi məhbusun "intiharı" xəbəri yayılacağından narahatlıq var”.

Bu gün, mayın 16-da onun vəkili Elçin Sadıqov Şüvəlanda jurnalistin saxlandığı 3 saylı İstintaq Təcridxanasında olub, onun durumu ilə maraqlanıb.

Vəkil AzadlıqRadiosu-na deyib ki, jurnalistin ümumi durumu yaxşıdır. Ancaq şəxsi işinin üzərinə edilmiş qeyddən ciddi narahat olub.

Buna da bax: Jurnalist məhkəməsində şərləndiyini açıqlayıb

“Əfqan Sadıqov bildirdi ki, heç vaxt intiharı ağlına belə gətirməyib. Onun şəxsi işinə "intihara meyllidir" qeydi 1 saylı Bakı İstintaq Təcridxanasında yazılıb. O, bildirir ki, bu qeyd onu intihar adı ilə aradan götürmək məqsədilə də edilə bilərdi"„ - deyən vəkil bir müddət öncə bloqqer Mehman Qələndərovun müəmmalı ölümünü xatırladaraq Ə.Sadıqovun narahatlığının başa düşülən olduğunu vurğulayıb.

Təcridxana rəhbərliyi jurnalistlə görüşüb.

Vəkilin bildirməsinə görə, Ə.Sadıqovun ictimai açıqlamasının ardınca mayın 16-da 3 saylı İstintaq Təcridxanasının rəhbərliyi də jurnalistlə görüşüblər.

“Ə.Sadıqov öz narazılıqlarını bilavasitə rəisin də diqqətinə çatdırıb“, vəkil deyib.

Buna da bax:​ Həbsdəki jurnalistin başında ağrılar var

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və 1 saylı Bakı İstintaq Təcridxanasından həbsdəki jurnalistin açıqlamasını, hələlik, münasibət almaq mümkün olmayıb. Gün ərzində cəhdlər edilsə də sözü gedən qurumların rəsmilərindən açıqlama almaq baş tutmayıb.

“azel.tv” saytının təsisçisi və redaktoru Ə.Sadıqov ötən il noyabrın 22-də saxlanmışdı. Ona CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İttiham icra hakimiyyətinin xanım işçilərindən biri ilə bağlı idi. İddia edilirdi ki, ötən ilin avqustunda jurnalistlə həmin xanım arasında insident baş verib. Jurnalistin xanıma yönəlik xuliqanlıq əməlinə yol verdiyi, ona xəsarət yetirdiyi iddia olunur.

Buna da bax: 'Sərhədsiz Reportyorlar' Əfqan Sadıqova azadlıq istəyir

Rayon məhkəməsindəki proses zamanı jurnalist və onun müdafiəçiləri ittihamın qurama olduğunu açıqlamışdılar. Məhkəmə prosesi zamanı insidentin baş verdiyi icra hakimiyyəti binasındakı müşahidə kameralarının görüntüləri də istənilmişdi. Ancaq məhkəmə bunu təmin etməmişdi.

Cəlilabad Rayon Məhkəməsi ittihamı təsdiqləmiş, yanvarın 12-də Ə.Sadıqovu 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmişdi. Hazırda jurnalistin apellyasiya şikayətinə baxılır.

Ə.Sadıqovun adı hüquq müdafiəçilərinin tərtib etdiyi «siyasi məhbus» siyahısına daxil edilib.

Xatırlatma

Bloqqer M.Qələndərov isə bu ilin fevralında həbs edilmişdi. O, narkotikdə ittiham edilirdi.

Buna da bax:​ Jurnalistin son sözündən: 'Peşmanam. Ona görə ki...'

O, saxlanmazdan bir neçə saat əvvəl Facebook səhifəsində hazırda həbsdə olan gənc fəallar Qiyas İbrahimovu və Bayram Məmmədovu müdafiə edən status paylaşmışdı. Bakıda və Tbilisidə hakimiyyət əleyhinə keçirilən aksiyaların fəal iştirakçısı olub.

Bu il aprelin 28-də isə Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanada müəmmalı şəkildə vəfat edib. Hüquq müdafiəçiləri onun işgəncələrə məruz qaldığını düşünürlər. Ancaq Ədliyyə Nazirliyinin yaydığı açıqlamada onun intihar etdiyi bildirilib. Üstəlik, müayinə nəticəsində bloqqerə heç bir işgəncə verilmədiyinin müəyyən edildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG